Türkiyə və ABŞ-ın müdafiə nazirləri Brüsseldə görüşüblər

XARİCİ XƏBƏRLƏR
23 Oktyabr
00:47

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və Pentaqonun şefi Lloyd Austin NATO-nun Brüsseldə yerləşən mənzil qərargahında qısa görüş keçiriblər. Nazirlər “Böyük iyirmilər”in Romada keçiriləcək sammitində Türkiyə və ABŞ liderləri arasında müzakirələrin səmərəliliyinə dəstək məqsədilə iki ölkənin müdafiə qurumları üzrə məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu bildiriblər.

 

“Anadolu” agentliyinin bu barədə yaydığı məlumatda sonra qeyd edilir ki, Hulu­si Akar Brüsseldə Böyük Britaniyadan olan həmkarı Ben Uolles ilə də görüşərək, onunla hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.

Xatırladaq ki, bu il oktyabr ayının 21-22 tarixlərində Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin növbəti görüşü keçirilib. Tədbirdə Avropa qitəsində, eləcə də beynəlxalq arenada təhlükəsizliyin təmin edilməsi sahəsində qurumun qarşısın­da duran mühüm məsələlər geniş müzakirə olunub.

NATO-nun Baş katibi tədbir barədə jurnalistlərə açıqlama verərkən deyib ki, görüşdə, ilk növbədə Ru­siyanın yeni nüvə silahları ilə bağlı təhdidlərinə qarşı birgə adekvat tədbirlərin görülməsinin vacibliyi nəzərdən keçirilib. NATO rəhbərliyi Ukraynanın şərqində Rusiyapərəst qüvvələrlə Ukrayna hərbçiləri arasında silahlı münaqişənin hər an yenidən alovlana biləcəyindən də narahatdır.

Baş katibin sözlərinə görə, tədbirdə, həmçinin quru­mun Əfqanıstandakı 20 illik mövcudluğu zamanı gərgin fəaliyyətinin nəticələri və dərsləri də diqqət mərkəzində olub.

Yens Stoltenberq Əfqanıstanda mövcud vəziyyətlə bağlı da öz fikrini bildirib. Deyib ki, Taliban hərəkatının başçıları radi­kal terror qruplaşmalarının bu ölkədə cəmləşməsinin qarşısını alacaqları barədə vədlərinə əməl etməlidirlər. Əks təqdirdə, NATO və onun müttəfiqləri tərəfindən bütün zəruri addımlar atılacaq.

M.HACIXANLI, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi