Universitetlər arasında qabaqcıl təcrübə mübadiləsi müzakirə edilir

TƏHSİL
14 Aprel
08:57

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığı genişləndirmək və qabaqcıl təcrübə mübadiləsi əsasında ali təhsildə innovasiyaları tətbiq etmək, keyfiyyət təminatı və institusional inkişafı təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ali təhsil müəssisələri ilə onlayn müzakirələrə başlayıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ADA Universiteti ilə keçirilmiş seminarlar səmərəli şəkildə yekunlaşıb.

2021-ci ilin fevral – mart aylarında ATMU və UNEC-in əməkdaşları arasında “Keyfiyyət təminatı sisteminin fəaliyyəti”, “Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi”, “Elektron kitabxana sistemi”, “Təhsilin elektron idarə edilməsi sistemlərinin tətbiqi” və digər mözvulara həsr olunmuş onlayn görüşlər keçirilib. Rektorlar İlham Mədətov və Ədalət Muradovun birgə razılığı ilə universitetlərin nümayəndələri ali təhsildə keyfiyyətin idarə edilməsi sahəsindəki təcrübələrini hərtərəfli öyrənmək imkanı əldə ediblər. Martın 31-də “Blackboard Collaborate” tətbiqi üzərindən Dövlət Turizm Agentliyinin nümayəndəsinin də iştirakı ilə ADA Universiteti və ATMU-nun əməkdaşları arasında təhsilin idarəedilməsi mövzusunda məlumatlandırma sessiyası aparılıb. Görüşlər zamanı müzakirə olunmuş mövzulara əlavə olaraq ADA Universitetinin nümayəndələri “ADA kampus mədəniyyətinin formalaşması və elementləri”, “Tədrisin ingilis dilində təşkili ilə bağlı təcrübə (qanunvericiliklə uzlaşma)” və “Fakültələrin idarəetmə sistemləri və idarəetmənin optimallaşması” sahələrində təcrübələrini və bu ali təhsil müəssisəsində aparılan islahatlar haqqında görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi aparıblar.
Qeyd olunmalıdır ki, ATMU yerli universitetlər arasında qabaqcıl təcrübələrin mübadiləsi istiqamətində müzakirələrin ənənəyə çevrilməsini zəruri hesab edir və bu sahədə fəaliyyətləri davamlı olaraq dəstəkləyəcəyini bildirir.
 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

TƏHSİL bölməsi