Belə oğullarımızla qürur duyuruq!

CƏMİYYƏT
12 Dekabr
00:40

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin yeni səhifəsi yazılır. Azərbaycan həkimləri və səhiyyə işçiləri də Ali Baş Komandanın çağırışına uyğun olaraq, Vətən müharibəsinin ilk günündən ön cəbhədə vətən borclarını yerinə yetiriblər. Həmin vaxt istər dövlət səhiyyə ocaqlarında, istərsə də özəl sektorda çalışan tibb işçilərinin əksəriyyəti isti evini, rahat şəraitini döyüşçülərimizə xidmət üçün könüllü olaraq ön cəbhəyə dəyişdilər.

“II Qarabağ savaşının ilk günlərindən universitet rəhbərliyinin tövsiyəsi ilə 30 – a yaxın professor - müəllim heyəti, o cümlədən respublikamızın tanınmış həkimlərindən ibarət tibbi personal kö­nüllü olaraq cəbhə bölgəsində olan hərbi hospitallara ezam ediliblər. 44 günlük Vətən müharibəsində həkimlərimiz ön cəbhədəki yaralı hərbçilərimizə yüksək səviyyəli tibbi yardım göstəriblər”. Bu barədə ATU– nun ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev məlumat verdi. O dedi:

“Müharibənin ilk günlərində ya­ralılarımız həddindən artıq çox oldu­ğundan, həqiqətən də təcrübəli həkim kontingentinə böyük ehtiyac var idi. Füzuli, Naftalan, Gəncə bölgələrində hospitallara ağır vəziyyətdə gətirilən yaralı əsgər və zabitlərimizə yüksək ixtisaslı tibbi yardım göstərmişik”.

E.Ağayev tibbi xidmətin yüksək səviyyədə təşkili üçün əllərindən gələn köməyi əsirgəməyən Naftalan Mərkəzi Xəstəxanasının və Gəncə Beynəlxalq Hospitalının rəhbərliyinə öz təşəkkürünü bildirərək, bu işə məsul dövlət qurumla­rının dəstəyindən də söz açdı:

“Tibbi təchizatla bağlı xırda problemləri nəzərə almasaq, demək olar ki, ciddi problemlərimiz yox idi. Həm TƏBİB ictimai təşkilatı, həm də dövlətin bu işə məsul olan qurumları bizi adekvat olaraq lazımi tibbi avadanlıq və ləvazimatlarla təmin edirdilər. Gəncə Beynəlxalq Hospitalı özəl xəstəxana olmasına baxmayaraq, bu işə böyük vətən sevgisi ilə yanaşıb bütün im­kanlarını yaralı hərbçilərimizin tezliklə sağalmasına yönəltmişdilər. Orada çoxsaylı yaralılar vardı. Öz potensialları hesabına, eyni zamanda dövlətin bu sahəyə məsuliyyət daşıyan qurumlarının dəstəyi ilə yaralılara xidmət göstərmək üçün maksimal şərait yaratmışdılar. Ön cəbhəyə ezam olunduğumuz müddətdə Naftalan və Gəncədə universitetimizin əməkdaşları tərəfindən bir neçə yüz xəstəyə yüksək ixtisaslı tibbi yardım göstərildi”.

Gəncədən, Naftalandan qayıt­dıqdan sonra da Tədris Cərrahiyyə Klinikasında yaralıların müalicəsi ilə intensiv məşğul olmağa başladıqlarını söyləyən professor E.Ağayev əksər kafedra əməkdaşlarının bu işə cəlb edildiyini bildirdi: “Təkcə bizim ka­fedrada 100 – dən artıq yaralıya tibbi xidmət göstərildi, müxtəlif əməliyyatlar aparıldı. Güllələrin, qəlpələrin çıxa­rılması, yaraların müalicəsi, müxtəlif rekonstruktiv bərpaedici əməliyyatlar icra olundu və hazırda da yaralı əsgər və zabitlərimizə yüksək səviyyəli tibbi xidməti davam etdiririk. Yara­lı əsgər balalarımızın əksəriyyətini Allahın köməkliyi ilə sağlamlıqlarına qovuşdurdub ailələrinə yola salmışıq. Amma şöbəmizdə hələ də yaralı əsgərlər var və biz sidq – ürəklə onlara tibbi xidmət göstəririk. Bu gün şöbəmizdə 18 yaralının müalicə prosesi davam etdirilir. Lazım olan bü­tün vasitələrlə təmin edilmişik. Yəni, tibbi təchizat çox yüksək səviyyədədir”.

Birinci Qarabağ savaşında da həkim kimi yaralılara xidmət göstərən E.Ağayev xatırlatdı ki, həmin vaxtlar bizim çox böyük sıxıntılarımız vardı:

“Çatışmazlıqlar həddindən artıq çox idi. Zəruri dərman preparatları, sarğı materialları tapılmırdı. Hətta əməliyyata gedərkən əlimizi yumağa sabun belə tapmırdıq. Allaha şükür olsun ki, indi Azərbaycan müstəqil dövlətdir. Himnimiz, bayrağımız var, sərhədlərimizi öz əsgərlərimiz qoruyur. Bu dövlətin vətəndaşı olmaq, dəstəkçisi olmaq hər bir azərbaycanlının, o cümlədən biz həkimlərin də borcudur. I Qarabağ savaşında igid oğullarımız şücaətlə, mərdliklə, qeyrətlə vuruşsalar da, qələbəyə qovuşa bilməmişdik. Qürurverici haldır ki, güclü dövlətimiz, qətiyyətli Ali Baş Komandanımız və müzəffər ordumuz 44 günlük Vətən müharibəsində illərlə arzuladığı­mız bu qələbəni gerçəkləşdirdi. Ali Baş Komandanın dediyi kimi, biz mənfur, riyakar bir düşmənlə qonşuluqda yaşadığı­mızı nəzərə alaraq, güclü ordu quruculuğunu daim diqqətdə saxlamalıyıq”.

Bu baxımdan yüksək ixtisaslı həkimlərin yaralı hərbçilərimizə tibbi yardım göstərmək təcrübəsinin gənc nəslə öyrədilməsinin vacibliyini söyləyən E.Ağayev bundan sonra da üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərini, əsgər və zabitlərimizə tibbi xidmət göstərməyi özlərinin şərəf işi hesab edəcəklərini vurğuladı.

Elçin Ağayev onu da qeyd etdi ki, hospitallarda həkimlər igid əsgərlərimizə öz övladları kimi yanaşır, onların qullu­ğunda durur, nəvaziş göstərirlər: “Bu, bizim insanlıq borcumuzdur. Bundan əlavə, yaralı hərbiçilərimizin ad günlərini qeyd etməyi də özümüzə mənəvi borc bilmişik. İki gözünü itirsə də, məğrurluğunu itirməyən əsgər balamızın himnimiz səslənərkən ayağa qalxıb əlini ürəyinin üstünə qoymasını həyəcansız, kövrəlmədən izləmək mümkünsüzdür. Sinəsində şəhid dostunun adı yazılan lövhə gəzdirən, sınmış qolundakı gipsin üstünə “Qarabağ Azərbaycandır!” yazan oğullarımızla necə qürur duymayasan?!”

P.S: Biz də həm igid vətənpərvər oğullarımızla, həm də sizin kimi həkimlərlə fəxr edirik, hörmətli professor. Nə gözəl ki, indi daha ürəkdən deyə bilirik:

Qarabağ Azərbaycandır!

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

CƏMİYYƏT bölməsi