Ermənistanın Cənubi Qafqazı qarışdırmaq niyyəti

SİYASƏT
2 Dekabr
02:20

Belə bir ibrətamiz pritça var. Ayının döydüyü dovşan balası anasına şikayət edir. Anası ayının yanına gedir və ondan balasını bir dəfə də vurmasını xahiş edir. Ayı vurur. Ana dovşan, beləcə, bir neçə dəfə “vur!” deyir  və nəhayət, ayı dovşan balasını vurmaqdan imtina edir. Yazığı gəlir. Geri qayıdanda balası anasına ayıya heç nə etmədiyini, əksinə, onu yenidən döydürdüyünü deyir. Ana dovşan belə cavab verir: hünəri vardı, axırıncı dəfə də vuraydı... 

Bəli, indi Ermənistan həmin bala dovşanın günündədir. Ölkənin baş naziri Nikol Paşinyan isə ana dovşandır. Hikkəsindən qalmır. Ölkəsini “döydürmək”lə iddiasını yeritməyə çalışır. Azərbaycan hələ gözləyir. Ermənilərə yazığımız gəlir. Ancaq hər şeyin də bir həddi var. Paşinyan artıq hədləri keçir. 
Azərbaycan və Ermənistan arasında təxminən 2022-ci ilin ortalarından başlayaraq ümid verən sülh müqaviləsi perspektivi artıq heç cür real görünmür. Ehtimal edilirdi ki, belə bir müqavilə dekabrda imzalanacaq. Artıq dekabrdır, ancaq nəinki sülhdən əsər-əlamət qalmayıb, əksinə, region yeni müharibə təhlükəsi ilə üz-üzədir. 
Bəli, məhz müharibə. Başqa yol yoxdur. Daha doğrusu, Ermənistan başqa yol tanımır və bu, artıq sübut olunmuş reallıqdır. İrəvan son dövrlərdəki fəaliyyyəti ilə sülhə gedən bütün yolları sanki bloklamaqdadır. Bu barədə çox söhbət açılıb. Müxtəlif fikirlər də irəli sürülüb. Belədə sual yaranır: Ermənistan müharibə etmək iqtidarındadırmı?

