E.Blinken xəbərdarlıq edib

XARİCİ XƏBƏRLƏR
13 Aprel
03:04

Birləşmiş Ştatlar Moskvanın Ukrayna sərhədinə hərbi qüvvə cəmləşdirildiyi ilə bağlı narahatlıqlar fonunda Rusiyanın Ukraynaya qarşı “ehtiyatsız və aqressiv hərəkət etdiyi” təqdirdə bunun “nəticələri” ilə qarşılaşacağına dair xəbərdarlıq edib.

“Prezident Bayden bunu çox aydın şəkildə bildirib.

Əgər Rusiya ehtiyatsız və aqressiv hərəkət etsə, bunun bədəli olacaq, bunun nəticələri olacaq”,- deyə ABŞ-ın dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibədə bildirib. Son zamanlar Ukrayna hökumət qüvvələri və ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılar arasında artilleriya atəşlərinin intensivləşdiyi müşahidə olunur.

Bununla yanaşı, Rusiyanın öz hərbi qüvvələrini Ukrayna sərhədləri və Rusiyanın ilhaq etdiyi Krım istiqamətində cəmləşdirdiyi bildirilir. Rəsmi Kreml hərbi qüvvələrini geri çəkmək çağırışlarını rədd edərək, bunun təhlükə yaratdığını inkar edib və hərbi qüvvələrin Rusiya daxilində hərəkətinin suveren, daxili məsələ olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov bu il aprelin 11-də “heç kəsin müharibəyə getməyi planlaşdırmadığını” bildirib, lakin Moskvanın Ukraynanın şərqində yaşayan rusdilli əhalinin taleyinə “laqeyd qalmayacağını” əlavə edib.

Britaniyanın xarici işlər naziri Dominik Raab aprelin 11-də London və Vaşinqtonun “Rusiyanın Ukraynada sabitliyin pozulması kampaniyasına qətiyyətlə etiraz etdiyini” bildirib və Rusiyanı vəziyyəti gərginləşdiməməyə çağırıb. Raab öz Twitter səhifəsində belə yazıb: “Dövlət katibi Blinken və mən razılaşdıq ki, Rusiya gərginliyi dərhal azaltmalıdır və ATƏT-də imzaladığı beynəlxalq öhdəlikləri yerinə yetirməlidir”.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi