Vətənsevərlik və sədaqət nümunəsi

MƏDƏNİYYƏT
4 Dekabr
14:30

Azərbaycan Ordusunun tarixi Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ayrılmaz tərkib hissəsidir. Milli Ordunun yaradılması, formalaşdırılması, qısa müddət ərzində real hərbi qüvvəyə çevrilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Hərbi Nazirliyin fəaliyyətinin çox mühüm, şərəfli səhifələrindən birini təşkil edir.

 

Səməd bəy Məşədibəy oğlu Rəfibəyov (Türk Silahlı Qüvvələrindəki xidmət dəftərçəsində Əbdülsəməd bəy Sayqın və ya Əbdülsəməd bəy Sayqın Rəfibəyzadə kimi qeyd edilmişdir R.R.) 1892-ci ildə Gəncə şəhərinin Balabağban qəsəbəsində anadan olub. 1916-cı ildə Tiflis Hərbi Məktəbini bitirib və 7-ci Qafqaz sərhəd süvari alayında poruçik hərbi rütbəsində həqiqi hərbi xidmətə başlayıb. Həmin il iyulun 1-dən 1917-ci il dekabrın 6-dək bu alayda rota komandiri olmuşdur. 1918-ci ilin yanvarında yeni yaradılan Müsəlman korpusu 1-ci diviziyasının 1-ci Bakı atıcı alayında piyada bölüyünün komandiri kimi bolşevik–daşnak dəstələrinə qarşı vuruşub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Səməd bəy Rəfibəyova Qafqaz İslam Ordusunun tərkibində nümunəvi xidmətlərinə və döyüşlərdə göstərdiyi igidliyə görə 1918- ci il iyulun 2-də ştabs-kapitan hərbi rütbəsi verilib. Avqust ayında Nuru paşanın təqdimatı ilə Azərbaycan Dəmir Yollarına müvəqqəti olaraq komissar təyin edilib.

 

Türk qoşunları Azərbaycanı tərk etdikdən sonra hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 3 fevral 1919-cu il tarixli 55 H nömrəli əmri ilə Səməd bəy Rəfibəyov qərargahı Cavanşir qəzasının Ağdam bölgəsində yerləşən 1-ci piyada alayı üçüncü taborunun komandiri təyin edilib. Nümunəvi xidmətlərinə görə hərbi nazirin təqdimatı ilə Nazirlər Şurası Sədrinin 25 iyun 1919-cu il tarixli 28 H nömrəli əmri ilə ona kapitan hərbi rütbəsi verilib. 1919-cu il avqustun 26-da hərbi nazirin 373 H nömrəli əmri ilə yeni yaradılan əlahiddə Lənkəran ehtiyat taboruna komandir təyin olunub. Həmin tabor 1919-cu il dekabrın 1-dən AXC Ordusunda aparılan təşkilati-ştat dəyişikliyi ilə əlaqədar 7-ci Şirvan piyada alayı kimi yaradılıb və kapitan Rəfibəyov həmin alayın komandiri olub.

 

1920-ci ilin əvvəllərində Qarabağda vəziyyət yenidən gərginləşəndə hərbi nazir 25 yanvar 1920-ci il tarixli 54 H nömrəli əmri ilə vaxtından əvvəl podpolkovnik hərbi rütbəsi verilməklə Səməd bəy Rəfibəyovu birinci piyada diviziyasının birinci Cavanşir piyada alayına komandir təyin edib. Hərbi nazir Səməd bəy Mehmandarov S.Rəfibəyovun təyinat əmrində onun Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək bunları bildirmişdir:

 

– “Mənim 26 avqust 1919-cu il tarixli 373 H nömrəli əmrimlə, indi podpolkovnik S.Rəfibəyov yeni yaradılan Lənkəran ehtiyat taborunun komandiri vəzifəsinə təyin olunub. Ölkənin və gənc ordumuzun qarşısında məsuliyyətini yaxşı bilən Rəfibəyov bütün enerjisini və biliyini Lənkəran taborunun formalaşmasına yönəldərək, qısa müddət ərzində yüksək nəticələr əldə etməklə döyüş qabiliyyətli bir hərbi hissəni formalaşdırır. Təcrübəli və savadlı bir zabit kimi Səməd bəy daha sonra mənim 1 dekabr 1919-cu il tarixli 551 nömrəli əmrimlə yeni yaradılan 7-ci Şirvan piyada alayının komandiri vəzifəsinin icraçısı təyin olunur. Onun işgüzarlığını və şəxsi heyətə qayğısını nəzərə alaraq, mən xüsusi təqdimatımla Rəfibəyova vaxtından əvvəl podpolkovnik hərbi rütbəsi verilməsi üçün hökumət qarşısında vəsatətlə çıxış etdim və hökumətin 25 yanvar 1920-ci il tarixli qərarı ilə ona podpolkovnik hərbi rütbəsi verildi. Əmri elan etməklə səmimi qəlbdən podpolkovnik Rəfibəyova vicdanlı və səmimi xidmətlərinə görə təşəkkür elan edirəm və əminəm ki, yeni xidmət yerində də ona göstərilən etimadı doğruldaraq qısa müddət ərzində hərbi hissənin döyüş qabiliyyətini lazımi səviyyəyə qaldıracaqdır”.

 

Diviziya komandirlərinin, eləcə də hərbi nazirin müavini, general Əliağa Şıxlinskinin raportlarında da Səməd bəy Rəfibəyov savadlı və bacarıqlı komandir kimi xarakterizə edilib. Alay, briqada və diviziya komandiri vəzifələrinə zabitlər şəxsən hərbi nazir tərəfindən seçilərək təyin olunurdu. Seçim zamanı onların hərbi biliyi, təcrübəsi, şəxsi keyfiyyətləri, xalqına və dövlətinə sadiqliyi əsas meyar kimi götürülürdü. Səməd bəy Rəfibəyovda bu keyfiyyətlər olmasaydı, hərbi nazir onu Qarabağ kimi çox çətin və mürəkkəb bölgədə alay komandiri vəzifəsinə təyin eləməz və bir ildə iki dəfə yeni hərbi rütbəyə layiq görməzdi. Bu etimadı podpolkovnik Səməd bəy Rəfibəyov öz gərəkli xidmətləri ilə qazanmışdı.

 

Podpolkovnik Səməd bəy Rəfibəyov 1920-ci ilin mart və aprel aylarında Xankəndində və Əskəranda milli hökumətimizə qarşı qiyam qaldıran erməni daşnakları ilə döyüşlərdə qəhrəmanlıq göstərənlərdən biri olmuşdur. Azərbaycan Ordusunun əməliyyat komandanı olan general Həbib bəy Səlimovun general Əliağa Şıxlinskiyə ünvanlanmış raportuna görə, Səməd bəy dörd günlük Keşişkənd əməliyyatında özünü yaxşı cəhətdən göstərə bilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqda onunla barışmayıb, 1920-ci il mayın sonu – iyunun əvvəllərində rus bolşevikləri ilə erməni daşnaklarının birləşmiş qüvvələrinə qarşı Gəncə üsyanında qeyri-bərabər döyüşlərdə peşəkar zabit kimi vuruşub. Gəncə və Qarabağdakı üsyan yatırıldıqdan sonra komandiri olduğu hərbi hissənin sağ qalan bir qrup heyəti ilə birlikdə Türkiyəyə keçib və Azərbaycan süvari alayı kimi Türk Qoşunlarının tərkibində Şərq cəbhəsində vuruşub. O, qardaşı Eyyub bəylə Türkiyəyə getdikdən sonra, digər qardaşları İlyas bəy və Cəlil bəy repressiya olunur, ailələri isə Sibir və Qazaxıstana uzun müddətə göndərilirlər. Bacıları Firəngiz xanım isə üç oğlu və üç qızı ilə Qırğızıstana sürgün edilirlər. Türk ordusunda həqiqi hərbi xidmətə qəbul edilmə tarixi xidmət dəftərçəsində 1 iyul 1918-ci il (01 temmuz 1336-cı il) göstərilir. Böyük ehtimalla bu tarix Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunda həqiqi hərbi xidmətə daxil olma tarixidir. 1920-ci il iyulun 1-də İstiqlaliyyət müharibəsinin Şərq cəbhəsində Türkiyə ordusunun tərkibində yaradılan Azərbaycan süvari alayının komandiri təyin olunan Səməd bəy ermənilərlə aparılmış Qars və Sarıqamış əməliyyatlarında da iştirak etmişdir. O, həmin vəzifədə 1921- ci ilin martına kimi xidmət göstərmişdir. "Ermənistan hərəkatı" və "İraq cəbhəsi" adlanan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 1921-ci ilin martından 1922-ci ilin noyabrına kimi Şərq Cəbhəsi qərargahında tərcümə şöbəsinin rəisi vəzifəsində işləyib. 1922-ci ilin noyabrından 1924-cü ilin noyabrına kimi 6-cı süvari diviziyasının 15-ci süvari alayı komandirinin müavini olub. 1924-cü ilin noyabrından 1928-ci ilə kimi isə həmin diviziyanın qərargahında əlaqələndirici zabit vəzifəsində çalışıb.

 

1928-1930-cu illərdə hərbi məktəbdə təkmilləşdirmə kurslarında təhsil alıb. Təhsilini bitirdikdən sonra 13-cü süvari alayında bölük komandiri vəzifəsinə irəli çəkilb. Həmin alayda 1932-ci ilədək xidmət edib, sonra 5-ci süvari alayına keçirilib. 1935-ci ildə 5-ci süvari alayı qərargahında xidmətdə olarkən alay komandiri vəzifəsini icra edib. 1938-ci ildə 41-ci süvari alayı komandirinin müavini vəzifəsində xidmət göstərib və 1940-cı ilədək həmin vəzifədə çalışıb. 1940-cı ilin əvvəllərində 3-cü ordunun kəşfiyyat şöbəsinin rəisi təyin olunub. 1942-ci il avqustun 15-də isə 45-ci süvari alayının komandiri vəzifəsinə təyin edilib və az müddət sonra polkovnik rütbəsi alıb. 28 avqust 1948-ci ildə daha yuxarı – general-mayor rütbəsinə yüksələrək, 2-ci süvari briqadasının komandiri vəzifəsinə irəli çəkilib. Bəzi mənbələrdə onun Türkiyə ordusuna xidmətə qəbul edilərkən polkovnik hərbi rütbəsində olduğu bildirilir, Türkiyə Silahlı Qüvvələrində xidmətdə olarkən 1952-ci il avqustun 2-də tərtib edilmiş xidmət dəftərçəsindən görünür ki, ona 30 avqust 1942-ci ildə Türkiyə ordusunda polkovnik (albay) hərbi rütbəsi verilmişdir. Səməd bəy Rəfibəyov Türkiyə Cümhuriyyətində soyad qanunu çıxanda Əbdülsəməd bəy Sayqın adını götürmüşdür. Onun Türkiyə Silahlı Qüvvələrindəki xidmət dəftərçəsində, eyni zamanda, Əbdülsəməd bəy Sayqın Rəfibəyzadə də qeyd edilmişdir. 1952-ci il avqustun 2- də general-mayor Əbdülsəməd bəy Sayqın Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının inspeksiya qrupunun üzvü olur və həmin vəzifədən ehtiyata buraxılır. General-mayor Əbdülsəməd bəy Sayqın Səməd bəy Məşədibəy oğlu Rəfibəyov) qardaş Türkiyə ordusunda həqiqi hərbi xidmətdə olarkən İstiqlal savaşında fəal iştirak edib, "Hərb" və birinci dərəcəli "İstiqlal" medalları ilə təltif olunub. Əbdülsəməd bəy Sayqın hərbi xidmətdə və ehtiyatda ikən qardaş Türkiyədə Azərbaycan siyasi mühacirləri ilə daim sıx əlaqədə olmuş və Azərbaycanın yenidən müstəqilliyə qovuşması üçün mübarizə aparmışdır.

 

Xalqımızın bu vətənpərvər oğlu qardaş Türkiyə ordusunda general-mayor hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlı zabitdir.

 

Hərbi xidmətinin sonlarında Ədirnə və Qarsdakı Türkiyə qoşunlarının komandanı vəzifəsinə qədər yüksələn Əbdülsəməd bəy Sayqın 1980-ci il yanvarın 19-da ömrünün 88-ci ilində qardaş Türkiyənin İstanbul şəhərində vəfat edib və orada dəfn olunub.

 

Generalın həm Azərbaycan Xalq Cümhuriyyəti ordusunda, həm də Türkiyə ordusundakı xidmətləri, onun əqidə bütövlüyü, dürüstlüyü, zabit əyilməzliyi, hər iki qardaş xalqın qarşısında sədaqətli xidmətləri gələcək nəsillərin də xatirələrində yaşamalı, indiki və gələcək nəsillərə sədaqət nümunəsi olmalıdır.

 

Ruslan RƏFİZADƏ,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi