Moskvada “Taliban” təmsilçiləri ilə dördtərəfli görüş

XARİCİ XƏBƏRLƏR
23 Oktyabr
00:44

 

 

Moskvada “Taliban” hərəkatının nümayəndə heyəti ilə Rusiya, Çin və Pakistanın xüsusi təmsilçiləri arasında Əfqanıstanla bağlı görüş başa çatıb. Bu barədə Əfqanıstan XİN-in mətbuat katibi Abdul Qəhər Bəlhiyə istinadən TASS məlumat yayıb.

Bəlhi özünün “Twitter”ində yazıb: “Dünən Moskva formatında Əfqanıstanla bağlı məsləhətləşmələr başa çatdıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yüksəksəviyyəli nümayəndə heyəti əfqan hökuməti başçı­sının müavini mövləvi Abdul Salam Hənəfinin sədrliyi ilə dördtərəfli toplantıda iştirak etdi. Danışıqlara Rusiya, Çin və Pakistanın xüsusi nümayəndələri qatılmışdı”.

Məlumata görə, danışıq­larda Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabu­lov, Pakistan hökumətinin Kabildəki xüsusi təmsilçisi Məhəmməd Sadiq Xan, Çin Xalq Respublikasının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yue Syao­yun, eləcə də Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov iştirak ediblər.

Məlumatda daha sonra bildirilir: “Üç tərəf Əfqanıstanın yeni hökuməti ilə əməkdaşlığı davam etdirməyi və Əfqanıstan Mərkəzi Bankının dövlət ehtiyatlarının açılması­na nail olmaq üçün birgə işləməyi vəd edib. Onlar Əfqanıstanda təhlükəsizlik sahəsindəki vəziyyətdən məmnunluqlarını ifadə edib, yeni Nazirlər Kabinetinin bu­nunla bağlı səylərini yüksək qiymətləndiriblər”.

Qeyd edək ki, Rusiyanın paytaxtında Əfqanıstanla bağlı Moskva formatında üçüncü iclas baş tutub. Bu format 2017-ci ildə Rusi­ya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistan xüsusi nümayəndələrinin altıtərəfli məsləhət mexanizmi əsasında yaradılıb.

Moskva görüşü­nün nəticələri ilə bağlı Rusiya XİN-in yaydığı məlumatda isə bildirilir ki, məsləhətləşmələrdə işti­rak edənlər Əfqanıstanda inklüziv hökumətin formalaş­dırılmasının vacibliyini qeyd ediblər.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi