Ürək-damar cərrahiyyəsinə dair növbəti seminar keçirilib

TƏHSİL
5 Fevral
14:09

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün ürək-damar cərrahiyyəsinə dair növbəti seminar keçirilib.

ATU-nun Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim Mirəli Məcidov qeyd edib ki, anastomoz ürək-damar cərrahiyyəsində çox önəmli yerlərdən birini tutur. Qeyd edib ki, anastomoz texnikasının sırf ürək-damar cərrahiyyəsinə aid olmasına baxmayaraq, rezidentlərin hər biri bu üsul haqqında həm nəzəri, həm də praktiki bacarıqlara malik olmalıdır. Çünki praktikada elə hallar olur ki, yalnız cərrahiyyə sahəsinin həkimləri yox, digər sahə mütəxəssislərinə də damar anastomozları, damarlara müdaxilə qaydalarını bilmək lazım olur.

Tədris Cərrahiyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, I cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov isə qeyd edib ki, mütəmadi olaraq keçirilən kursların əsas məqsədi rezidentlərə əsas ilkin cərrahi bacarıqlar, həmçinin laparoskopik alətlərlə tanışlıq və laparoskopik bacarıqların öyrədilməsidir.

Seminarda Klinikanın mütəxəssisləri tərəfindən damar anastomoz qaydaları haqqında, ürək şuntlama əməliyyatlarında anastomozların aparılma qaydaları, istifadə olunan qreftlərdən, konyvitlər barədə məlumat verilib. Anastomoz zamanı baş verə biləcək fəsadlar, ağırlaşmalar, onların təfərrüatlarından danışılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

TƏHSİL bölməsi