Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir

XOCALI
26 Fevral
14:14

XX əsrin sonunda sivil dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımı indiyədək bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Tarixin yaddaşından heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrlə bir sırada duran Xocalı faciəsi Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağda azərbaycanlıların məhvinə yönəldilmiş tarixi ssenarinin yeni mərhələsi, genosid aktıdır.

2018-ci ildə Xocalı soyqırımının tarixi, siyasi, hüquqi, psxoloji məqamlarını özündə ehtiva edən ssenari müəllifi, rejissoru və prodüsseri olduğum “ Cəzasız cinayət” sənədli filminin çəkilişi zamanı, bir aydan çox müddətdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Xocalı cinayət işi üzrə istintaq qrupunun materialları, o cümlədən tibbi ekspertiza, sahidlərin ifadələri ilə tanış oldum. Xocalı cinayəti işi üzrə istintaq aparan müstəntiqlərin fikirlərini öyrəndim. Bundan əlavə, o dəhşətli gecəni yaşayan onlarca şahiddən, girov düşmüş Xocalı sakinindən, Xocalı soyqırımını lentə alan operator Seyidağa Mövsümovdan, faciənin şahidi olan litvalı jurnalist Riçard Lapaitistdən müsahibə aldım.
Qeyd edim ki, tarixi publisistik, elmi-kütləvi janrları özündə birləşdirən ekran əsərinin 2018-ci ildə Ankarada Beynəlxalq Xocalı Simpoziumunda ilk təqdimatı keçirilib, film nümayiş olunub. 2019-cu ildə Azərbaycan İstiqlal Muzeyində təqdimatı olub, Azərbaycan Televiziyasında (AzTV) efirə verilib. Sənədli film Azərbaycan Televiziyasının Arxivində, Azərbaycan İstiqlal Muzeyində və AMEA-nın Azərbaycan Tarixi Muzeyində saxlanılır.
“Cəzasız cinayət” sənədli filminin hazırlanması zamanı əldə etdiyim xeyli sayda material bir mənalı şəkildə deməyə əsas verir ki, dinc əhalinin vəhşicəsinə kütləvi qırğını olan Xocalı soyqırımı insanlığa qarşı ən ağır beynəlxalq cinayətdir! Və bir də əmin olursan ki, Xocalı soyqırımı təkcə azərbaycanlıların deyil, insanlıq duyğusu olan hər kəsin qəzəb, nifrət ünvanıdır. Bəşəriyyətin yaddaşında arxivləşən qanla yazılmış tarixi sənəddir!
Xronometrajı 40 dəqiqə olan sənədli filmdə məhkəmə tibbi - ekspertiza faktlarının, istintaq materiallarının, soyqırımı şahidlərinin ifadələrinin hamısını vermək təbii ki, mümkün deyildi. Əldə etdiyim geniş fakt toplusunun bir qısmini “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.
Hərbi Prokrorluğun Xüsusi İstintaq şöbəsinin keçmiş rəisi Rauf Məmmədovun verdiyi müsahibədən aydın oldu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri, xarici ölkələrdən gəlmiş erməni terror təşkilatlarının muzdlu dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı ilə əvvəlcədən cinayət əlaqəsinə girərək Xocalıya hücum edib. Çoxsaylı zirehli texnika və odlu silah ilə bir neçə saatın içərisində şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir. Onlardan, 83 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin yalnız 1 üzvü qalmış, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bugünədək məlum deyildir. Qətlə yetirilənlərdən 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.
Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə əvvəlcədən pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir.
Xocalı cinayət işi üzrə istintaq materiallarından aydın olur ki, Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyadaların döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu müəyyən edilmişdir. Cinayətkarlardan çoxlarının adları Azərbaycanın istintaq orqanlarına məlumdur.
Xocalı rayonunun keçmiş icra başçısı Elman Məmmədov bizə verdiyi müsahibədə qeyd etmişdi ki, Xocalıya hücumda 5 mindən çox canlı qüvvə iştirak edirdi.
Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylanmışdır. Bu zaman hərbi texnikanın böyük hissəsi, 25 tank, 87 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 "Strela-10" raket qurğusu, 45 artilleriya top sistemi, 57 minaatan və digər silah-sursat qanunsuz olaraq ermənilərə verilmişdir. Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabitinin və gizirinin iştirak etməsi istintaqla sübuta yetirilmişdir.
Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir. Xocalı hadisəsi zamanı həlak olmuş insanların meyitləri müayinə olunarkən onlarda başın dərisinin soyulması, burun və qulaqların kəsilməsi, dişlərin sındırılması, qadınlarda döşlərin kəsilməsi, müxtəlif kəsici-deşici alətlərlə yetirilmiş xəsarətlər, üzərindən hərbi texnika keçməsi, bədənin müxtəlif ətraflarında alçaqcasına edilmiş zorakılıq əməliyyatları müşahidə edilmişdir. Məhkəmə tibbi ekspertizanın müayinəsindən keçən 181 meyitdə (130 kişi, 51 qadın), qəlpədən (20 nəfər), güllədən (151 nəfər), küt alətdən (10 nəfər) ölüm aşkarlanıb. 13 meyit azyaşlı uşaq olub. Ölənlərin 40 nəfəri baş nahiyəsindən, 74 nəfəri döş qəfəsindən, 17 nəfəri qarın nahiyəsindən, 11 nəfəri isə ətraf nahiyələrdən xəsarət alıb. Meyitlərin 3 nəfərində ətrafların donması, 33 nəfərdə işgəncə ilə ölüm – qadınlarda döşlərin kəsilməsi, odlu silahdan atəş açılması, ölənlərin burun və qulaqlarının kəsilməsi, başın dərisinin soyulması, dişlərin, göz almalarının çıxarılması, üzərindən hərbi texnikanın keçilməsi əlamətləri müşahidə olunub.
Xocalı hadisələri üzrə məhkəmə tibbi ekspertiza rəyləri ilə tanış olduqda bir daha əmin oldum ki, bu cinayətkar erməniləri insan adlandırmaq mümkün deyil!
Onları vəhşi adlandırmaqla da heyvanları təhqir etmiş olarıq. Bu qəddarlıq heç bir müqayisəyə sığmayan, ifadə olunmasında sözün aciz qaldığı bəşər tarixində misli görünməmiş cinayətdir! Məhkəmə tibbi ekspertiza rəylərinin bir qisminə diqqət edək:
Bədəlov Tofiq – Tankla əzilmiş, yandırılmış, gözləri çıxarılmış, qulaqları kəsilmişdir.
Məmmədov Rasim Səlim oğlu– Baş qəlpə yarasından, kəllə qapağının qopmasından həlak olub.
Həsənov Şöhlət Üsub oğlu – Döş qəfəsinin güllə yarasından, yuxarı ətrafın kəsilməsindən həlak olub.
Naməlum kişi meyiti. Təxmini 35 yaş – Döş qəfəsinin ön səthinin güllə yarası, qulaq seyvanının və döş qəfəsinin kəsilmiş yaraları.
Naməlum kişi meyidi. Təxmini 25yaş – Başın güllə yarası, göz almalarının çıxarılması, başın kəsilmiş yarasından həlak olub.
Kərimova Firəngiz Mütəllim qızı. 60 yaşında. Evdar qadın – Döş qəfəsinin güllə yarasından həlak olub.
Orucov Telman Ənvər oğlu, 36 yaş – Başın kəsilmiş yarası, döş qəfəsinin zədələnməsi, döş qəfəsinin güllə yarası.
Əliyeva Səhər Çərkəz qızı, 60 yaşında – Kəllənin qəlpə yarası.
Eyvazov Hidayət Əli oğlu. – Başın qəlpə, sol gözün çıxarılması, qarnın və budun güllə yarasından həlak olub.
Hüseynova Maral Kamil qızı, 6 yaş – Qarnının ön səthinin güllə yarası.
Həsənov Şöhlət Üsub oğlu. – Döş qəfəsinin güllə yarasından, yuxarı ətrafın kəsilməsindən həlak olub.
Naməlum qız uşağı, 3 yaş – Döş qəfəsinin və qarnının ön səthinin güllə yarala-rı.
Çobanova Nəzakət Tapdıq qızı. 8 - 10 yaş – Qarının ön divarının güllə yarasından ölmüşdür.
Orucova İzafə Əli qızı. 27 yaş– Başın və döş qəfəsinin güllə yaralarından ölmüşdür.
Ələkbərov Aydın Təvəkkül oğlu. 12 yaş – Başın güllə yarasından həlak olub.
Həmənova Gülçöhrə. – Döş qəfəsinin və qarnın güllə yarası, sol əlin pəncədən kəsilməsindən həlak olub.
Litvalı hərbi jurnalist, “Sonsuz dəhliz” filminin qəhrəmanı Riçard Lapaitislə söhbətimiz zamanı bildirdi ki, Ağdam məscidinə gətirilən meyitlərin əksəriyyətinin əlləri yuxarıda, gözləri açıq idi: “Bu onu göstərirdi ki, azğın cinayətkarlar onları çox yaxın məsafədən öldürmüşdü. Meyitlərin barmaqları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmışdı”.
Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə tibbi ekspertizasından keçirilmişdir.
Xocalı soyqırımı şahidlərinin, əsir və girov götürülən xocalıların ürəkyandıran, tükürpədən söhbətlərini dinlədikcə, erməni faşistlərinin işgəncələrini hiss edirdim bədənimdə...
Xocalı sakini Həsənalıyev Anar danışırdı ki, həmin vaxt 6 yaşı vardı, xəstəxanada yatırdı. Xəstəxanadakı həkimlər və xəstələrlə birlikdə 18 gün erməni quldurlarının işgəncələrinə məruz qalıblar. Ermənilər Anarın vəhşicəsinə bütün dişlərini töküblər, girovluqdan azad olunduqdan sonra 4 il məktəbə gedə bilməyib. Erməni qaniçənləri Anarın dayısını 17 güllə ilə qətlə yetirmiş, dayısı qızının əsirlikdə gözlərini çıxarmışlar. Babasının başına çoxlu sayda iri mismarlar vuraraq işgəncə ilə öldürmüşdülər.
Keçmiş girov Dürdanə Ağayevanın erməni zindanında başına gələnləri dəhşət və qəzəb içində dinləyirdim, çəkdiyi işgəncələri hiss edirdim danışdıqca... Gənc bir qızın yaşadığı əzabları, işgəncələri, təhqiri, alçalmaları nə qələm yaza bilir, nə onlara ürək dözə bilir. Onun söylədikləri epizodların hamısını yazıda qeyd edə bilməsəm də, bir qismini təqdim edirəm:
– Mənim bədənimdə ağrımayan tək saçlarım idi. Bir də bir az dilimdə hissiyyat vardı. Girov düşdüyüm səkkiz gün müddətini və gördüyüm əzabları, oradakı əsirlərin həyatını, erməni işgəncələrini sonralar qələmə alıb “Erməni zindanında səkkiz gün” adlı bir kitab yazdım.
Nə qədər ahıllarımız, yaşlılarımız dondu, sudan keçib qarın içi ilə gedə bilmədi. Ermənilər danışırlar ki, guya bizə dəhliz qoyublar, keçib getməyə. Yalandır! Onlar bizə bir dəhliz qoymuşdular, Qaraqayanın üstündə ölüm dəhlizi. Qaraqayanın üstündə nələr olmadı, nələr?! Ölən körpələr gözümün önündən getmir - 2 yaş, 3 yaş, 5 yaş... Xocalı camaatına divan tutuldu, diri-diri başı kəsilən kim, ağaca bağlanılıb yandırılan kim, ürəyi parçalanıb çıxarılan kim... Biz girov düşdük. Hər saatdan bir döyülür, müxtəlif işgəncələrə məruz qalırdım. Allahdan ölüm arzulayırdım. Monte Melkonyan əsirləri götürüb Ermənistana aparır və onların orqanların orqanlarını satırdı. Məni hədələyirdi ki, səni Yerevana aparıb böyrəklərini çıxardacağıq.
Girov həyatı yaşamış başqa bir Xocalı sakini Elşad Ağayev danışır ki, yanımızda Səadət adında hamilə qadınla yoldaşı vardı. Ermənilər ərinin gözü qarşısında qadını güllələdi. Hamilə qadın can verərkən cəlladlar yoldaşını ona yaxınlaşıb vidalaşmağa qoymadılar. Onun doğulmayan körpəsi də anası ilə öldü. Bizimlə birlikdə girovluqda Mamaed kişi vardı oğlu ilə birlikdə, uşaq atasına qısılmışdı. Ermənilər Mamed kişidən soruşdular ki, kimdi bu uşaq? Yazıq kişi qorxa-qorxa oğlu olduğunu söylədi. Ermənilər Mamed kişinin gözünün qarşısında oğlunun başını kəsdilər.
Müsahiblərimdən, Xocalı soyqırımını ilk lentə alan operatorlardan biri Seyidağa Mövsümlünün danışdıqları, mənə təqdim etdiyi – heç yerdə yayımlanmamış çəkdiyi kadrlar insanın qanını dondururdu. “Cəzasız cinayət” filminin çəkilişindən sonra rəhmətə getdi Seyidağa müəllim, filmin təqdimatında iştirak edə bilmədi. Vətənpərvər insanı hörmətlə yad edir, ruhunu rəhmətlə anıram.
