Pandemiya dövründə də məktəblərin tikintisi və təmiri davam etdirilir

XƏBƏRLƏR
1 Sentyabr
04:20

Bu yaxınlarda Prezident İlham Əliyev və Birinci vitse –prezident Meh­riban xanım Əliyeva Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəb binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım yeni təhsil ocağında yaradılan şəraitlə tanış olarkən onlara məlumat verilib ki, 216 nömrəli tam orta məktəb 624 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemi və fiber-optik internet quraşdırılıb. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu təhsil müəssisəsinin həyətində geniş abadlıq işləri aparılıb. Bu, pandemiya dövründə inşa edilən məktəblərdən biridir.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərində və regionlarda yeni istifadəyə verilmiş məktəblərin açılış­larında mütamadi olaraq iştirak edir, öz məsləhət və tövsiyələrini verir. Cənab Prezident Binəqədidəki 300 nömrəli məktəbdə olarkən demişdir: “Son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm bütün bölgələrdə 3200-dən çox məktəb tikilib və ya təmir olunub”. Dövlət başçısı həmçinin bildirmişdir ki, bir çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq.

Məlumdur ki, ölkəmizdə pandemiya digər sahələrlə yanaşı, təhsil sistemində də müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq, Azərbaycanda məktəb tikintisi sahəsində işlər fasiəsiz davam etdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 8 ümumtəhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur.

Hazırda 205 və 154 nömrəli tam orta məktəblərin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitab­xana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi davam edir.

Həmçinin 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi aparılır.

Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Azərbaycan Prezidenti bu yaxınlarda Balakən Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında da iştirak edib. Bina 320 şagird yerlikdir və sahəsi 3232 kvad­ratmetrdir. Məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlanması və xo­reoqrafiya zalı, heykəltəraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitab­xana yaradılıb. Tədris müəssisəsinin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.

"Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, paytaxtda 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20 milyon manat vəsait ayrılıb.

2019-2020-ci tədris ili ərəfəsində əsaslı təmir edilmiş 101, 208, 300 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyev də iştirak edib. Birinci vitse-prezident Mehriban xa­nım Əliyeva Kürdəxanı qəsəbəsində Hü­seynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Ümumiyyətlə, 2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış yüz iki məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir. Modul tipli məktəblər Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılır.

Məcburi köçkünlər üçün salı­nan şəhərcik və məhəllələrdə də yeni məktəblər istifadəyə verilmişdir. “Qobu- Park” yaşayış massivində, Abşeron rayonunun Sumqayıt stansiyası ərazisində salınan şəhərcikdə, Bakının digər rayon­larrında və regionlarda da qaçqınlar üçün məktəblər inşa edilmışdir.

Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyevanın qayğısı nəticəsində yeni tədris ilində də uşaqları­mız müasir tiplı məktəblərdə təhsillərini davam etdirəcəklər.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

XƏBƏRLƏR bölməsi