Suala birmənalı “yox!” cavabı vermək mümkündür. Məlumdur ki, ölkə 44 günlük müharibədən sonra siyasi baxımdan olduğu kimi, hərbi nöqteyi-nəzərdən də iflic duruma düşüb. Nə düz-əməlli silahlı qüvvələri var, nə də hərbi texnikası, silah-sursatı. Azərbaycan Ordusu sentyabrın 13–14-dəki hərbi toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin nəzarətindəki strateji əhəmiyyətli yüksəklikləri sanki ev tapşırığı icra edirmiş kimi, bir göz qırpımındaca ələ keçirib. Bu manevr hətta İrəvanda da böyük heyrətlə qarşılanıb. Erməni hərbi ekspertlər Azərbaycan Ordusunun yüksək peşəkarlıqla qarşıya qoyulmuş vəzifəni yerinə yetirdiklərini etiraf ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev də noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə hərbçilərlə keçirdiyi görüşdə bildirib ki, indi Azərbaycan Ordusu iki il əvvəlkindən daha güclüdür. Belə olan halda Ermənistan nəyə ümid edir?
Baş nazir Nikol Paşinyan 
2018-ci ildə hakimiyyətə böyük eyforiya ilə gəlmişdi. İlk baxışdan hər şey ermənilər üçün o qədər asan görünürdü ki, buna kənardan qibtə edənlər də tapılırdı. Ancaq nəzərə alınmalıdır ki, Paşinyanın illərdir Ermənistana hakim kəsilmiş ruspərəst iqtidarı devirməsi Moskvanın ani diqqətsizliyinin nəticəsi kimi meydana çıxmışdı. 
Rusiya ötən əsrin 90-cı illərindən başlayaraq Balkan yarımadasındakı, Yaxın Şərqdəki və nəhayət, Ukraynadakı mövqelərini aşkar beynəlxalq siyasi mübarizənin nəticəsində qurban vermişdisə, Ermənistanda prosesi labüd edən şəraitin miqyasının böyüklüyündən söhbət gedə bilməzdi. Baxmayaraq ki, Qərb kapitalı ölkəyə müxtəlif qeyri-hökumət təşkilatlarının vasitəsilə sızmışdı. Bu kapitalın yaratdığı xaosu düzgün qiymətləndirməmək Kremli zəif salmışdı. Nəticədə heç bir idarəçilik təcrübəsi olmayan QHT – jurnalist komandası hakimiyyətə yiyələnmişdi. 
Amma baxın ki, dörd il ərzində bu komanda idarəçilikdə kök salmış Rusiya elementlərini təmizləməyi bacarmadı. Əvvəla, Paşinyanın tabeçiliyindəkilərin idarəçilik təcrübəsi yoxdur, onlar bu ənənələrə malik deyillər. İkincisi isə, Paşinyan inqilabı sırf Rusiyanın Ermənistanın siyasi həyatındakı mövcudluğunun böhranı kimi meydana çıxmamışdı. Yəni onsuz da ruspərəst idarəçilik nəticəsində ölkə acınacaqlı durumdaydı və buna müqavimətin totallığı nəzərə çarpmırdı ki, böhran yaşansın. Mövcud durumda Qərb ani effektə ümid edirdi ki, bunu da Paşinyanın timsalında bacarmışdı. 
Obrazlı desək, Qərb demokratiya nağılını Ermənistan adlı üfunət otağının pəncərəsindən və bacasından yox, bacanın kənarındakı yel çəkən dəlmə-deşiklərdən içəri soxa bilmişdi. Ötən dörd il ərzində Kremlin hərəkətləri məhz həmin boşluqları tutmağa yönəlib. Paşinyan isə içəridə qalıb üfunət içərisində boğulur. Eyni zamanda, onun komandası artıq ciddi şəkildə zəhərlənib. Vaxtilə Qarabağda Azərbaycanı müharibəyə təhrik etmək yönümlü açıqlamalar zəhərlənmənin ilkin simptomları idi. Fəsadları ağır olan simptomları. 
Azərbaycan Prezidenti də noyabrın 25-də ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı zamanı Ermənistanın soyuq duş effektinə ehtiyacının olduğunu, psixoloji terapiyaya zərurət duyduğunu açıqlamışdı. İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyət bu baxımdan ilk addım sayıla bilərdi. Nəzərə alaq ki, müharibənin ağır nəticələrinə əsasən, Paşinyan iqtidarı nisbətən özünə gəlmişdi. Elə xəstə erməni cəmiyyəti də, həmçinin. Ancaq ötən iki ildə Azərbaycan ictimaiyyəti, elə beynəlxalq aləm də görür ki, Ermənistandakı mövcud hakimiyyətin canından həmin o zəhər çıxmayıb, əksinə, yeni toksikoloji elementlər qazanıb.
Buna görə hazırda İrəvan ilk baxışda xaotik durumda olan ölkəni normal inkişaf müstəvisinə çıxarmağı düşünmür. Paşinyan “cəhənnəmə getmək istəyən özünə yoldaş axtarar” deyimi ilə hərəkət edir. O, bütövlükdə, Cənubi Qafqaz regionunu qarışdırmaq yolu tutur və dəqiq bilir ki, Azərbaycanla münaqişənin bundan sonrakı mərhələsi məhz həmin effekti yaradacaq. 
Bəli, Ermənistanın baş naziri iki əllə kreslosundan yapışıb. Diqqət edin, bir zamanların arıq, çəlimsiz Paşinyanı artıq kökəlib, necə deyərlər, enə verib. Vaxtilə sıravi jurnalist, adi redaktor olan eməni baş nazir vəzifə kürsüsünün şirinliyini duyur və hesab edir ki, həmin kürsüdən baxanda Ermənistanın xarabalıqları da gözünə gözəl görünəcək. Buna görə tarana gedir. Hər cür siyasi oyunbazlıqları, riyakarlıqları sınaqdan çıxararaq çalışır ki, Cənubi Qafqaz böyük qüvvələrin mübarizə poliqonuna çevrilsin. Bu adamın yarımçıq düşüncə tərzi, dünyagörüşü üçün Ermənistan dövlətçiliyinin qorunması adlı bir məqsəd tam kənar hadisədir. Onsuz da dövlətçilik təfəkküründən uzaq biridir, ötən dörd ildə də bu mənada heç nə əxz etməyib. 
Hazırda Paşinyan tipik erməni xəstəliyinin “üstünlüklərindən” bəhrələnmək yolunu tutub. Bu baxımdan onun özündən əvvəlki Sarkisyan–Koçaryan cütlüyündən qətiyyən fərqi yoxdur. Nikolun siyasət üslubu və davranışları möhkəm döyülmüş birinin ağrını hiss etməyərək sırtıqcasına, yanğı verirmiş kimi hırıldamasına oxşayır. O,  dəyən zərbələrin bədən üzvlərini sıradan çıxardığının fərqində deyil. Bunu düşünməyəcək qədər iflic durumdadır. Onun üçün əsas məsələ iddiadır. Nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmaq iddiası. 
Hakimiyyətdən bərk yapışmaqla Qərbdəki hamilərinin göstərişlərini də yerinə yetirir. Onu hakimiyyətə gətirənlərin. Paşinyan idarəçiliyi üçün müqəddəslik, sədaqət anlayışı yalnız budur. Qərb də Cənubi Qafqazdakı, belə demək mümkünsə, “demokratiya anklavı”nı qorumaq üçün böyük səy, dirəniş göstərir. Bilir ki, 44 günlük müharibənin acı nəticələrinin sənəd üzərində tam şəkildə rəsmiləşməsi daxildəki anti-Paşinyan ab-havasına yeni çalarlar gətirəcək. Hadisələrin növbəti inkişaf mərhələsində Paşinyanı qorumaq tam mümkünsüzləşə də bilər. Buna görə bütün vasitələrdən istifadə edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasın, Ermənistanın baş nazirini hakimiyyətdə saxlayan mövcud şərait qorunub saxlansın. Bu anlamda müharibə perspektivi də düşünülməmiş deyil. Deməli, tədricən Azərbaycana nifrət ritorikasını gücləndirmək də lazım gələcək. O nifrət ki, İkinci Qarabağ müharibəsindən sonra onu körükləyən daxildəki ruspərəstlər idilər. İndi Paşinyanın ətrafı da buna qol çırmayıb. Həm buna, həm də dünya ictimaiyyətinin gözündə özlərini məzlum göstərməyə...
Hadisələr bundan sonra hansı şəkli alacaq, daha doğrusu, müharibəyə aparan yol özünü necə göstərəcək, söyləmək çətindir. Bir məsələ dəqiqdir ki, bu reallığı doğuran tərəf Ermənistandır. Yazının gedişində nəticəyə gəldik ki, məqsəd Paşinyanın hakimiyyətdə saxlanılmasıdır. Əvvəldə isə sual qoymuşduq ki, Ermənistan nəyə ümid edir? 
Bəli, Qərb və Paşinyanı hakimiyyətə gətirənlər Cənubi Qafqazı böyük güclərin konfrontasiya meydanına çevirməklə mövcud xüsusdakı qarışıqlıqlardan İrəvanın və dünya erməniliyinin maraqları naminə faydalanmaq məqsədi güdürlər. Nəzərə alaq ki, 44 günlük müharibə həm də bu maraqlara ciddi zərbə idi. Ona görə hazırda Paşinyan bütün oyun qaydalarını pozmaq yolu tutub, sülh danışıqlarını dalana dirəyib. 

 

Ə.CAHANGİROĞLU

SİYASƏT bölməsi