Xocalı faciəsi – humanizm prinsiplərinə qara ləkə

XOCALI
23 Fevral
02:19

İnsanlığın utancverici mənzərəsi kimi qiymətləndirilən soyqırımların sayı, təəssüf ki, az deyil. Heç şübhəsiz ki, onlardan ən dəhşətlisi və amansızı, insanlıq tarixinə, eyni zamanda, humanizm prinsiplərinə ən böyük ləkə sayılan Xocalı soyqırımıdır. Xocalı faciəsi ona görə misli görünməmiş faciədir ki, düşmən bu şəhərin üzərinə hərbi əməliyyat keçirmək məqsədilə hücum etməmişdi. Belə ki, ermənilər yaxşı məlumata sahib idilər ki, Xocalıda hərbi qüvvə yoxdur, ona görə də mənfur düşmənin məqsədi dinc əhaliyə divan tutmaqdan, onları məqsədli şəkildə qırmaqdan ibarət idi.

Ağdam–Şuşa və Xankəndi–Əsgəran yolu üzərində strateji əhəmiyyətli mövqeyə malik olan Xocalıda əhaliyə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri, cəlladları 366-cı motoatıcı alayla birlikdə divan tutdular, soyqırımı törətdilər. Əlif Hacıyevin rəhbərlik etdiyi qüvvələr axıra qədər düşmənə müqavimət göstərsələr də işğalçıların dəfələrlə üstün qüvvə və texnikasının qarşısını ala bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı qəhrəmanlıqla həlak oldu. Rəsmi statistikaya əsasən, Xocalı soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla amansızca qətlə yetirilmişdir.
Ermənistanın ozamankı prezidenti Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq müsahibələrinin birində xarici jurnalistə bildirmişdi: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi dağıtdıq. Məhz bu, baş verdi”. Qatil Sarkisyan ən son açıqlamasında da özünün terrorçu, təməlini terror üzərində qurduqları dövlətlərinin isə terrorun beşiyi olduğunu bir daha etiraf etdi.
Qana susayan Sarkisyan faktiki olaraq Paşinyanı özü kimi mahir terrorçu olmamaqda, əsgərlərin kütləvi toplaşdığı ərazilərə, “İskəndər” raketi atmamaqda təqsirləndirir. Hətta, bu, azmış kimi, Sarkisyan hazırkı erməni rəhbərliyini beynəlxalq qaz və neft boru kəmərlərini “İskəndər” raketləri ilə vurmamaqda təqsirləndirir. Ermənistanın cinayətkar rəhbərlərinin törətdikləri əməllərdən dərs almaq əvəzinə, belə revanşist, nifrət dolu açıqlamalar səsləndirdiklərini eşitməyə davam etdikcə, “Bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik" – deyən ölkə başçımız cənab İlham Əliyevin nə qədər haqlı addımlar atdığı yaşadığımız müasir tarixin hər keçən günü bir daha təsdiq olunur.
Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı atdığı qətiyyətli addımlardan biri də onun dünyada soyqırımı kimi tanıdılması ilə bağlıdır. Belə ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi və nəzarəti ilə ardıcıl və sistemli işlər görülmüşdür. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Leyla xanım Əliyevanın təşəbbüsü ilə heç də təsadüfi olmayan bir tarixdə – 2008-ci il mayın 8-də – Şuşanın işğalı günü irəli sürülmüşdür. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də onun varisləri tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Belə ki, 13 ölkə və ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı isə beynəlxalq qurum olaraq Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.
Eyni zamanda, Prezident İlham Əliyev də dövri olaraq Azərbaycan həqiqətlərini beynəlxalq kürsülərdən dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu qətiyyətli mövqeyinə görə ölkə başçımızın 17 il ərzində apardığı siyasətə xalq dəstəyi hər zaman yüksək səviyyədə olub. Elə bunun məntiqi izahıdır ki, Vətən müharibəsi dövründə güclü xalq–ordu–hakimiyyət birliyi müşahidə olundu. Hər kəs həmrəylik nümayiş etdirərək, cənab Prezidentin siyasətinə, qəhrəman əsgərlərmizin səngərdəki mübarizəsinə dəstək oldu.
Bu illər ərzində biz “Xocalı faciəsinin günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarını almalıdırlar, bu dəhşətli cinayəti törədənlərin hamısı vicdanı qarşısında cavabdehdirlər və gün gələcək ki, onlar tarix məhkəməsi qarşısında da cavab verəcəklər” – dedik və bunu Ali Baş Komandanın rəhbərliyi altında bütün xalq olaraq bacardıq.
Robert Koçaryan, Serj Sarkisyan Azərbaycan dövlətinə, xalqına, günahsız dinc əhaliyə qarşı qətllər törətmiş hərbi cinayətkarlar, canilərdir. Ermənistana 20 il müddətində belə hərbi canilər, kriminal aləmin təmsilçiləri rəhbərlik ediblər. Ermənistanın hal-hazırda düşdüyü rəzil durumun səbəbkarları da məhz bu canilərdir. Onlar Ermənistan dövlətinin təməllərini terror və cinayət üzərində qurublar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və hər detalı ən incə məqamına qədər hesablayan və diqqətə alan uzaqgörən diplomatiyamız zəif düşmən üzərində deyil, güclü təşkilatlanmış düşmən, eyni zamanda, onu himayə edən qərəzli, məkrli qüvvələr üzərində qələbə çaldı. Beləliklə, Vətən müharibəsində Prezident İlham Əliyev sadəcə Paşinyanı və Ermənistanı diz çökdürmədi. Uzun illər Ermənistana rəhbərlik etmiş, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş cəlladlara, cinayətkarlara – Koçaryana və Sarkisyana, onların himayədarlarına da dərs verdi, onların ordusunu məhv etdi. Cənab Prezident İlham Əliyevin qətiyyətindən, əzmindən, şanlı Azərbaycan Ordusunun gücündən qorxan Koçaryan və Sarkisyan bir dəfə də olsun Dağlıq Qarabağ ərazisinə heç burunlarını belə soxa bilmədilər, qaçdılar. Döşlərinə taxdıqları saxta “qəhrəman” ordenləri, dəmir-dümürləri də köməklərinə yetmədi.
Azərbaycana qələbə sevincini bəxş edən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının, həlak olan günahsız digər insanların qisasını aldı. İndi Azərbaycanı layiqli əllərə, Azərbaycanın məğrur və qürurlu oğlu İlham ƏIiyevə əmanət qoyub gedən ulu öndər Heydər Əliyevin, şəhidlik mərtəbəsinə ucalan bütün əsgər və zabitlərimizin, günahsız insanların da ruhu şaddır.
Ümumiyyətlə, ermənilər illər ərzində özlərinə ağıllı, təfəkkürlü bir rəhbər seçə bilməyib. Azərbaycan isə dünya siyasi arenasında fenomen siyasətçi kimi qəbul olunan ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu peşəkarlıq və incəliklə davam etdirən, torpaqlarımızı düşməndən azad edən müzəffər Ali Baş Komandan İlham Əliyev kimi dahi şəxsiyyətləri yetişdirib.
Əsas şüarı “Qarabağ Azərbaycandır!” üzərində qurulan möhtərəm Prezident İlham Əliyev hər zaman qətiyyətlə bildirirdi ki, biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Beləliklə də, sözünün imzası qədər dəyəri olan şanlı Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyev bu dəfə də əməli ilə xalqının ümidlərini doğrultdu və əzəli, dədə-baba torpaqlarımızı işğaldan azad etdi.
 

Şəbnəm HƏSƏNOVA,

politoloq

XOCALI bölməsi