Azərbaycanı dünyaya tanıdan moda həftəsi

MƏDƏNİYYƏT
4 Dekabr
14:16

Dekabrın 2–3-də Beynəlxalq Muğam Mərkəzində ölkədə keçirilən moda həftəsinin (AFW) 13-cü mövsüm nümayişində seçilən, parlaq dizaynerlər ictimaiyyətə təqdim olundu. AFW-nin indiki həftəsi Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuşdu. 

 

Moda həftəsinin baş prodüseri Sayat Dossıbayev həm də Qazaxıstan Moda həftəsinin təsisçisidir. Onun təşkilatçılığı ilə AFW podium iki ölkənin ünlü dizaynerlərinin görüş yerinə çevrilib.

Moda həftəsində azərbaycanlı rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın Avropanın gözəl və füsunkar şəhərlərindən olan Venesiyaya həsr etdiyi bahar-yay moda kolleksiyası nümayiş olundu. 2023-cü ilin kolleksiyasının məhz dekabr ayında keçirilməsinin modanın əsas tələbi olduğunu deyən modelyer nümayiş etdirdiyi nümunələr haqqında məlumat verdi: “Mən növbəti ilin bahar-yay mövsümünün tendensiyalarını nümayiş etdirdim. Kolleksiya yaratmaq üçün həm də ilham mənbəyi lazımdır. Mənə bu dəfə ruh verən İtaliyanın gözəl və cazibədar Venesiya şəhəri oldu. Ötən yay mən orada film festivalında iştirak etmişdim. Orada keçirilən maska karnavalında qərar verdim ki, növbəti bahar-yay kolleksiyamı Venesiyaya həsr edim. Bu kolleksiya “Venesiyada çin olan arzular” adlanır”.

 

Modelyer soydaşımız daha sonra Azərbaycanın və Qarabağın gözəlliyini dünyanın bir çox ölkələrində təqdim etməyi nəzərdə tutduğunu da söylədi.

 

Fəxriyyə Xələfovanın kolleksiyasının nümayiş zamanı tamaşaçılara Venesiya ruhunu çatdırmaq üçün monitorda şəhər mənzərələri təqdim olundu.

 

Azərbaycan Moda Həftəsinin 13-cü mövsümündə yerli və xarici dizaynerlərin də geyim kolleksiyaları nümayiş etdirildi. Qazaxıstan “Shogy”, “Nomade”, “Usaliev”, “A-Sain kids”, “Asheri” və s. məşhur brendləri ilə təmsil olundu. Dizayner İrina Diosa AFW-də Özbəkistanı təmsil edirdi. Yarışda Fəxriyyə Xələfova, La Şyla, Soul Desire, Mario Russo, Ny Gyul kimi məşhur dizaynerlərlə yanaşı, Azərbaycanın tanınmış modelyerləri Mənzər Zəkizadə, “Fashion” məktəbinin məzunları Röya Bəşirova, Ramilya Mehdiyeva və Sultan Məmmədova da debüt kolleksiyalarını təqdim etdilər.

 

Fidan HÜQUQQIZI

MƏDƏNİYYƏT bölməsi