Keçmişə salam və ya Qarxunlu Əşrəf bəyin yaralı evi...

MƏDƏNİYYƏT
4 Dekabr
14:39

... Anamı xatırlayıram. Hər dəfə xalası Maralın həyat yoldaşı Əşrəf bəydən söhbət düşəndə gözləri dolardı. Uşaq yaddaşına ilişib qalan o günləri elə sevinclə yada salardı ki... “Əşrəf əmi mənə hədiyyə aldı. Əşrəf əmi məni qucağına götürüb, üzümdən öpdü...” – deyərdi. Cəmi 5 yaşlı uşaq bundan başqa nə xatırlaya bilərdi axı... Bir dəfə də dayımın kimsə Əşrəf əmini görüb” deyəndən sonra hönkür-hönkür ağlaması bu gün də yadımdan çıxmır ki, çıxmır...

 

Söhbət Əşrəf bəy Qarxunludan gedir. Onun haqqında çox yazılıb, kitablar çap olunub.

 

Qarxunlu Əşrəf bəy Tağıyev 1867-ci ildə Nuxa qəzasının Qarxun kəndində anadan olub. Əvvəlcə molla məktəbində oxuyub. Sonra Tiflisdə Gimnaziyada təhsil alıb. Öz xərci ilə Yuxarı Qarxun kəndində dörd sinifli, sonra isə yeddi sinifli rus-tatar məktəbi açdırıb. 1918-ci ilin mart qırğınından sonra Əşrəf bəyin təklifi ilə ermənilərə qarşı könüllü dəstələr yaradılıb. Nuru Paşa başda olmaqla türk ordusunun qarşılaşmasında, Ərəş süvari alayının tərkibində türk qoşunları ilə bərabər bolşevik daşnak ordusuna qarşı əməliyyatlarda iştirak edib. 1918-ci ilin dekabrında Ərəş mahalından Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə üzv seçilib. “Əhrar” Partiyasının yaradıcılarından olub. Zaqafqaziya Dövlət Siyasi İdarəsinin və Azərbaycan SSR DİXK üçlüyünün 3 mart 1930-cu il tarixli qərarına əsasən əks-inqilabi təbliğatla məşğul olduğu üçün güllələnib. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 avqust 1989-cu il tarixli qərarı ilə Əşrəf bəyə bəraət verilib.

 

Bu, yazdıqlarım şərəfli yol keçmiş görkəmli bir şəxsiyyətin həyatının bəzi detalları, çox qısa bir xronologiyasıdır.

 

...Yevlaxın Yuxarı Qarxun kəndinə gəlmişəm. Əşrəf bəyin evini tapmaq istəyirəm. Bələdçimiz bizi həmin həyətə gətirir. Qapını açan orta yaşlı bir nəfərlə tanış oluruq. Bu həyətdə indi Elçin Musayev yaşayır. Həyətin bir tərəfində özünə ev tiksə də, Əşrəf bəyin məşhur ocağına əl vurmayıb. “Ona toxunmağa, nədənsə əlim gəlməyib, – deyir, – Düşünmüşəm ki, bu müqəddəsliyə toxunmaq olmaz. Ev isə gördüyünüz kimi, getdikcə uçur. Bir vaxtlar gəldilər, baxdılar. Dedilər ki, bərpa edəcəklər. Amma sonra səs-soraq çıxmadı.

 

Şəkildə gördüyünüz bax, həmin evdir. Yalnız quru divarları qalıb. O ev ki, 1918-ci ildə Yevlaxda Nuru paşanı qarşılayan Əşrəf bəy onu məhz bu evə dəvət edib. Süfrə açdırıb. Ona xidmət edənlərin qulluqçu olmadığını görən Nuru paşa bəyə sual verib:

 

– Bəy, sizin heç xidmətçiniz, nökəriniz yoxdurmu? Əşrəf bəyin cavabı belə olub:

 

– Paşam, mən öz millətimi qapımda nökər işlədə bilmərəm.

 

Elçin Musayev danışır. Həmkəndlisinin keçdiyi şərəfli yoldan, qəhrəmanlığından söhbət açır. Deyir yaxşı olar ki, Şəmistan Nəzərlinin yazdığı kitabı oxuyasınız. Orada Əşrəf bəy haqqında elə qiymətli faktlar var ki, belə bir həmyerlimin olmasıyla fəxr edirsən. Düşünürsən, bu xalq necə insanlar yetişdirib. Bu gün torpaqlarımızı alanlar elə Əşrəf bəy kimi qəhrəmanların nəvələri, nəticələridir.

 

Bu qeydləri yazıram, istər-istəməz ağlımdan bir fikir keçir: Görəsən, öz keçmişimizə bu qədər laqeydlik haradandır? Bu münasibəti biz kimin ayağına yazaq? Belə bir məşhur deyim var: “Unutsaq, unudularıq”. Düşünürəm, bəlkə bir dəfə yolumuzu bu kənddən salaq, gedək həmin evi ziyarət edək. Əşrəf bəyin də ruhu şad olar. Hər daşında, divarında tarix yatan bu abidəyə biz həyat verək? Yevlaxdan qayıdandan sonra tədqiqatçı-jurnalist Şəmistan Nəzərliyə zəng vurdum. Gördüklərimi danışdım. Təəssüfləndi. “Mütləq münasibət göstərmək lazımdır, – dedi. – Başa düşmürəm, bunlar bilmirlər ki, keçmişə mütləq salam verilməlidir?”

 

Nə gözəl sözdür. Keçmişə salam... Öyrəndim ki, Şəmistan müəllim Əşrəf bəy haqqında yeni kitab yazıb, maraqlı tarixi sənədlər əldə edib. Amma, çap etməyə maliyyə imkanı yoxdur.

 

Yenə təəssüf...

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

MƏDƏNİYYƏT bölməsi