Su təhlükəsizliyi məsələləri diqqət mərkəzindədir

XARİCİ XƏBƏRLƏR
28 Avqust
00:33

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Dünya Su Şurasının (WWC) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə keçirdiyi virtual seminarda su təhlükəsizliyi məsələləri müzakirə edilib.

ICESCO-nun Baş direktoru Salim Malik və Dünya Su Şurasının prezidenti Lui Fuşon birgə çıxışlarda qeyd ediblər ki, 2021-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək IX Dünya Su Forumuna hazırlıq çərçivəsində təşkil edilən tədbirdə əsas müzakirə mövzusu su ehtiyatlarının idarə edilməsi üzrə strateji fəaliyyət proqramının müddəaları olub. Onlar bildiriblər ki, iqlim dəyişiklikləri fonunda dünya su ehtiyatlarının idarə edilməsi müasir texnologiyalar vasitəsilə həyata keçirilməlidir. Qlobal istiləşmə şirin su mənbələrinin azalmasına səbəb olur. Planetimizin bir çox yerlərində, xüsusən Afrikada quraqlıq ərzaq qıtlığı yaradır. Bu baxımdan İslam ölkələrinin donor dəstəyi böyük əhəmiyyətə ­malikdir.
Məlumatda vurğulanır ki, müzakirələrin sonunda ikitərəfli əməkdaşlığa dair razılıq əldə olunub. Bu il iyulun 27-də “İslam dünyasında sülh və inkişaf naminə su təhlükəsizliyi” mövzusunda keçirilən virtual müzakirələr bu sahədə atılan mühüm addımdır. Tərəflər bildiriblər ki, ICESCO və WWC Dünya Su Forumunun təşkili məsələsində Seneqal hökumətinə dəstək göstərəcəklər.
Hər iki təşkilat, həmçinin fəaliyyət planını həyata keçirmək üçün birgə komissiya yaradılması barədə qərar qəbul ediblər. Planda su çatışmazlığından əziyyət çəkən ölkələrin, xüsusən Afrika qitəsinin əhalisinin içməli su ilə təchiz edilməsi tədbirləri nəzərdə tutulur.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi