Fərqli mədəniyyətləri qovuşduran “Bakı prosesi”

SİYASƏT
2 Dekabr
02:27

Bu hadisə 14 il əvvəl baş vermişdi. Məhz o zaman – 2008-ci il dekabrın əvvəllərində Bakıda ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoq – Avropanın və qonşu regionların sülhün və davamlı inkişafının əsası” adlı konfrans keçirilmişdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutmuş konfransda İslam dövlətləri iştirak etmiş və beləliklə, yeni əməkdaşlıq formatının – “Bakı prosesi”nin əsası qoyulmuşdu. İnteraktiv beynəlxalq platforma olan bu prosesin əsas məqsədi mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası səmərəli dialoqun real mexanizmini hazırlamaq idi. Azərbaycanın mədəni diplomatiyasının ən mühüm tərkib hissəsi kimi qiymətləndirilən “Bakı prosesi” bu gün də yeni üfüqləri aşmaqdadır.


On dörd il öncə Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri konfransının keçirilməsinin təşəbbüskarı məhz Azərbaycan olmuşdu. Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli sərəncamına uyğun olaraq, 
2008-ci il dekabrın 2–3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmiş və ilk dəfə olaraq həmin tədbirə 10 İslam ölkəsi də dəvət edilmişdi. Bu tədbir təkcə Azərbaycanın deyil, eyni zamanda, Şərq və Qərb dövlətlərinin mədəni həyatında da əlamətdar hadisə kimi tarixə düşmüşdü. Bu addım Avropa mədəni proseslərində yeni bir istiqamətin – “Bakı prosesi”nin əsasını qoymuşdu. 
Şərq və Qərb sivizilizasiyalarının qovşağında yerləşən Azərbaycanın təşəbbüslərinin dünyanın qlobal gücləri tərəfindən dəstəklənməsi ölkəmizin nüfuzunun təsdiqi idi. Müxtəlif baxış və strategiyalara malik ölkələrin rəsmi Bakının mədəniyyətlərarası etimadın gücləndirilməsinə yönələn bu addımına yüksək qiymət verməsi, əlbəttə ki, Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, 2008-ci ildən sonra mütəmadi olaraq keçirilən sivilizasiyalar və mədəniyyətlərarası dialoq Azərbaycanın nüfuzunu daha da artırmışdır. Belə ki, bu vaxta kimi 5 dəfə təşkil olunmuş Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və 6 dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarında dövlət və hökumət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, diplomatlar, mədəniyyət, təhsil və elm xadimləri, qlobal biznes və media strukturlarının təmsilçiləri, gənclər və digər kateqoriyadan olan insanlar iştirak etmişlər. 
Xatırladaq ki, “Bakı prosesi” Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdü. Əslində, Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı yeni bir formatda transformasiya olunmuşdu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edilmişdi.
Ötən illər ərzində “Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq, dünyada təhlükəsizlik məsələləri, birgə inkişaf yollarının tapılması problemlərinə həsr olunmuş çox sayda konfrans və forumlar keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən olan ekspertlər yekdilliklə bəyan edirlər ki, “Bakı prosesi” yeni dünya düzəninə öz töhfəsini verməyə qadirdir. Heç kimə sirr deyil ki, bu gün dünyanın ən müxtəlif ölkələri bir çox çağırışlarla, qlobal miqyaslı problemlərlə, o cümlədən, sərhədlərin toxunulmazlığının pozulması və beynəlxalq hüquq normalarına əməl edilməməsi ilə üzləşir. Belə problemlərin mövcudluğu regional və qlobal geosiyasət məsələlərinə ən çox mənfi təsir göstərir ki, bu da öz növbəsində yeni dünya düzəninin formalaşmasına mane olur. Bu mənada “Bakı prosesi” sürətlə inkişaf edən və eyni dərəcədə sürətlə dəyişən dünyanın bütün yeni tələblərinə cavab verən unikal platformadır. Buna görə də, “Bakı prosesi”nin yeni dünya düzəninin formalaşmasında özünəməxsus mühüm rol oynadığı vurğulanır.
Ekspertlərin fikrincə, “Bakı prosesi” Azərbaycanda yaradılmış yeni geosiyasi dəyərdir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq konsepsiyasına əsaslanan bu ideoloji sistemdə mədəniyyətlərin qarşılıqlı əlaqəsi, milli və beynəlmiləlliyin uyğunlaşdırılması xüsusilə mühüm yer tutur. Azərbaycanlılar öz mədəni dəyərlərinə həmişə sadiq olmuşlar və dünyanın digər xalqlarının mədəni dəyərlərinə hörmətlə yanaşmışlar. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmiyyəti həmişə dünya xalqları ilə qarşılıqlı əlaqəyə, əməkdaşlığa can atmışdır. Bu kontekstdə “Bakı prosesi” mədəniyyətlərarası qarşılıqlı əlaqələrin inkişafında güclü dialoq müstəvisinə çevrilmişdir. Ötən 14 ilin təcrübəsi göstərir ki, bu transformasiya çox uğurlu və cəlbedici olmuşdur. Faktlar da bunu təsdiqləyir. Belə ki, əgər əvvəllər dünyanın 48 ölkəsi “Bakı prosesi”nin iştirakçısı idisə, son 14 ildə onların sayı 100-ə çatmışdır.
Amma “Bakı prosesi”nin geosiyasi əhəmiyyəti təkcə onun iştirakçılarının kəmiyyətcə artması ilə məhdudlaşmır. Ən əsası isə beynəlxalq ictimaiyyət indi öz missiyasının geosiyasi dəyərini daha konkret şəkildə dərk edir. Fərəhləndirici haldır ki, “Bakı prosesi” İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Avropa Şurası (AŞ) arasında mədəniyyətlərarası dialoqa təkan verir. 2008-ci ildən davam edən “Bakı prosesi” müxtəlif qitələrdə yaşayan, ayrı-ayrı etnik, mədəni, dini və milli mənsubiyyətə malik qruplar və şəxslər arasında qarşılıqlı anlaşma, səmimiyyət və qarşılıqlı hörmət əsasında fikir mübadiləsi üçün müsbət platforma yarada bilmişdir. Azərbaycanın məxsus olduğu bütün dini-mədəni irs “Odlar yurdu”nda yaşayan insanların həyat tərzinə əhəmiyyətli dərəcədə təsir göstərmiş, ahəngdar dialoqun qurulmasına, müxtəlif mədəniyyətlərin, etnik qrupların, sivilizasiyaların və konfessiyaların adət-ənənə və mərasimlərinin vəhdətini qoruyub saxlamağa kömək etmişdir. 
Bir sözlə, Azərbaycanda keçirilən bu mühüm forumlarda sübut olundu ki, ölkəmizin multikultural resurslarının, tarixən malik olduğu mehriban birgəyaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə edilməsi “Bakı prosesi”nin uğurudur. Bu formalar mühüm beynəlxalq platforma kimi, Avropada, eləcə də bütün dünyada qlobal strateji təşəbbüslərə təkan verir. 

 

Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

SİYASƏT bölməsi