Antarktika üzərində nəhəng ozon dəliyi yaranıb

XARİCİ XƏBƏRLƏR
9 Oktyabr
01:03

BMT dünya ölkələrini Yer kürəsini Günəşin ultrabənövşəyi şüalarının təsirindən qoru­yan ozon təbəqəsinin qorunmasına çağırıb. Təşkilatın bu barədə xəbərdarlığında qeyd edilir ki, Antarktika üzərində yaranan ozon dəliyi son on ildə ən yüksək həddə çatıb.

Belə ki, Cənub Yarımkürəsindəki ozon dəliyi avqustun ortalarından bəri sürətlə böyüyərək oktyabr ayının əvvəllərində 24 milyon kvadratkilometrə çatıb. Bu son on ildə meteoroloqlar tərəfindən qeydə alınan ən yüksək göstəricidir. İndi o, demək olar ki, bütün Antarktika ərazisini əhatə edir.

Qeyd edək ki, ozon təbəqəsinin qorunması­nı nəzərdə tutan Monreal protokoluna əsasən, dünya ölkələri üçün bir sıra ozon da­ğıdıcı kimyəvi maddələrin is­tehsalı və istifadəsi qadağan edilir. Protokolun şərtlərinə əsasən, bugünədək xlorftor­karbonatlar da daxil olmaqla 100-dən çox oxşar maddə “qara siyahıya” daxil edilib. Lakin bu maddələrin bir neçə onillik ərzində atmosferdə qalması səbəbindən on­ların konsentrasiyası hələ də kifayət qədər yüksəkdir. Bunun nəticəsində də ozo­nosferin zədələnməsi prosesi davam edir.

2018-ci ildə alimlər belə qənaətə gəliblər ki, planetin ozon təbəqəsi bərpa olunur və bu, qlobal istiləşməni ləngidə bilər. Onların fikrincə, onun bərpa olunma sürəti on il ərzində 1-3 faiz təşkil edir. Belə ki, ozon qatı bu templə Şimal Yarımkürəsi üzərində 2030-cu ildə, Cənub Yarımkürəsi üzərində 2050-ci ildə, qütblər üzərində isə 2060- cı ildə tam bərpa olunmalıdır.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi