Fransa portalı Ermənistanın Azərbaycanın tarixi və mədəni abidələrini məhv etməsindən yazıb

XARİCİ XƏBƏRLƏR
7 Oktyabr
17:18

Son bombardmanlar nəticəsində Azərbaycan mədəni irsinin məhv edilməsi ölkə vətəndaşlarını şoka salıb. UNESCO-nun mədəni irs siyahısına salınmış mədəni irs nümunələri böyük təhlükə altındadır. Tarixçilər və arxeoloqlar 1954-cü ildə Silahlı Münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasını, 1972-ci il UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunması Konvensiyasını bir daha xatırladırlar. Ziyalılar qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasından qəzəblənir və Füzuli bölgəsindəki döyüşlər zamanı Şeyx Babi Yağrubun məqbərəsinə böyük ziyan vurulduğunu xüsusi vurğulayırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Agoravox” portalında dərc olunmuş “Son xəbərlər “Azərbaycan-Ermənistan münaqişəsi”: əgər obyektiv yanaşmağa çalışsaydıq?” adlı məqalədə yer alıb.

“Oxucu mühakimə yürütməzdən əvvəl birtərəfli qaydada deyil, tam məlumatlandırılsaydı nə olardı?” deyən müəllif Fransa mətbuatının tamamilə Ermənistan tərəfinin məlumatlarına həsr edildiyini bildirir, Azərbaycanın səsinə fransız mediasında yer verilmədiyini vurğulayır. Həmçinin jurnalistləri və tarixçiləri mühakimə yürütməzdən əvvəl obyektiv olaraq hər iki tərəfin mənbələrinə istinad etməyə, reallığı yaxından tanımağa çağırır.

Jurnalist Azərbaycan tərəfinin təhlillərini öyrənmək üçün onlarla əlaqə saxlamağın maraqlı olacağını bildirib.

Məqalədə sentyabrın 27-də başlayan müharibə haqqında məlumat verilib, Ermənistanın ölkəmizin Dağlıq Qarabağ bölgəsindən 200 kilometrdən çox uzaqda yerləşən Gəncə, Mingəçevir, Xızı şəhərlərini, mülki əhalini və strateji infrastrukturu hədəfə alaraq kaset bombalarla hücum etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə aparır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan 30 ildir Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Bəzi medialarda səsləndirilən “xristian Ermənistanı və müsəlman Azərbaycanı arasında döyüşlər” ideyasının ölkəmiz tərəfindən rədd edildiyi vurğulanıb. Azərbaycanın multikultural ölkə olduğu, müxtəlif xalqların, dinlərin nümayəndələrinin birgə mehriban yaşadığı diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, COVID-19 böhranı dövründə Nikol Paşinyanın ölkəni iqtisadi və sosial baxımdan acınacaqlı vəziyyətə salması bugünkü müharibənin alovlanmasına səbəb olub.

Məqalədə Türkiyə və onun ölkəmizə dəstəyinə də toxunularaq, onun münaqişədə iştirakının tamamilə səhv olduğu qeyd edilib.

Sonda Ermənistanın Orta Şərq ölkələrindən erməni mənşəli sakinlərin - 150 livanlı ailənin Azərbaycanın işğal olunmuş torpaqlarında məskunlaşdırıldığı, eləcə də Ermənistanın İraqdakı səfirinin PKK ilə danışıqlar apararaq bu ölkədən 1500-2000 döyüşçünün Ermənistana göndərildiyi vurğulanıb.

XARİCİ XƏBƏRLƏR bölməsi