Fumio Kisida Yaponiyanın baş naziri olmaq iddiasındadır

XARİCİ XƏBƏRLƏR
2 Sentyabr
00:38

Yaponiyanın sabiq xarici işlər naziri Fumio Kisida Liberal Demokrat Partiyasının sədri vəzifəsinə namizədliyini irəli sürüb. Bundan sonra isə o, ölkənin baş naziri postunu tuta bilər. Məlumatı TASS verib.

Kisida deyib: “Partiyanın sədri vəzifəsinə öz namizədliyimi irəli sürürəm. Mən ölkə və xalq üçün mümkün olan hər şeyi edəcəyəm”.
Bir qədər əvvəl Yaponiyanın “Kyodo” agentliyi bildirmişdi ki, Kisida Liberal Demokrat Partiyasının lideri seçkilərində işrirak etmək niyyətindədir. Məlumatda deyilirdi ki, avqustin 31-də o, istefaya gedən baş nazir Sindzo Abe ilə şəxsi görüş keçirib və yəqin ki, ondan qarşıdakı seçkilərdə dəstək verməsini xahiş edib.
Xatırladaq ki, Kisida 2012-ci ilin dekabrından 2017-ci ilin avqustuna qədər Yaponiyanın xarici işlər naziri olub. Bundan sonra o, partiyanın siyasi şurasının başçısı vəzifəsini tutub və bir neçə dəfə partiyanın sədri vəzifəsini tutmaq uğrunda mübarizəyə hazır olması barədə bəyanat verib.
Hazırda Kisidadan əlavə, hökumət başçısı postuna əsas namizədlər arasında sabiq müdafiə naziri Siqeru İsiba və Nazirlər Kabinetinin baş katibi Esixida Suqanın da adları çəkilir.
Onu da qeyd edək ki, avqustun 28-də Baş nazir Sindzo Abe səhhəti ilə əlaqədar istefaya getmək arzusunu bəyan edib. O, həm də hakim koalisiyaya bildirib ki, baş nazir vəzifəsini müvəqqəti icra edən təyin etmək niyyətində deyil, LDP onu əvəzləyəcək namizədi təqdim edənə qədər öz postunda qalacaq. Partiya sədri seçkilərinin sentyabrın 14-də, parlamentin onu hökumət başçısı kimi təsdiq etməsinin isə sentyabrın 17-də baş tutacağı gözlənilir.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi