Bakı Şəhəri üzrə Təhsil İdarəsində qiymətləndirmə mövzusunda görüş keçirilib

TƏHSİL
15 Oktyabr
12:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) ibtidai təhsil səviyyəsində qiymətləndirmə mövzusuna dair görüş keçirilib.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşdə Fransanın DELF imtahanı üzrə yüksəkixtisaslı eksperti, Bakı şəhərində yerləşən "SABIS SUN" beynəlxalq məktəbinin ingilis dili müəllimi Keti Revl, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə və Təlimə Dəstək Mərkəzinin metodistləri iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatını təkmilləşdirmək, müvafiq Avropa təcrübəsini bölüşmək, Azərbaycan məktəblərində qiymətləndirmə metodikası və qaydalarının təkmilləşdirilməsinə kömək göstərməkdən ibarətdir.

Ekspert, beynəlxalq məktəbin ingilis dili müəllimi Keti Revl görüş zamanı ibtidai təhsil səviyyəsində qiymətləndirmə mövzusuna dair təqdimatla çıxış edib.

Tədbir iştirakçıları məktəbdaxili qiymətləndirmənin yeni yanaşma və tədqiqatları, formativ, summativ və yekun qiymətləndirmənin tətbiqi, qiymətləndirmə sahəsi üzrə testlərin hazırlanması, özünüqiymətləndirmə, məktəbdaxili qiymətləndirmədə açıq sualların əhəmiyyəti kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.

Görüşdə Azərbaycanın və Fransanın ümumi təhsil məktəblərində ibtidai siniflər üzrə təhsil proqramları və qiymətləndirmə standartları müzakirə edilib, fikir mübadiləsi aparılıb.

TƏHSİL bölməsi