Prezident İlham ƏLİYEV: Beynəlxalq səfərlər yenidən həyatımızın bir hissəsinə çevrilib

SİYASƏT
3 Dekabr
04:23

Bu ilin aprelindən bu yana mən üç dəfə Özbəkistanda səfərdə oldum, rəsmi səfər və beynəlxalq tədbirlərlə əlaqədar. Mən Qırğızıstanda dövlət səfərində oldum. Bu ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olub və həmçinin bundan əvvəl mən Türkmənistanda səfərdə oldum. Gələn il Tacikistana səfər etməyi planlaşdırıram.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Türkiyəli ekspertlər region ölkələrinin postpandemiya dövründəki ictimai-siyasi və sosial-iqtisadi mənzərəsini təhlil etməyə çalışarkən maraqlı və   yekdil bir fikrə gəliblər. Onlar deyirlər ki, Azərbaycan pandemiyanın tüğyan etdiyi  dövrdə XXI əsrin müharibəsini apararaq,  müasir dünyanın ən ədalətli qələbəsinə nail olubsa, bu ölkənin postpandemiya dövründə necə böyük uğurlara imza atacağını heç kəs proqnozlaşdıra bilməz. 

Dövlət başçımızın ADA Universitetində keçirilən sonuncu tədbirdə bu məsələyə münasibət bildirməsi də türkiyəli həmkarlarımızın məntiqinin təsdiqi kimi qiymətləndirilə bilərdi. Cənab Prezident həmin tədbirdə xatırlatdı ki, postpandemiya dövründə beynəlxalq səfərlər yenidən bizim həyatımızın bir hissəsinə çevrilir. “Bu dövrdə mən Mərkəzi Asiya ölkələrində çox vaxt keçirdim”– deyən dövlət başçımız xatırladır ki, onun  region liderləri ilə təmasları son zamanlar  çox böyük dinamizm səviyyəsinə malikdir.
Təbii ki, Azərbaycanın dostları arasıında təkcə Mərkəzi Asiya ölkələri deyil, Avrasiyanın əksər ölkələri də vardır. Məsələn, dövlət başçımız  son bir neçə ay ərzində Pakistanın Baş naziri cənab Şahbaz Şəriflə iki dəfə görüşmüşdür.  Prezidentin fikrincə, bu, dostluq və qardaşlıq gündəliyidir: “Biz...  nümayiş etdirdiyi davamlı dəstəyə görə Pakistana çox minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”. 
Prezident  xatırladır ki, o,  Türk Dövlətləri Təşkilatının sammitində çıxış edərkən təhlükəsizlik məsələsinə də toxunmuşdur. Çünki indi təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir: “Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, düşünürəm ki, bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var”.
Maraqlı arqumentdir və təbii ki, bu məntiqin arxasında genişmiqyaslı siyasi fəaliyyət, səmərəli diplomatik münasibətlər, təşəbbüskarlıq və əzmkarlıq dayanır. Yəni Azərbaycanın postpandemiya reallıqları da elə digər reallıqları kimi hamı tərəfindən qəbul edilir və alqışlanır. Dövlət başçımız yada salır ki, biz  Azərbaycan, Türkiyə və Qazaxıstan arasında fəal əməkdaşlığın üçtərəfli formatına başlamışıq. 
Bu məqamda başqa bir amili də xatırladaq. Belə  ki, son zamanlar İran və  Ermənistanın  bizim  bəzi ölkələrlə əməkdaşlıq və tərəfdaşlığımıza  mane olmaq  istəyi barədə fikirlər dolaşır. Hətta,  bəzi ekspertlər inanırlar ki, bədxahlarımızın həmin cəhdləri baş tuta bilər. Ancaq Prezident İlham Əliyev tamamilə başqa fikirdədir. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri  var. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və özlərinə  məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. 
İrana gəlincə isə dövlət başçımızın fikrincə,  Tehran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir: “Beləliklə, əgər biz bütün iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək. Beləliklə, bu, əlbəttə ki, bizim tərəfdaşlarımızla qarşılıqlı əlaqələrimizdən asılı olacaq”. 
Bəzi həmkarlarımızın fikrincə, Azərbaycanın son dövrdə atdığı ən uğurlu addımlardan biri də  İsraildə səfirlik,  Fələstində isə təmsilçilik ofisi açmaq barədə qərar qəbul etməsidir. Dövlət başçımızın fikrincə, bu,  bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir:  “Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir... Aydın başa düşdüyümüz kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik”.
Yeri gəlmişkən, Azərbaycan ­Prezidenti bu ilin əvvəlində  Ərəb Liqasının baş katibi cənab Əbul Qeyti qəbul etmişdi.  Hazırda  tərəflər  arasında  gələcək əməkdaşlıq məsələləri  müzakirə edilir. Ola bilsin ki, Bakıda Ərəb Liqası nümayəndəliyinin  açılması ideyası həyata keçirilsin. Dövlət başçımız xatırladır ki, biz Ərəb Liqasının üzv dövlətlərinə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycana verdiyi davamlı dəstəyə görə minnətdarıq. İşğal dövründə və işğaldan azad edilmə zamanı bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul edilmişdir. 
Azərbaycan,   həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışır. Pandemiya vaxtı Azərbaycan  80-dən çox ölkəyə, o cümlədən, Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə maliyyə yardımı və humanitar dəstək göstərmişdir.
Bir sözlə, ölkəmizin xarici siyasəti çoxsaylı təşəbbüslərlə zənginləşdirilməkdədir. Bu addımlar pandemiya dövründə də bizim üçün əhəmiyyətli idi, İkinci Qarabağ müharibəsi günlərində də. Postpandemiya dövründə isə  həmin addımlarımız daha da intensivləşir. Çünki potensial da var, istək də. Xüsusilə qeyd edilməli məqam isə odur ki, Azərbaycan xalqı dövlət başçımızın atdığı  addımları bəyənir və dəstəkləyir. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

SİYASƏT bölməsi