Türkmənistanda dünya xalqlarının musiqi sənətinə həsr olunmuş beynəlxalq festivalda Azərbaycan da təmsil olunur

MƏDƏNİYYƏT
2 Dekabr
17:04

Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Mükamlar” sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” adlı beynəlxalq festival öz işinə başlayıb.

Bu barədə "Xalq qəzeti"nə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların, əlaqədar nazirliklərin rəhbərləri və nümayəndələri, müğənnilər, musiqiçilər - milli musiqi alətləri ifaçıları iştirak edirlər.

Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan (Rusiya Federasiyası), Özbəkistan və İran mədəniyyət, incəsənət xadimləri iştirak edirlər.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təqdimatı əsasında ölkəmizi sözügedən Festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Festivalda Mərkəzin inzibatçısı Yusif Məmmədov, azərbaycanlı ifaçılar Vahid Əliyev, Fatimə İsgəndərova və Özbəkistanda Azərbaycan saz ustadı İlham Abdullayev Festivalda iştirak edirlər.

Mükamal Sarayına ölkə hökumətinin üzvləri, mədəniyyət sisteminin, ictimai təşkilatların rəhbərləri, yaradıcı işçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri, qonşu ali təhsil ocaqlarının professor və tələbələri toplaşmışdılar. 

Açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Milli musiqi sənəti dünya xalqlarının irsidir” adlı beynəlxalq festival və konfransın iştirakçılarına təbriki oxunub.

Bu böyükmiqyaslı tədbirin əhəmiyyəti də bundan ibarətdir. Türkmənistan liderinin təbrikində deyilir: “Bu beynəlxalq festival və konfrans türkmən xalqının əsrlər boyu davam edən milli musiqi sənətinin dünya ictimaiyyətinə təbliğində, xalqların daha yaxından tanıdılmasında xüsusi rola malikdir. Dünyanı milli musiqi sənəti ilə sıx bağlayır”.

Sonra Mükəmlər sarayının səhnəsində konsert olub.  Zəngin mədəni proqram musiqi əsərlərinin rəngarəngliyi, müxtəlif xalqların qədim xanəndəlik və ifaçılıq sənətinin nadir nümunələri Festivalda iştirakçılara təqdim olunub.

Azərbaycan və Türkiyə musiqi kollektivlərinin, Qızılora vilayəti (Qazaxıstan), A.Curayev adına Tacikistan Dövlət Filarmoniyasının, Xorazm Musiqili Dram Teatrının (Özbəkistan) xalq musiqisi ansambllarının, Buxara şəhəri,  Qırğızıstandan gəlmiş “Etno-Oş” folklor-etnoqrafiya qrupunun ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.  “Türk dünyası” musiqi və rəqs qrupunun sənətçiləri tamaşaçılara gözəl türk rəqsləri təqdim ediblər.

Azərbaycan sənətçiləri bir sıra xalq mahnılarımızı, saz havalarını ifa ediblər. Çıxış tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət olunub.

Tədbirlərdə Türkmənistan dövlət və  hökumət nümayəndələri, TÜRKSOY təşkilatının rəhbəri və nümayəndələri, nazirlik və idarələr, ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri, Aşqabad Forumuna qatılan ölkələrin alim və ekspertləri də iştirak ediblər.

Noyabrın 30-da Dövlət Mədəniyyət Sarayının Mükəmlər Sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” beynəlxalq festival və konfransının təntənəli bağlanışı, diplomların təltif edilməsi və Türkmənistan incəsənət ustalarının konserti keçiriləcək.

MƏDƏNİYYƏT bölməsi