Mədəniyyət naziri Britaniya Şurasının Azərbaycan üzrə yeni təyin olunmuş direktoru ilə görüşdü

MƏDƏNİYYƏT
22 Oktyabr
16:08

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev ilə Britaniya Şurasının (British Council) Azərbaycan üzrə yeni təyin olunmuş direktoru Samr Şah arasında görüş keçirilib.

Görüş zamanı cənab Şah Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanışlıqdan zövq hissi keçirdiyini qeyd etdi. O, həmçinin bildirdi ki, Böyük Britaniya və Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair bir çox prioritet istiqamətlər mövcuddur. Görüşdə mədəniyyət sahəsi üzrə həyata keçirilmiş birgə layihələr, o cümlədən gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi.

Mədəni irsin qorunması, mədəniyyət sahəsində təhsil və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

Dünya səviyyəli Britaniya teatrlarının ən son və məşhur tamaşalarının ölkəmizdə uğurla səhnələşdirildiyi “Teatr HD” layihəsi və  əlilliyi olan şəxslərin incəsənətdə iştirakının dəstəklənməsi məqsədini daşıyan “Unlimited” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, həmçinin Nazirliklə Şura arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə bağlı ilkin razılıq əldə olundu.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi