Liviya: Qiyamçı general hökumətin atəşkəs təklifini qəbul etməyib

XARİCİ XƏBƏRLƏR
24 Avqust
21:45

Liviyanın BMT tərəfindən tanınan Milli Razılıq Hökuməti (MRH) ölkədə sülh və sabitliyin bərqərar olunması, günahsız insan qanının axıdılmaması naminə atəşkəs barədə təklif irəli sürüb. Bu barədə Tripolidəki mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.

MRH mübahisəli ərazilərdə hərbsizləşdirmə istiqamətində zəruri addımlar atılmasını vacib hesab edir və atəşkəsin təmin olunmasından sonra tərəflər arasında siyasi dialoqun başlanacağına ümid bəsləyir.
Lakin hökumətin bu xeyirxah təşəbbüsü general Xəlifə Həftər tərəfindən rədd edilib. Qiyamçılar hesab edirlər ki, hökumət qüvvələri atəşkəs bəhanəsi ilə vaxt qazanıb, strateji əhəmiyyət kəsb edən Sirte və Cufra şəhərlərinə hücum etməyə hazırlaşırlar. X.Həftər ordusunun sözçüsü Əhməd əl-Məsməri dünən keçirdiyi mətbuat konfransında deyib ki, MRH-nin Baş naziri Faiz Sarajın atəşkəs təklifi “gözə kül üfürməyə bənzəyir”.
Siyasi təhlilçilərin çoxunun qənaəti belədir ki, Liviyada yaxın günlər və həftələr ərzində münaqişəyə cəlb olunan tərəflər arasında ağır döyüşlər qaçılmazdır. Qeyd edək ki, MRH hökumətini Türkiyə və Qətər dövlətləri dəstəkləyirlər. X.Həftərə isə Misir, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Rusiya hərbi və siyasi yardım göstərirlər.
Liviyada 2011-ci ildə “Ərəb baharı” dalğasından başlanan etiraz aksiyaları Müəmmər Qəddafinin devrilməsi ilə başa çatıb. O dönəmdən ölkədə ağır zorakılıqlarla müşayiət olunan dağıdıcı vətəndaş müharibəsi gedir. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

 

XARİCİ XƏBƏRLƏR bölməsi