“Azərbaycanın qələbəsinin təməli Lissabon sammitində qoyulmuşdu”

SİYASƏT
2 Dekabr
02:35

Münaqişənin aradan qaldırılması Zaqafqaziyada uğurlu iqtisadi əməkdaşlığı təmin edəcək, respublikalarımızda sosial-iqtisadi vəzifələri müvəffəqiyyətlə yerinə yetirməyə, demokratiyanın və azadlığın bəhrələrindən tamamilə faydalanmağa imkan açacaqdır... Biz müharibə istəmirik, biz sülh istəyirik.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Lissabon Zirvə görüşündəki nitqindən. 
 2 dekabr 1996-cı il


Müstəqil Azərbaycanın tarixində özünəməxsus yeri olan Lissabon sammiti ölkəmizin iqtisadi və hərbi baxımdan zəif olduğu günlərə təsadüf etsə də, biz orada siyasi-diplomatik baxımdan olduqca uğurlu nəticəyə imza ata bilmişdik. Təsadüfi deyil ki, Prezident İlham Əliyev həm 2016-cı ildəki Aprel döyüşlərindən, həm də İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə xatırlatmışdır ki, bizim qələbəmizin təməlində ulu öndər Heydər Əliyevin xarici siyasətdəki qətiyyətli addımları dayanır. Dövlət başçımızın fikrincə, Heydər Əliyev həm atəşkəsə nail olanda, həm də Lissabon sammitinin yekun sənədinə öz düzəlişlərini etməyi bacaranda məhz bugünkü qələbəmizin özülünə ilk kərpicləri düzmüşdü. 


Prezident xatırladır ki, Lissabon sammitinin mühüm əhəmiyyətlərindən biri də o idi ki, ATƏT-in sədri tərəfindən verilmiş bəyanat, Ermənistan istisna olmaqla, bütün üzv dövlətlər tərəfindən dəstəklənmişdi. Bu isə o demək idi ki, işğalçı ölkə istisna olmaqla, ATƏT-ə üzv bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı onun tərkib hissəsi kimi tanıyır.
Mən bu sətirlərdə iki ölkənin dövlət başçılarının fikirlərinə istinad etmək istəyirəm. Daha doğrusu, onlardan birinin – Ali Baş Komandanımızın fikirlərini artıq yada saldım. Digər iki siyasətçi isə işğalçı ölkəyə rəhbərlik etmiş şəxslərdir. Belə ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan (Lissabon sammitində Ermənistanı o təmsil edirdi və məhz oradakı “məğlubiyyətinə görə” rəqibləri gec də olsa, onun istefasına nail olmuşdular) ulu öndər Heydər Əliyevlə aparılan müzakirə və danışıqlardan sonra öz xalqına xitabən demişdi ki, biz Azərbaycanın indiki şərtləri ilə razılaşmalıyıq. Çünki onlar bizə indi vermək istədiklərini on ildən sonra qətiyyən verməyəcəklər. 
Erməni siyasətçi ATƏT-in Lissabon sammitinin yekun sənədini nəzərdə tuturdu. Orada üç mühüm bənd var idi və onlardan ikincisində deyilirdi ki, Dağlıq Qarabağa Azərbaycan ərazisində ən yüksək siyasi muxtariyyət verilsin. Ermənilər bununla razılaşmadılar və nəticədə nəyə nail olduqlarını hələ özləri də anlaya bilmirlər.
Fikirlərinə istinad etmək istədiyim ikinci erməni dövlət başçısı Nikol Paşinyandır. İşğalçı ölkənin diletant başçısı onu “satqınlıqda” ittiham edən opponentlərinə deyir ki, nə üçün hamınız mənim üstümə tökülürsünüz? Ermənistanın məğlubiyyətinin təməlinin Lissabon sammitində qoyulduğunu hansınız bilmir? Bilməyən varsa, gedib öyrənsin. 
Nikol Paşinyanın “öyrənməyə göndərdiyi” ermənilərə xatırladırıq ki, Lissabon sammitinin yekun sənədində münaqişənin nizamlanması barədə üç prinsip irəli sürülmüşdü: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin işğalçı Ermənistan konsensus prinsipindən sui-istifadə edərək, həmin maddəyə razılıq vermədi.Yəni Azərbaycanın ərazi bütövlüyünü tanınmaq istəmədi. 
Vəziyyət bu məcraya yönələndə ulu öndər Heydər Əliyev cavab addımı olaraq, bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirmişdi. Avropalılar mat qalmışdılar. Çünki indiyədək belə addım atılmamışdı. Elə Heydər Əliyevin siyasi iradə və qətiyyətinin də o vaxta qədər analoqu yox idi. Məhz ulu öndərin tarixi qətiyyəti nəticəsində sammit bir gün uzandı və böhran vəziyyətindən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi. Prezident İlham Əliyevin fikrincə, həmin amil, Azərbaycanın xarici siyasət və diplomatiyasının tarixi uğuru kimi bu gün də xatırlanmaqda və onunla qürur duyulmaqdadır.
Heydər Əliyev Lissabon sammitindəki nitqində demişdi: “ Regional münaqişələr, davakar millətçiliyin və separatçılığın artması, beynəlxalq terrorizm bizim regionumuzda sülh, tərəqqi və inkişaf üçün real təhlükə olaraq qalır. Bir çox xalqlar, o cümlədən, keçmiş sovet məkanında, Qafqazda yaşayan xalqlar qanlı müharibələrə cəlb olunmuşlar. Bu müharibələr insanların kütləvi surətdə qırılması, etnik təmizləmələr, milyonlarla adamın qaçqına çevrilməsi, müstəqil dövlətlərin ərazilərinin işğal edilməsi ilə nəticələnir. Ona görə də ATƏT Avropa qitəsində ümumən təhlükəsizliyin təmin edilməsi üçün hələ olduqca çox iş görməlidir”.
Çox təəssüf ki, həm ATƏT, həm də onun Azərbaycan əsgərinin əli ilə dəfn edilmiş keçmiş Minsk qrupu nəinki Avropa qitəsində təhlükəsizliyin təmin edilməsi üçün heç bir iş görmədilər, əksinə, Ermənistanı açıq şəkildə dəstəkləməklə münaqişənin körüklənməsini təmin etdilər. Nəticədə özləri rüsvay oldular, həmsədrlik institutu isə torpağa gömüldü. 
Heydər Əliyevin Lissabonda dünya ictimaiyyətinə xitabən səsləndirdiyi başqa bir arqument isə belə idi: “Dağlıq Qarabağın müstəqilliyi barədə qanunsuz iddialar beynəlxalq hüququn hamı tərəfindən bəyənilmiş normaları ilə bir araya sığmır. Biz həmin iddialarla heç vaxt razılaşmayacağıq, biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik”.
Biz ulu öndərin həmin arqumentinin təsdiqini işğaldan azad edilmiş şəhər və kəndlərimizdə Azərbaycan Bayrağının dalğalanması zamanı da gördük, qənimət kimi əldə edilmiş Ermənistan hərbi texnikasının Bakıda – Zəfər paradının tribunası önündən keçməsi zamanı da, ötən il Azərbaycan və Türkiyə prezidentlərinin Mədəniyyət paytaxtımızda “Şuşa Bəyannaməsi”ni imzaladığı anlarda da. 
Ancaq Prezident İlham Əliyev deyir ki, bizim daha böyük qələbələrimiz hələ irəlidədir. Dövlət başçımız belə əminliklə danışmaqda haqlıdır. Çünki artıq onun əlli milyondan çox əsgəri var.

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti” 

SİYASƏT bölməsi