Kitab mağazaları niyə azalıb?

MƏDƏNİYYƏT
4 Dekabr
14:21

Kitab oxumaq, kitab almaq özü bir mədəniyyətdir. İnsan şüurunun daim axtarışda olduğunu nəzərə alsaq, bunun məhz kitab oxumaqla təmin olunması ən təbii və təsirli üsuldur. Bu gün biz informasiya bolluğu dövründə yaşadığımız üçün kitablara maraq azalıb. Amma unuduruq ki, bu məlumat bolluğu bizə kitablardan aldığımız nəticəni – bilgini və zövqü vermir. Xoşbəxt o insanlardır ki, hələ də yorulmadan kitab oxuya bilirlər.

 

Son 15-20 ildə Azərbaycanda, xüsusilə paytaxt Bakıda kitab mağazalarının, bukinistlərin sayı getdikcə azalır. Bakıda cəmi 20-yə yaxın kitab mağazası fəaliyyət göstərir. Halbuki sovetlər dönəmində bu göstərici 10-15 dəfə çox olub. Paytaxtda 3 milyona yaxın adamın yaşadığını nəzərə alsaq, təqribən 300 min nəfərə bir kitab mağazası düşür. Bəs mağazaların sayının azalmasının əsas səbəbi nədir: oxucu azlığı, yoxsa kitab biznesinin gəlirsiz olması?

 

Etiraf edək ki, bu gün kitab mağazası saxlamaq, özü də bunu şəhərin mərkəzində etmək çox çətindir. Bir neçə il əvvəl “28 May” metro stansiyasının həndəvərində iki bukinist dükanı var idi. İndi onlar masajxanaya, dönər obyektinə, marketə çevriliblər. Barmaqla sayıla biləcək məkanlar qalıb. Bunun bir səbəbi də, əlbəttə, iqtisadi məsələdir. Əgər kitabların satışı normal olsa, bu işin peşəkarları yaxşı pul qazana bilsələr, kitab biznesindən uzaqlaşmaz, yeni kitab mağazaları açarlar.

 

Paytaxtda bukinistlər azalıb. Bukinist az tapılan, yaxud köhnə kitabların ticarəti ilə məşğul olan mağaza və ya adam deməkdir. Əvvəllər metronun Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin yaxınlığında, Sabir bağının ətrafında, Nizami kinoteatrının arxasında, İçərişəhər metrosunun yaxınlığında bukinistlər fəaliyyət göstərib. Bu gün isə onlar gözə dəymir. “Nizami” kinoteatrının arxasında böyük bukinist mağazası vardı. Tələbəlik illərimizdə istədiyimiz kitabları tapmaq üçün orada saatlarla vaxt keçirirdik. Tapılmayan kitabları bəzən bukinistlərdən tapmaq olur. Həm də orada qiymətlər adətən aşağı idi. Bildiyimə görə ora hələ sovet dövründən fəaliyyət göstərirmiş. Sahibi də yəhudi imiş.

 

Nizami Kino Mərkəzi təmir olunandan sonra isə o bukinist yerinə qayıtmadı. Onlarla bu cür halın adını çəkmək olar. Bununla da oxucularla bukinistlər arasında əlaqə qırıldı. Təəssüf ki, indi o ünvanda, necə deyərlər, fəaliyyət istiqamətini dəyişib. Köhnə təyinatlar unudulub. Məsələn, əvvəllər Nizami Kinoteatrının binasında bukinist mağazası yerləşirdi. Əslində isə bukinistlərin yaşaması vacibdir. Çünki biz sovet dövründə nəşr olunmuş kitabları adi kitabxanalardan tapa bilmərik. Bukinistlər dağıldıqca bu, kitab rabitəsinin itməsinə gətirib çıxarar. Bununla bağlı fikirlərini mənimlə bölüşən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdindəki Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı bildirdi ki, kitab mağazalarına, bukinistlərə hər zaman ehtiyac olub. Uğurlu insanlar diqqətli oxuculardır. Böyük zirvələrə çatmaq, yeni bacarıqlara yiyələnmək, düzgün məlumatlanmaq məhz kitablardan oxuduğumuz biliklərin sayəsindədir. Kitabları əldə etmək üçün isə kitab mağazaları və ya kitabxanalar bizə kömək edir.

 

İbrahim İlyaslı əvvəllər köhnə kitab satanların sayının daha çox olduğunu qeyd etdi. İndi təəssüf ki, satışın aşağı olması səbəbindən mağazalar azalıb. Müasir oxucunun mütaliə aclığını paytaxtımızdakı “Ali&Nino”, “Libraff”, “Akademiya kitab mərkəzi”, “Bakı kitab mərkəzi”, “Novella”, “Qlobus”, “Rebus” kimi kitab mağazaları ödəsə də, bu, yetərli deyil. Bir problem də budur ki, kitab dükanlarının, bukinistlərin sayının azlığı kitabların bahalılığına təsirsiz ötüşmür. İndi ikinci əl kitablar daha çox sosial media üzərindən satılır. Köhnə kitablar elə bil küçələrdən virtual aləmə köçüb. Özümüz də bilirik ki, virtual elə virtual olaraq qalır. Bu baxımdan şəhərin bukinist mədəniyyətinin xatirələrə köçməsi təəssüf doğurur. Ümumiyyətlə, şəhərimizdə kitab sevgisini yaymaq, bukinist mədəniyyətini yaşatmaq lazımdır. Doğrudur, Bakıda teztez kitab yarmarkaları, sərgiləri keçirilir, amma bu azdır. Təkrar səslənsə də deyək ki, kitablar nə qədər çox yayılsa, insanlar da bir o qədər zəka işıqlığına çıxarlar.

 

Nəriman HƏSƏNZADƏ,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi