Rusiya Prezidenti BMT Baş Assambleyasında çıxış edəcək

XARİCİ XƏBƏRLƏR
3 Sentyabr
02:39

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 22-də BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasında çıxış edə bilər. Bu barədə təşkilatın çıxışlarla bağlı yaydığı proq­ramda qeyd edilib. Məlumatı “İnterfaks.ru” verib.

Bu il siyasi debatlar koronaviru­sun yayılması ilə əlaqədar karantin məhdudiyyətləri səbəbindən yazılmış videoçıxış formatında keçiriləcək. Bununla yanaşı, BMT-dən bildirildiyinə görə, ölkə liderləri təşkilatın mənzil-qərargahına şəxsən də gələ bilərlər.

Hazırda Rusiya lideri çıxış edəcək şəxslər siyahısında yeddinci yerdədir. Ondan əvvəl Braziliya, ABŞ, Türkiyə, Çin, Çili və Kubanın dövlət başçıları çı­xış edəcəklər. Həmin gün Baş Assamb­leyaya İran Prezidenti Həsəh Ruhani və Fransanın dövlət başçısı Emmanuel Makronun da müraciəti gözlənilir.

Beləliklə, bu il yüksək səviyyəli çıxış­lar həftəsi sentyabrın 22-29-da əsasən virtual formatda baş tutacaq. Hələ ki, BMT-nin mənzil-qərargahına yalnız ABŞ Prezidenti Donald Tramp və təşkilatın Baş katibi Antonio Quterreşin şəxsən gələcəyi bildirilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin videoçıxışının hazırlandığını təsdiq edib. Jurnalistlərin bununla bağlı sualını cavablandıran Peskov deyib ki, siyahıya əsasən, Rusiya Prezidenti sentyabrın 22-də çıxış edəcək.

Peskov bildirib: “Baş Assambleyada sədrlik edən tərəf epidemioloji vəziyyəti nəzərə alaraq təklif edib ki, dövlət başçı­ları öz çıxışlarını yazaraq təqdim etsinlər. Rusiya tərəfi də belə bir dəvət alıb”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi