Azərbaycan dövlətinin humanist siyasəti dərin məmnunluq hissi doğurur

XƏBƏRLƏR
20 Mart
01:30

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik daxili və siyasəti dövlətimizin milli maraqlarına, əhalinin maddi rifah və güzəranın davamlı olaraq yaxşılaşdırılmasına, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının etibarlı surətdə qorunmasına xidmət edir. Azərbaycan iqtidarı öz siyasətində, eyni zamanda sosial ədalət və humanizm prinsiplərinə böyük önəm verir ki, bu da əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin rəğbət və məmnunluqla qarşılanır.

 

Bir ziyalı olaraq mən dövlətimizin başçısının cəmiyyətdə sosial ədalət və milli harmoniyanın, dövlətlə xalq arasında qarşılıqlı inam və etimadın gücləndirilməsinə yönələn siyasətindən çox razıyam. Tarixdə yalnız böyük şəxsiyyətlər xalqın dərin rəğbətini qazanan belə uğurlu siyasət yürüdə biliblər. Cənab İlham ƏIliyev məhz belə tarixi şəxsiyyətlərdəndir!
Bu il martın 18-də Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dövlətimizin başçısının humanist siyasətinin növbəti bariz göstəricidir. Bu xəbər hamı kimi, məni də çox sevindirdi. Düşünürəm ki, xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı ərəfəsində əfv sərəncamını imzalamaqla, möhtərəm Prezidentimiz yüzlərlə ailənin sevincinə səbəb oldu.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Lakin sərəncam daha çox şəxsə – 625 nəfərə şamil edilib. Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.
Hesab edirəm ki, ölkəmizdə vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, müstəqil Azərbaycanda bu humanist aksiyaların əsası dahi siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə çoxsaylı əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib.
Ulu öndərin bu müdrik siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. İnanıram ki, cənab Prezidentin məhbuslara bəxş etdiyi bu azadlığı onların hər biri layiqincə qiymətləndirəcək və özünün pozitiv, qanunauyğun hərəkətləri ilə həm sevdiklərini, həm də ətrafdakı insanları sevindirəcəklər.
Sonda belə bir məqamı bir daha vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan xalqı öz qədim tarixinin ən xoşbəxt günlərini yaşayır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu yağı düşmən üzərində parlaq qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir. Bu tarixi Zəfər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, Ordumuzun əsgər və zabitlərinin rəşadəti sayəsində mümkün olmuşdur. Qoy bundan sonra xalqımıza yalnız uğurlar və qələbələr nəsib olsun!
 

Minaxanım ƏSƏDLİ,
Azərbaycan Turizm və Menecment Universitetinin professoru

XƏBƏRLƏR bölməsi