Şəhriyar Məmmədyarov beynəlxalq şahmat turnirinin qalibidir!

İDMAN
1 Avqust
14:22
İsveçrənin Bil şəhərində artıq finişin astanasında olan ənənəvi beynəlxalq şahmat turnirinin səkkizinci turunda hər üç görüşdə “dinc” nəticə qeydə alınmışdır. 
 
Qara fiqurlarla oynayan turnirin vahid lideri Şəhriyar Məmmədyarov 42-ci gedişdə fransız Vaşye-Laqrav ilə, rusiyalı Pyotr Svidler norveçli Maqnus Karlsenlə, David Navara (Çexiya) Niko Georgiadislə (İsveçrə) heç-heçəyə razılaşmışlar.
Təbii ki, belə vəziyyətdə turnir cədvəlində heç bir dəyişiklik olmayıb. Xal ehtiyatını 6-ya çatdıran Məmmədyarov ikinci pillədə irəliləyən Karlsendən 1 xal irəlidədir, Svidlerin 4,5, Vaşye-Laqravın 4, Navaranın 3,5, Georgiadisin 1 xalı var.
Dünən axşam keçirilən sonuncudan əvvəlki, doqquzuncu turda Məmmədyarov ağlarla Karlsenə qarşı oynamış, həmçinin Navara–Svidler və ­Georgiadis–Vaşye-Laqrav görüşləri keçirilmişdir.
Dünən Şəhriyar Məmmədyarov 9-cu turda Maqnus Karlseni məğlub etmişdir. Bununla da sonuncu turun nəticəsindən asılı olmayaraq həmyerlimiz beynəlxalq şahmat turnirinin qalibi olmuşdur.
Təbrik edirik, Şəhriyar Məmmədyarov!
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
İDMAN bölməsi