Milena Nəbiyevanın “Payızımın çalarları” fərdi sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında Milena Nəbiyevanın “Payızımın çalarları” adlı ikinci fərdi sərgisi keçirilir.
Sərgi çərçivəsində müəllifin 60-dan çox rəsm əsəri nümayiş etdirilir. Milena Nəbiyevaya özünün yaradıcılıq üslubunu tapmağa, bədii icra imkanlarını bir qədər genişləndirməyə imkan verən dekorativ-tətbiqi sənət sahəsi kömək etmişdir. Qeyd etmək lazımdır ki, Muzey Mərkəzinin Sərgi Qalereyasının rahat zalları rəssamın sözlərinə görə, ona o qədər doğma olmuşdur ki, ikinci fərdi sərginin keçirilməsi üçün yer seçimi artıq əvvəlcədən bəlli idi. 2017-ci ilin fevralında sənətə dəyər verənlər, tənqidçilər və sənət həvəskarları artıq Ankara və Sankt-Peterburqda keçirilən sərgilərdə iştirak etməyə müvəffəq olmuş, böyük sənət yolunda ilk addımlarını atan rəssamın yaradıcılıq “palitrası” ilə tanış olmaq imkanı əldə etmişdilər. O zaman, soyuq fevral günlərində onun rəsm əsərləri tamaşaçılara parlaq yayın dadını və ya payız təmtərağının zənginliyini bəxş edərək, boyaların parlaqlığı və onların Sarovski kristallarının parıltısı ilə birləşməsi hesabına Muzey Mərkəzinin Sərgi Qalereyasının zallarını, sözün əsl mənasında isitmiş və al-əlvan rənglərə boyamışdı...
“Payızımın çalarları” adlı sərgi sanki rəssam və onun tamaşaçısı arasında il yarım bundan əvvəl başlanmış dialoqun davamıdır. Bu layihə çərçivəsində Milena Nəbiyevanın əsərləri artıq müəllifin şəxsi inkişafının müəyyən mənada yenidən qiymətləndirilməsi kimi görünür.
Sərginin ideyasının əsasında ilin fəsillərinin dəyişməsinə insanın münasibəti əks etdirən fəlsəfə durur. Rəssamın özü qeyd edir ki, “Mənim fikrimcə, biz özümüzü qışdan sonra başlayan yaz kimi, payızın yayı əvəz etdiyi kimi, dövriliklə dərk edirik. Bu ildən ilə belə davam edir, ona görə ki, idrak və dərk etmə prosesi bizim bütün həyatımız boyunca dayana bilməz və dayanmamalıdır. Əks halda, insanın onu əhatə edən dünyanın bütün gözəlliklərini hiss etmədiyi “ruhun və ürəyin ölümü” başlayır. Bu xüsusilə də yaradıcılıq yolunu seçmiş insanlara aiddir. Mən həyatın zəfərini və onun dərk edilməsinin sonsuz xoşbəxtliyin əsərlərində tərənnüm etməyə çalışmışam ki, bunlar da “Mənim payızımın çalarları”nda öz əksini tapmışdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”