Siyasi riyakarlığın Fransa sifəti

SİYASƏT
2 Dekabr
01:42

Fransa Senatının ermənipərəst mahiyyət daşıyan məlum qətnaməsinin ardınca ölkənin Milli Assambleyasının da eyni addımı atacağı proqnozlaşdırılan idi. Hərçənd, “pensiyaçılar klubu”nu xatırladan Senatdan fərqli olaraq, Milli Assambleyanı daha ciddi siyasi təsisat sayırdıq. Gərək, ona bu düşüncə lütfümüzü göstərməyəydik. 


Görünən budur ki, rəsmi Paris Azərbaycana təzyiqi hissə-hissə göstərmək yolunu tutub. Hesablayır ki, bu fəaliyyətin hansısa mərhələsində Azərbaycan prinsiplərindən geri çəkiləcək. Əlbəttə, belə proqnozlaşdırma ən nikbin ermənipərəst fransızın, elə ermənilərin özünün də, yumşaq desək, yalnız yuxusu ola bilər. 
Prezident Emmanuel Makron administrasiyası vaxtını heç hədər verməsin, birbaşa Qarabağdakı separatçı rejimi tanımağa keçid alsın. Mövcud istiqamətdə hər hansı siyasi farmazonluqlara qətiyyən ehtiyac yoxdur. Onsuz da bundan sonra, Fransa qeyd etdiyimiz addımı atmasa belə, Azərbaycanın nəzərində dəyərə malik deyil. Biz bu ölkəyə dəyərimizi ayrı-ayrı sənət nümunələrinin timsalında tapsaq da, yetərlidir. 
Qeyd edək ki, Makrondan da qabaq Yelisey sarayına rəhbərlik edənlərin timsalında oxşar hərəkət və davranışların şahidi olmuşuq. Fransa öz ənənəsinə sadiq qalaraq sübut edir ki, onun qanunverici orqanları siyasi avantüra meydanına çevrilib. Bu orqanlar beynəlxalq hüququ, haqq və ədaləti deyil, daxili siyasi gündəliyi və lobbi dairələrinin maraqlarını Cənubi Qafqaz regionuna daşımağı rəhbər tuturlar. Bir sözlə, Paris riyakarlıqdan həzz almağı ölkənin siyasi tələbatı kimi görür. Təbii, Prezident Makron bu mənada sələflərindən daha “irəli gedib”. Belə təəssürat yaranır ki, bu boyda ölkə büsbütün ermənipərəstliklə nəfəs alır. Sanki onun başqa işi-gücü, problemi yoxdur.
***
Söz düşmüşkən, kiçik haşiyə çıxaq ki, Makron Fransasının qitə miqyasında son dərəcə ciddi problemləri var. Bu baxımdan İtaliyanın Baş naziri Corca Meloninin söylədikləri mühüm əhəmiyyət daşımaqdadır. Xanım Meloni bir müddət öncə özünün italyan xarakterinə xas, emossional formada bunları bildirmişdir: “Prezident Makron məsuliyyətsizdir. Çox təəssüf. Liviyanı bombalayanlar onlar oldu. Çünki İtaliyanın Qəzzafi (Liviyanın keçmiş lideri Müəmmar Qəzzafi nəzərdə tutulur – red.) ilə enerji sahəsində xüsusi əlaqələrinin olması onları (yəni fransızları – red.) əndişələndirirdi. Sonra, eyni zamanda, özümüzü bizi bu hala salan köç dalğalarının, axının önündə gördük. Bu arada Fransa Afrikanı talamağa davam edir. Afrikanın 14 ölkəsində pul gizlədib, üstünü də örtüb. Uşaqları mədənlərdə işlətməkdə, istismar etməkdə davam edir. Fransa nüvə reaktorları üçün istifadə etdiyi uranın 30 faizini Nigeriyadan (Afrikada ölkə – red.) çıxarır. Belə olduğu halda, Nigeriya əhalisinin 90 faizi elektrik enerjisindən istifadə etmədən yaşayır. Bizə dərs deməyə qalxma, Makron! Çünki afrikalılar sənin siyasətinin nəticəsində qitəni tərk etmək məcburiyyətində qalırlar. Çıxış yolu afrikalıların Avropaya köç etmələri deyil. Əksinə, Avropa afrikalılardan qurtulmalıdır. Sizin (Makronun – red.) dərsinizi qəbul etməyəcəyik. Yetərincə açıqmı dedim?”
Bəli, İtaliyanın xanım baş naziri hər şeyi kifayət qədər açıq bildirib. Onun söylədikləri Fransanın mahiyyətinin təzahür formasıdır. Hərdən təəccüblənirik ki, necə ola bilər, dünyaya fikir dühalarını, humanist ideyaların müəlliflərini bəxş edən bir ölkənin apardığı siyasət bu qədər iyrənc və amansızdır. Hərçənd, Viktor Hüqonun Əlcəzair əhalisi ilə bağlı vaxtilə etdiyi çağırış da ölkə humanizmində dərin çatların olduğunun təsdiqidir. 
Yada salaq ki, Hüqo müsəlmanları “barbar” adlandırmış və onlarla mübarizənin yalnız zor yolunun olduğunu vurğulamışdı. Fransanın Əlcəzairdə təxminən 100 il davam edən ekspansiyası nəticəsində hansı faciəvi sonluqların yaşandığını, 1,5 milyondan çox insanın qətlə yetirildiyini, çoxlu sayda şəxsin isə amansız işgəncələrə məruz qaldığını xüsusi vurğulamağa, tarixə qayıtmağa ehtiyac duymuruq. 
İtaliyanın Baş naziri Corca Meloninin sözlərindən anlaşılan budur ki, Fransanın Afrikadakı soyqırımı siyasəti müxtəlif fərqli təzahür formaları ilə bu gün də davamlı xarakter daşımaqdadır. Ola bilər, fransızların indi vaxilə Əlcəzairdə yerli əhaliyə zülm etmək məqsədilə “işgəncə sənəti”ni öyrədən məktəbləri yoxdur, ancaq xanım Meloninin fikirlərindən  gördük ki, təhlükəli mədənlərdə uşaqların kütləvi istismarı halları var. Soyqırımının müasir forması elə budur. 
***
Təsəvvür edin ki, Afrikada milyonların haqqını yeyən ölkə gəlib Qarabağdakı bir ovuc erməninin hüquqlarının qorunmasını istəyir. Bunda hər hansı səmimiyyət görmək mümkündürmü? Əslində, bunu ermənilərin özləri də hesablamalıdırlar. Ancaq düşünmürlər. Düşünmürlər ki, öz maraqları naminə insanlığı hərraca çıxaran bir ölkə onları da keçi qiymətinə satar. Ermənilər müxtəlif illərdə satılmaq, birdəfəlik istifadə aqibətini yaşayıblar. Çifayda, nəticə çıxarmırlar. 
Ermənilər onu da fikirləşmirlər ki, belə qətnamələr Parisin canayananlığı yox, Cənubi Qafqaz müstəvisindəki maraqlarının göstəricisidir. Bu maraqlar isə tarixin bütün dövrlərində aparıcı beynəlxalq güclərlə ziddiyyət “musiqisinin notlarına köklənmiş” reallıqlardır. 
Hazırda bölgəmizdə Fransanın mənafeyi ABŞ-ın, Rusiyanın, elə Böyük Britaniya və İsrailin maraqları ilə də toqquşmaqdadır. 44 günlük müharibə dönəmində də belə olub, ondan sonra da. Müxtəlif qətnamələrlə, guya, ermənilərə arxa-dayaq durduğunu göstərən Parisin müqəddəs savaşımızın son günlərində Xankəndiyə desant çıxarıb yerli erməniləri məhv etmək, bunu azərbaycanlıların soyqırımı olaraq qələmə vermək kimi planının olduğu bildirilir. Ölkənin Afrikada törətdikləri vəhşiliklərə və indi də “qara qitə”də davam etməkdə olan istibdadın ayrı-ayrı fraqmentlərinə diqqət yetirsək, haqqında söz açdığımız qeyri-insani hərəkətin törədilməsi Paris üçün adi məsələ sayıla bilərdi, çətinlik yaratmazdı. Axı Fransanın tarixi, həm də insanlığa qarşı vəhşiliyin tarixidir. Eynilə ermənilərin tarixi kimi.
Görünən budur ki, Fransa Cənubi Qafqazda sülh istəməyən xarici qüvvələrə başçılıq edən tərəfdir. Ölkə onu da yaxşı anlayır ki, bölgəyə diplomatik yolla təsir imkanları yoxdur. Ermənistanla Azərbaycan arasındakı gərgin durumun ənənəvi vasitəçilərindən sayılan ABŞ da, Rusiya da Parisə, o cümlədən, Makrona münasibətdə ciddi deyil. 
Fransa yaşadığımız coğrafiyada indiki qədər miskin vəziyyətdə heç vaxt olmamışdı. Bu isə o deməkdir ki, ermənipərəstlik Parisi mühüm dividendlərdən kənarda qoyur. Halbuki regionda əsas söz sahibi olan Azərbaycanın bütün tərəflərə münasibətdə balanslı siyasətə hər zaman sadiq qaldığını görməli, dəyərləndirməli və ədalətli mövqe tutmalı idi. 
Ölkənin Milli Assambleyasının qətnaməsi ədalətsizliyin “təntənəsi” effekti yaradan, heç bir real təsiri olmayan, mənasız məzmun daşıyan, beynəlxalq hüquq və prinsiplərə həqarət motivli söz yığınından başqa bir şey deyil. Bütün bunlar bir yana. Sənəddə yer almış Qarabağdakı separatçı rejimin tör-töküntülərinə müstəqillik verilməsi və digər cəfəngiyyatları da kənara qoyuruq. Bir məqamın üzərində xüsusi dayanmağı zəruri sayırıq. 
Qətnamədə assambleya Fransa dövlətini Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi imkanlarını nəzərdən keçirməyə çağırır. Bəli, bu, o deməkdir ki, Paris Cənubi Qafqazda müharibənin alovlandırılmasına çalışır. Ölkə məhz bu müddəa ilə bölgədə hərbi mövcudiyyət barədə düşündüyünü göstərmək istəyir. Bu müddəa, eyni zamanda, Azərbaycana qarşı təhdid mahiyyəti daşıyır. Paris, dolayısı ilə, Bakıya hədə-qorxu gəlir. Ancaq unutmaq olmaz ki, onun bu mövqeyi yalnız Azərbaycanın deyil, bölgədə marağı olan digər qüvvələrin duelə çağırılması effektini verən siyasi gedişdir. 
Fransa Milli Assambleyasının qətnaməsinin mürtəce, kolonialist mahiyyətini, lokallığını təsdiqləyən daha bir məqama diqqət yetirmək vacibdir. Fikir verin, orada Azərbaycanın, guya Ermənistana və ermənilərə qarşı törətdikləri hərəkətlər əksini tapdığı halda, bu barədə beynəlxalq aləmə hər hansı müraciət əksini tapmır. Yəni Paris mənfi təqdim etdiyi məsələləri dünya ictimaiyyətinə çatdırmır. Təbii, məlumdur ki, xarici oyunçular Fransanın nəyin davasını apardığından xəbərdardırlar və qətnamədə vurğuladığımız çağırış olsa belə, onu kimsə nəzərə alan deyildi. Hər bir halda, assambleyada oturanlar məsələyə ictimai məzmun qazandırmaq üçün nə isə edə bilərdilər. Demirik ki, etmədilər və mövcud yanaşma onların qüsurudur. Sadəcə, bu adamların baxış bucağı o qədər dardır ki, o dərəcədə ermənipərəstliyə kökləniblər ki, haqqında söz açdıqları məsələni əsaslandırmağı yaddan çıxarıblar, həmçinin ictimai rəy amilini, heç olmasa, yazıda da olsa, yada salmağı unudublar. Özlərinin qəbul etdikləri sənədə tam hörmətsiz münasibət bəsləyiblər. 
Sonda bir məqamı da vurğulayaq ki, Fransanın yarıtmaz mövqeyi heç bir halda Azərbaycanı tutduğu yoldan daşındıra bilməz. Ölkəmiz Prezident İlham Əliyevin  prinsipiallığına sadiqdir və tutduğu yoldakı qətiyyətini davam etdirəcəkdir. Fransa bir yana, dünyanın bütün ermənipərəstləri yığışsa belə, Azərbaycanı Qarabağla, Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı siyasi xəttindən döndərmək iqtidarında deyil. Ona görə ki, bugünkü qüdrətli Azərbaycan illərə söykənmiş mübarizənin, dözümün və iradənin təntənəsidir, oturuşmuş dövlətçilik modelinə malik ölkədir. Bu ölkə beynəlxalq münasibətlər sistemində mühüm aktordur, nüfuz və söz sahibidir. 

 

Ə.RÜSTƏMOV,  
“Xalq qəzeti”

SİYASƏT bölməsi