Seyidağa müəllimin söylədiklərindən: – 26 fevralda saat – 10-11 radələrində Müdafiə Nazirliyinin hərbi operatoru kimi, Silahlı Qüvvələrin vertelyotu ilə ora gəldim. Ağdama çatanda məni bir insan kimi, bir azərbaycanlı kimi dəhşət bürüdü. Biz Əsgəran körpüsünün yanına çatanda, körpünün altında qırxa yaxın başı kəsilmiş Azərbaycan şəhidlərini gördüm, mənə çəkməyə icazə vermədilər. Körpünü keçən kimi bütün yollar, hər tərəf bizim soydaşlarımızın meyidləri ilə dolu idi. Orda sözlə deyilib heç cür təsvir etmək mümkün olmayan mənzərə ilə rastlaşdım. Yaşlı qadın həyat yoldaşı ilə məftilllə bir- birinə dolanmışdı, kişinin arxadan başının yarısı yox idi. Kiçik uşaqlara, yaşlı analara, gəlinlərə, qızlara hamısına işgəncə verilmişdi.
Digər müsahibim – Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, 7 xocalı sakininin erməni qəbiri üzərində başını kəsdilər. Sonra daha 2 nəfərin gözlərini çıxartdılar. Xocalı sakini Əntiqə erməni hərbçilərin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı.
Hərbi Prokrorluğun Xüsusi İstintaq Şöbəsinin məlumatına görə, Xocalı soyqırımı ilə bağlı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 800-dən artıq ekspertiza keçirilmişdir. İstintaq materiallarında şahidlərin ifadələri ilə tanışlıq zamanı erməni və insan məhfumunun bir araya sığmadığına əmin oldum!
Heydərov Camal Əbdülhüseyn oğlu - Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar.
Heydərov Şahin Zülfuqar oğlu: Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit gördüm. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdi. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.
Xocalı işğal olunan zaman erməni silahlıları Əmirova Xəzəngül Təvəkkül qızının ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.
Hümbətov Cəlil Hümbətəli oğlunun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.
Paşayeva Kübra Adil qızı Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şuranın, oğlu Paşayev Elşadın güllələnməsinin şahidi olmuşdur.
Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.
Kərimova Səidə Qurban qızı: 12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər.
Nəcəfov Əli Ağami oğlu: Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələdilər.
Gənc qadının “Human Rights Watch”-a dediklərindən: Biz şumlanmış sahəyə yaxınlaşdıq, ermənilər pusqudan çıxıb atəş açmağa başladılar. Bu sahədə altmışa qədər öldürülmüş insan gördüm. Mənimlə birlikdə qaçanlar yıxılaraq ölürdülər.
Xocalı soyqırımı şahidi Həsən Allahyarovun dediklərindən: Tank atmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən səpələnmiş meyitlər gördüm və onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm.
Bu faktların, ermənilərin törətdiyi cinayətlərin (şərəfsiz, azğın, vəhşi, quldur, cəlladların əməllərinin dəqiq ifadəsini bildirməyə leksik vahid yoxdur) dünyaya çatdırılması, Xocalı soyqırımının tanıdılması hər bir azərbaycanlının müqəddəs vəzifəsi, milliyyətindən asılı olmayaraq insanlıq duyğusu olan hər kəsin mənəviyyat, vicdan məsələsi olmalıdır!
Onu da xüsusi vurğulamaq istəyirəm ki, həmin vaxt dünyanın müxtəlif ölkələrindən gələrək hadisəni öz gözləri ilə görmüş, qələmə almiş, lentə köçürmüş jurnalistlər, media nümayəndələri də Xocalı soyqırımının canlı şahidləridir. Onlardan ikisi – litvalı hərbi jurnalist Riçard Lapaitist və ingilis fotojurnalist Lan Peartla hazırladığım reportaj və müsahibə bu günlərdə oxucularımıza təqdim olunacaq. Həmin günlərdə dünyanın nüfuzlu mətbuat orqanlarında faktlar əsasında dərc olunan informasiyalar, foto materiallar, məqalələr, humanitar təşkilatların, ekspertlərin nəşr etdikləri sənədlər ermənilərin və 366-cı alayın əsgər və zabitlərinin azərbaycanlı əhaliyə qarşı törətdikləri soyqırımına, Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığına şahidlik edən tarixi dəlil, mənbədir. Onlardan bəzilərinə diqqət yetirək:
Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 14 mart 1992-ci il sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğınlar törətmiş, Qarabağdakı azərbaycanlıları məhv etmişlər”.
Bundan əlavə, Fransanın “Lö Mond” qəzetinin 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.
Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”. Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”.
R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): “Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.
Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya geniş miqyaslı hücum etməsi, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır. Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer almışdır. Belə ki, “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapmışdı: “Mayor Leonid Kravets: Mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”.
Bundan əlavə, İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin olması haqqında yazırdı: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdı”.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasına əsaslanaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya dərk etməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında dinc, mülki azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətə, XX yüzilliyin analoqu olmayan qətliamına– Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Xocalı soyqırımı qurbanlarını ruhuna ehtiramla...


Leyla RƏŞID,
“Xalq qəzeti”

XOCALI bölməsi