Şuşanın “270-ci səhifə”si təqdim olunub

MƏDƏNİYYƏT
4 Dekabr
15:14

Dövlət başçısı tərəfindən elan edilmiş “Şuşa ili” sona yaxınlaşır. Lakin Şuşa mövzusu hər zaman aktualdır. “Şuşa ili”ndə bu tarixi-mədəni şəhərimizə həsr olunan siyasi, mədəni tədbirlər, sənədli filmlər, musiqi festivalları öz sanbalı ilə seçildi. Dekabrın 3-də “Park Cinema”da premyerası baş tutan “270-ci səhifə” adlı sənədli film də bu qəbildəndir.

 

Həmin film “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə araya-ərsəyə gətirib.

 

Premyeranı giriş sözü ilə açan ssenari müəllifi Ayaz Mirzəyev filmin adının təsadüfi olmadığını bildirərək, bunun 270 yaşlı Şuşa şəhərinin taleyinə bütöv yanaşmaq istəyindən irəli gəldiyini qeyd edib.

 

Filmin çəkilişində böyük zəhmət sərf etmiş araşdırmaçı Müsəllim Həsənov çıxış edib. O, Qafqazın konservatoriyası adlanan Şuşanın işğal dövründə maddi-mədəni irsinə vurulmuş zərərdən, işğal vaxtı ermənilərin dağıtdığı mədəniyyət abidələrindən, məktəblərdən bəhs edib, bu şəhərin mədəni mühiti və milli irsimiz barəsində sənədli vizual materialların filmə rəng qatdığını bildirib.

 

Sonra film izləyicilərə təqdim olunub. Maraqlı süjet xətti, dərin təhlil diqqət çəkib, konkret sənədlərlə Şuşa şəhərinin tarixinə, təhsilinə, mədəniyyətinə ekskurs edilib. Azərbaycanlıların soyqırımı, erməni vandalizmi yaradıcı heyət tərəfindən ətraflı işıqlandırılıb. Filmin finalında 28 illik həsrətin böyük Zəfərlə bitməsi barədə görüntülər izləyicilərə duyğulu anlar yaşadıb.

 

Filmin rejissoru, Zəka Quluyev, prodüseri Kəmalə Cahidqızı, quruluşçu opretoru, Emin Hüseynov, operatoru Soltan İbrahimov, montajçısı isə Arzum Nuruşzadədir.

 

Qeyd edək ki, filmin tezliklə həm yerli ictimaiyyətə, həm də xarici dillərdə beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur.

 

Anar TURAN,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi