Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsi anılacaq

MƏDƏNİYYƏT
1 Noyabr
12:34

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzinin təşkilatçılığı ilə noyabrın 3-də Muzey Mərkəzində Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcək.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, tədbir Azərbaycan təsviri sənətinin inkişafına layiqli töhfələr vermiş rəssamın zəngin irsini, yaradıcılığını, həyat və sənət fəaliyyətini geniş təbliğ etmək, onun əziz xatirəsini yad etmək məqsədilə reallaşacaq.

Böyükağa Mirzəzadə çoxsaylı dəzgah rəngkarlığı, qrafika, səhnəqrafiya əsərlərinin müəllifi olub. Onun yaradıcılığına Avropa rəngkarlığının, Azərbaycan milli sənətinin ənənələri təsir göstərib.

O, Azərbaycan təbiət mənzərələrini, ölkəmizin mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləyib, teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib.

Rəssamın fəaliyyəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olmuş və o, dövrünün yüksək orden və medalları, fəxri adları ilə təltif olunmuşdur.

Tədbirin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

"Xalq qəzeti"

MƏDƏNİYYƏT bölməsi