UNESKO Əbdürrəhim bəy Haqverdiyevin yubileyini qeyd edəcəkdir

XƏBƏRLƏR
22 May
02:08

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 ili tamam olur. Məlum olduğu kimi bununla əlaqədar Prezident İlham Əliyev yanvarın 31-də sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır”.

Onu da qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcəkdir. UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində təşkilatın 2020-2021-ci illər üzrə yubileylər siyahısı təsdiq edilib.

Təşkilatın dəyərlərini, mədəni müxtəlifliyini və universallığını əks etdirməsi, ölkəsinin hüdudlarından kənarda tanınması və regional əhəmiyyət kəsb etməsi kimi meyarlarına cavab verdiyi üçün Azərbaycanın tanınmış drama­turqu, rejissoru və ictimai xadimi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi də UNESKO-nun yubileylər siyahı­sına daxil edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESKO üzrə Azərbaycan Milli Komissi­yası və Azərbaycanın UNESKO Yanında Daimi Nümayəndəliyinin birgə hazırladığı sənəd təşkilatın katibliyi tərəfindən müsbət qiymətləndirilərək təsdiq olunub.

Azərbaycan ədəbiyyatının, milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olan Ə. Haq­verdiyevin dram əsərləri uzun illərdir ki, teatrlarımızın reper­tuarında əhəmiyyətli yer tutur. Onun “Yeyəsən qaz ətini, görəsən ləzzətini” və “Dağılan tifaq” kimi əsərləri Azərbaycanın bütün teatr­larında uğurla tamaşaya qoyulmuş və bu gün də repertuarda əsas yer tutmaqdadır.

Milli teatrımızın inkişafında Ə. Haqverdiyevin xidmətlərindən biri də onun təşəbbüsü və təşkilatçılığı ilə 1902-ci ildə Ağdam Dram Teatrının yaradılmasıdır..Yerli ziyalıların da yaxından köməyi sayəsində teatr ilk tamaşalarını-M.F.Axundovun”Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.B.Haqverdiyevin ”Dağılan tifaq” əsərlərini hazırlamışdır. Sonrakı illərdə ictimai əsaslarla fəaliyyət göstərən teatr 1937-ci ildən dövlət teatrı olaraq bir çox maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısında uğurlu çıxışlar etmişdir.

1949-cu ildə ölkənin bir çox başqa teatrları kimi Ağdam teatrının da fəaliyyəti dayandırılmışdır.1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə bu sənət ocağı Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı kimi öz fəaliyyətini bərpa etmişdir.

Əbdürrəhim bəyin əsərləri əsasında filmlər də çəkilib. 1963-cü ildə “Marallarım” ekranlaşdı­rılıb. 1983-cü ildə isə “Evlənmək istəyirəm” filmi onun iki hekayəsi əsasında lentə alınıb. 1993-cü ildə isə Ə.Haqverdiyevin əsəri əsasında “Ac həriflər” tammetrajlı film-tamaşası ekranlaşdırılıb.

Hazırda Ə.Haqverdiyevin əsərləri tədqiq olunur, onun haqqın­da monoqrafiyalar, kitablar yazılır, dram əsərləri tamaşaya hazırlanır.

Bir məsələni də qed edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Əbdürrəhim bəy Haqver­diyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə əlaqədar il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

XƏBƏRLƏR bölməsi