Təqaüddə olan əsgərlər Qvatemaladakı konqres binasına hücum ediblər

XARİCİ XƏBƏRLƏR
21 Oktyabr
02:11

 

 

Mərkəzi Amerika ölkəsi Qvatemalada vətəndaş müharibəsi illərində xidmət etdikləri dövr üçün hökumətdən təzminat tələb edən yüzlərlə təqaüdçü əsgər konqres binasına hücum edərək təhlükəsizlik qüvvələri ilə toqquşub.

Ölkə mediasının apa­rıcı nəşrlərindən sayılan “La Prensa”nın yaydığı məlumata görə, paytaxtın tarixi mərkəzində toplaşan təqaüdçü əsgərlərin başladığı yürüş günün ikinci yarısında polislə toqquşmaya çevrilib. Nümayişçilərə qarşı göz­yaşardıcı qaz və su şırnağı istifadə edilməsinə baxma­yaraq bir qrup fəal Konqresin giriş qapılarını sındıraraq binaya daxil olublar. Konqres binasını iki saat zəbt edən nümayişçilər, bəzi millət vəkillərinin ofislərini, eləcə də avtomobilləri yandırıblar.

Bununla bağlı millət vəkili Carlos Barreda öz Twitter hesabında konqresdə qalan həmkarlarının olduğunu və təhlükəsizlik qüvvələrinin təcili müdaxiləsinin vacibli­yini qeyd edib. Daha sonra ölkənin Daxili İşlər Nazirliyi konqresdə qalan bütün personalın təxliyə edildiyini açıqlayıb. Bəzi etirazçıların saxlanıldığını açıqlayan nazirlik fəallardan qanuna hörmət etmələrinin vacib olduğunu bildirib.

Qeyd edək ki, 1960-1996- cı illər vətəndaş müharibəsi zamanı Qvatemalada xidmət edən təqaüdçü əsgərlər, onlara maddi təzminat verən qanun layihəsinin Konqresdə qəbul edilməsini tələb edirlər.

Xatırladaq ki, Qvatema­lada vətəndaş müharibəsi qurbanları, dul qadınlar və yetimlər üçün təzminat qanunu var, lakin bu qanun silahlı qüvvələrin üzvlərini əhatə etmir. Rəsmi rəqəmlərə görə, vətəndaş müharibəsi zamanı 300 min əsgər xidmət etmişdi.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi