Tarixi qələbəmiz ədalətin təntənəsidir

XƏBƏRLƏR
21 Noyabr
13:59

Xalqımızın 30 illik intizarına, nəhayət ki, son qoyuldu. Bu şanlı qələbəmizin ölkəmizdə hər il noyabrın 22-də qeyd edilən ədliyyə işçilərinin peşə bayra­mı ərəfəsində qazanılması çox sevindiricidir. Ədliyyə işçiləri və məhkəmə əməkdaşları həmişə igid əsgərlərimizlə birlikdə olublar. Onların bir çoxu mənfur düşmənlərimizə qarşı aparılan Vətən müharibəsində, ön cəbhədə peşəkar hərbçilərimizlə çiyin-çiyinə döyüşüb.

Doğma torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, titanik səyləri və qəhrəman hərbçilərimizin göstərdikləri şücaətlər sayəsində işğaldan azad edildi. Xalqımız yaxşı bilir ki, azadlıq bəxş edilmir və döyüş meydanında tökülən qan hesabına alınır. Cənab Prezidentin də qeyd etdiyi kimi, torpaqlarımızın hər qarışının yağı düşmənin tapdağından təmizlənməsi böyük fədakarlıqlar, şəhidlərimizin qanı hesabına başa gəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza tezliklə şəfa versin!

Biz hamımız şahid olduq ki, müharibənin dəhşəti Azərbaycan xalqını qətiyyən qorxutmadı. Əksinə, xalqımız bir yumruq kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşdi, ordumuza arxa durdu. Nəticədə uğurlu hərbi əməliyyatlarla tarixə qızıl hərflərlə yazılacaq qələbə çalındı.

Qələbə xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyasət və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv edildi. Cənab Ali Baş Komandan İlham Əliyevi, qəhrəman əsgərlərimizi və xalqımızı böyük qələbə münasibətilə təbrik edir və bu çətin və şərəfli missiyada Azərbaycan xalqının yekdilliklə öz Prezidentinə arxa durduğunu görməkdən qürur duyuruq.

Qəzənfər KƏRİMOV,
Şirvan Apelyasiya Məhkəməsinin hakimi

XƏBƏRLƏR bölməsi