Zülmün ərşə dayandığı gecə...

XOCALI
26 Fevral
01:10

1992-ci il fevralın 25-dən
26-na keçən gecə...
Göy üzünün al qana qərq olduğu, zamanın, vaxtın dayandığı, insanlığın məhv edildiyi gecə...
Vəhşətin, dəhşətin, barbarlığın, vandallığın, zülmün, zülmətin yaşandığı gecə...
Kar, kor, lal...dünyanın gözü qarşısında növbəti insanlıq dramının, növbəti Holokostun, növbəti Xatının... yaşandığı, yaşadıldığı, zülmün ərşə dayandığı, ah-nalələrin göylərə bülənd olduğu gecə...
Murdar və alçaq, insanlıqdan nəsibini almamış, qandan bəslənmiş ermənilərin, onların şimallı, cənublu, qərbli, şərqli qanlı, məkrli havadarlarının azərbaycanlılara, Azərbaycan türklərinə, Xocalıya və xocalılara qarşı amansız qətliamı, soyqrımı aktı...
Bütöv bir şəhərin yerlə-yeksan, yox edildiyi, yüzlərlə günahsız insanın amansızcasına, qəddarcasına, şərəfsizcəsinə qətlə yetirildiyi, süngüyə keçirildiyi, yüzlərlə insanın şikəst, əlil, zəlil edildiyi, əsir-girov götürüldüyü, onlarca insanın itkin düşdüyü, sözün hər mənasında, qarlı-boranlı, sazaqlı bir qış gecəsi, Xocalı soyqırımı, Xocalı qətliamı...
İndi də o gecəni, o günü xatırlayarkən, insanın bədənindən dəhşətli bir sızıltı, gizilti keçir... Sızlamamaq, dəhşətə gəlməmək mümkün deyil...
Necə də sızlamayasan, necə də dəhşətə gəlməyəsən, necə də həyacanlanmayasan, qəzəblənməyəsən, kükrəməyəsən?!
Xocalı bütövlükdə insanlığın faciəsi, üz qarası, qara ləkəsidir!
Həmin gecəni çox yaxşı xatırlayıram. Hadisələr Azərbaycan xalqından cidd-cəhdlə gizlədilirdi. Dəqiq informasiya ala bilmirdik. Bakıya bir-birini təkzib edən xəbərlər gəlirdi... Böyük həyəcan və qəzəb içərisində idik. Qulaqlarımız xarici radiodalğalara kilidlənmişdi. Xocalımızdan xəbər almaq istəyirdik... Aldığımız xəbərlər çox üzücü idi... Dözüləsi, çəkiləsi kimi deyildi... Xatırlayıram, uşaqların, qocaların, qadınların, əliyalın insanların ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiklərini öyrəndikdən və bunun, çox təəssüf olsun ki, həqiqət olduğunu bildikdən sonra anam – tanınmış şair Nurəngiz xanım (Gün) gözündən sel kimi yağan yaşlarla kağıza həmin gecənin vəhşətlərini, dəhşətlərini həkk etməyə başladı... Sonradan “Xocalı simfoniyası” poemasına çevrilən misralarla anam həmin gecə yox olan, yox edilən Xocalımıza sanki ağı deyir, bayatı oxuyur, laylay çalırdı...
Bəli, cahan!
O torpağın adı Məlul Xocalı!
Çəpəri qalın çəkilib…
Hərdən soruşuram Ondan xəyalən:
“ –Xocam!.. Məğlubum, necəsən?
Yoxsa dağ çəkdi sinənə, tarixi dilənçi –
Bəd qonşu? –
Drammatik “Yazıq erməni” ilə
məşhur qırmızı qospodin ? –
Sən nələrə qadirmişsən
Köhnə sovet humanisti? –
Moto-atıcı daşıyan
kütləvi qırğın maşını? –
“Möhtəşəm “bir alay!!!
Ax, mənhus düşüncə!
Necə yəni, Allah yaradanı sən,
Bir gecədə yox edəsən?!
Əhsən, ey insan, əhsən,
Sən bu antik işinlə
Xirosima dəhşəti, Xatın faciəsini
Çox-çox arxada qoydun!
Bəs əsiri-yesirlər? Bir deyil, on deyil,
min-mindir, yüz mindir əsirlər!
Sarsılan, əzilən həyatlar
yüz min, yüz min,
yüz min, yüz min…yüz mindir!
İnsanlıq həmin gün Xocalıda uduzdu, imtahandan keçə bilmədi, sınaqdan üzüağ çıxmağı bacarmadı, qəddarlığa, barbarlığa, vandallığa məhv edildi, uduzduruldu...
Koçaryanlar, sarkisyanlar, ohanyanlar, balayanlar... neçə-neçə qanlı “yanlar” hələ də azadlıqda qaldıqca, məhşər ayağına çəkilmədikcə, hələ də qanlı cinayətkarlıq əməllərinə görə Haqq divanında əyləşmədikcə və layiqli cəzalarına çatdırılmadıqca..., insanlıq üzərinə düşmüş qara ləkəni üstündən silmiş sayıla bilməz. Dünya insan haqları və hüquqlarının aliliyindən danışa, dəm vura bilməz!
Haqqı yoxdur, haqları yoxdur danışmağa, şəstlə gəzməyə. O gün ki, Xocalı soyqırımı dünya tərəfindən layiq olduğu qiymətini alacaq, o gün ki, Xocalı qətliamçıları Haqq divanında əyləşdiriləcək və layiqli cəzalarına çatdrılacaq, məhz o vaxt, o gün də insanlıq xəcalətdən, üzərindəki qara ləkədən qurtulacaq. Şair Nurəngiz Günün dediyi kimi :
Cavabdehsiz!
Cavabdehsiz, cavabdehsiz,
Cavabdehsiz, belində hərb gəzdirən
Cahanşümul şümürlər!
Müntəzirsiz cavaba, cahan göreşənləri!
Dünyanı bazar bilən
Müstəsna “Alış-veriş əmiləri!”…
Ah, göyərçin balaları neylədiz?
Neylədiz, Nəfəsləri? Əmilər!..
Hanı səslərrr?!!....
Heç girirmi yuxunuza
sönən işıqlar, həyatlar,
lal baxan ləpirlər…
Üşüdürmü Sizləri hərdənbir
xərək-xərək ölülər?
Təbəssümü qəfil kirimiş olan
Uşaqların məzlum pıçıltıları?
Bəli, ötən illər ərzində Xocalı həqiqətlərinin dünyaya çatdırılması, öz ədalətli qiymətini alması istiqamətində böyük addımlar atıldı və bu gün də atılmaqdadır.
Həm ölkə Prezidenti, qalib sərkərdə cənab İlham Əliyev, həm Birinci vitse-prezident Mehriban xanım Əliyeva, həm də Heydər Əliyev Fondu və fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən Xocalı qətliamının soyqırımı aktı kimi qəbul edilməsi, tanıdılması istiqamətində böyük məsafə aşılmışdır.
Xüsusilə də, “Xocalıya ədalət!” kampaniyası nəticəsində dünya artıq Xocalı həqiqətlərini anlamaqda, dərk və etiraf etməkdədir.
Heç təsadüfi deyil ki, artıq bir necə beynəlxalq qurum, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı, həmçinin, bir neçə dövlət və onun parlamentləri tərəfindən Xocalı qətliamı soyqırımı kimi tanınmış və qəbul edilmişdir.
Bu istiqamətdə görülən işlərdə Milli Məclisin rolu və iştirakı da az deyil. Parlamentimiz və parlamentarilərimiz də əməkdaşlıq etdikləri qurum və ölkələrlə təmaslarda bütün müstəvilərdə Xocalı həqiqətlərini dilə gətirir, diqqətlərə çatdırır, onun etiraf olunmasına və tanınmasına çalışırlar. Amma hələ də görüləcək işlər, gediləcək böyük yol var. Xocalı qətliamının bütövlükdə soyqırımı aktı kimi dünya tərəfindən qəbul edilməsinə qədər, dayanmadan həqiqətlərimizi yaymalıyıq.
Müqəddəs və tarixi 44 günlük İkinci Vətən müharibəsi, möhtəşəm qələbə nəticəsində Qarabağımız artıq bizimdir, yurdumuz murdar düşmən tapdağından azad edilmişdir! Qürurluyuq, inanırıq və qəti əminik ki, Xocalımız da ən qısa zamanda özünün əsl sahibləri ilə xocalılılarla görüşəcəkdir. Biz Xocalını da bütövlükdə qurub-yaradacaq, yenidən Qarabağımızın ayrılmaz, dilbər guşəsinə çevirəcəyik! Bax o zaman, Xocalı şəhidlərimizin didərgin ruhları rahatlıq tapmış, sevinmiş olacaq! Nurəngiz xanımın dediyi kimi :
Ah, yetim baxır nəbatat...
O küknar hələ də ağlayır...
Yonur tökür saçlarını yoncalar,
o balaca qız üçün.
Çöl boyu qaçışan
oynayan uşaqlarçün
Darıxır yoncalar, ağaclar!
Bu ayrılıq felinə sizsiniz günahkar,
Bəşəri zalımlar!
Əl çəkin! Qırın hərbin belini!
Dağıdın təbilini siz onun!
Doğrayın müharibə sözünü,
Siliniz lüğətlərdən!
İnsanı düşünün! Ürəksiz məliklər!
Dünya kələkbazları!
Düşününnn!..
Dünya yalnız sizin deyil!
Düşünün!!!
Düşünməyə çox dəyər!..
Canım Xocalım! Yaralarını sarmağa, dərdlərinə məlhəm olmağa gəlirik! Bizi gözlə! Övladlarını gözlə! Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsi sədrinin müavini, filologiya elmləri doktoru, professor

XOCALI bölməsi