Ən yüngül noutbuk

XƏBƏRLƏR
4 Dekabr
03:39
Məlum olduğu kimi, noutbuk ev üçün ən lazım olan əşyalardan biridir. Bu universal əşya ilə rahatlıqla mətn yazmaq, internetdən istifadə etmək, xəbərlərə baxmaq, film izləmək, oyun oynamaq və hətta videozənglər də etmək mümkündür. Yəni noutbuklar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ümumiyyətlə, noutbuk almaq asan məsələ deyil, bütün nüanslar nəzərə alınmalıdır: detallardan tutmuş korpus materialına qədər. Əlbəttə ki, onun çəkisi də mühüm rol oynayan amillərdən biridir. Belə ki, istifadəçilərin istəklərini əsas tutaraq “Asus” şirkəti dünyanın ən yüngül noutbukunu təqdim edib. Məlumatlara görə, 14 düymlük bu cihazın çəkisi isə cəmi 880 qramdır. “Asus ExpertBook B9” adlı noutbuk ilk olaraq ABŞ bazarında satışa çıxarılacaq. Maraqlıdır ki, onun əsas hissələri maqnezium ərintisindən hazırlanıb. O da qeyd olunur ki, cihaz 12-ci nəsil “Intel Core” prosessoru, 14 düymlük Full HD (1920x1080) ekran, həmçinin 16GB və ya 32GB yaddaşla və 1 TB və ya 2 TB SSD ilə təchiz olunub. Bundan əlavə, noutbukun ekranı 180 dərəcəyə qədər əyilə bilir və güclü batareyaya malikdir. Bunun sayəsində o, 16 saata qədər enerji yığmadan işləyə bilər. Qeyd edək ki, cihazın qiyməti 1800 dollar olaraq müəyyən edilib.
XƏBƏRLƏR bölməsi