“Fransa və Almaniya Türkiyə ilə konstruktiv dialoqun tərəfdarıdır”

XARİCİ XƏBƏRLƏR
3 Sentyabr
02:40

Fransa və Almaniyanın Xarici İşlər nazirləri Jan-İv Le Drian və Hayko Maas dünən Parisdə keçirdikləri müzakirələrdən sonra bir qrup jurnalistin suallarına cavab veriblər. Məlumatı Fransa mediasına istinadən “Anadolu” agentliyi yayıb.

Şərqi Aralıq dənizində baş verən son olaylarla bağlı Le Drian bildirib ki, regionda gərginliyin azaldılması vacib­dir, çünki Avropa daha da güclü olmalı­dır. Onun sözlərinə görə, Türkiyə Şərqi Aralıq dənizində Avropa İttifaqının üzvü olan bir ölkənin (Yunanıstan nəzərdə tutulur-müəllif) dəniz sərhədlərini pozur. Bununla bərabər, Aİ Ankara ilə kons­truktiv dialoqun tərəfdarıdır. Buna görə, Türkiyə ilə konstruktiv dialoqun şərtlərini formalaşdırmaq lazımdır.

Almaniyanın Xarici İşlər naziri Hayko Maas, öz növbəsində bildirib ki, Türkiyənin siyasəti Liviyada və Şərqi Aralıq dənizndə qeyri-sabitliyə səbəb olur, lakin dialoq vacibdir.

Rəsmi Ankara ünvanına səslənən bu və başqa tənqidləri qərəzli və qeyri-obyektiv hesab edərək qəbul etmir. Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Şərqi Aralıq dənizində problemi sülh, danışıqlar yolu ilə həll etməyə hazırdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən bir daha vurğulayıb ki, türk xalqı heç vaxt özgə malına göz dikməyib, amma əlində olanı heç kimə güzəştə getməyib. Onun sözlərinə görə, Türkiyə Egey və Aralıq dənizlərinə pirat­çılıq və banditizmə imkan verməz.

R.T. Ərdoğan sonra bildirib ki, Türkiyə Şərqi Aralıq dənizində ən böyük sahil sərhədlərinə malikdir və heç kim onun hüquqlarını məhdudlaşdıra bilməz. Ankara sona qədər özünü və kiprli türklərin hüquqlarını qoruyacaq.

M.HACIXANLI, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi