Şuşa şəhərində tarixi-mədəniyyət abidələrinin bərpası

MƏDƏNİYYƏT
1 Dekabr
12:28

Bütün Qarabağ regionunda bərpa və quruculuq işlərində, Şuşanın bərpası daha böyük önəm kəsb edir və prioritet istiqamət kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidenti Şuşa şəhərini sürətlə dirçəltmək, əvvəlki dolğun mədəni həyatına qovuşdurmaq məqsədilə, eləcə də Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa ili” elan etmişdir. Azərbaycan xalqının təqdir etdiyi bu yanaşma çox qısa müddət ərzində öz bəhrəsini vermişdir. 2021-ci ildə Şuşanın Baş planı hazırlanmış, görkəmli şairimiz Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılmış, Bülbülün, Natəvanın və Üzeyir Hacıbəylinin heykəlləri qoyulmuş, şəhərdəki tarixi, dini və memarlıq abidələrinin bərpası prosesinə start verilmişdir. 2022-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə razılıq hissi ilə qeyd etmişdir ki,  “indi Şuşada artıq bərpa işləri gedir, ... tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir”. Bundan əlavə, Şuşa şəhərində yeni, müasir dizaynlı böyük bir məscidin inşası üçün də hazırlıq işlərinə başlanılmışdır.

Şuşa şəhərinin çox gözəl, orijinal memarlıq üslubu olan Yuxarı Gövhər Ağa məscidində yenidənqurma və bərpa işləri xüsusi həssaslıq və diqqətlə  aparılır. Heydər Əliyev Fondu tərəfindən tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinə 2021-ci ilin noyabr ayından başlanıbdır. Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Yuxarı Gövhər Ağa məscidində konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilməkdədir. Bərpa prosesi Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə aparılır. Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universitetinin nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasına göndərilmişdir. Bərpa işlərində bu laboratoriyanın mülahizələri əsas götürülmüşdür.

Tarixi abidələrimizin belə diqqət və həssaslıqla bərpa edilməsi qürurvericidir. Yuxarı Gövhər Ağa məscidində təmir və bərpa işlərində belə həssas yanaşmanın bir özəl səbəbi də vardır. 2014-2019-cu illərdə Dağlıq Qarabağın seperatçı rəhbərliyi erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə İranın “Part Saman Jahan” memarlıq şirkəti vasitəsi ilə Yuxarı Gövhər Ağa məscidində “təmir-bərpa” işləri aparmışdı. Hədəf 1883-cü ildə memar Kərbəlayi Səfi Xan Qarabağinin Qarabağ memarlığı ənənəsi əsasında tikilən “Yuxarı Gövhər Ağa” məscidini “İran memarlığının nümunəsi” olaraq təqdim etmək, Şuşada Azərbaycan mədəniyyətinin bu nəfis nümunəsinə aid bilgiləri saxtalaşdırmaq idi. 2019-cu il okyabrın 14-də Şuşada Yuxarı Gövhər Ağa məscidinin iranlılar tərəfindən 5 il davam etmiş “təmir-bərpası”ndan sonra açılış mərasimində separatçı qurumun o vaxtkı başçısı Bako Saakyan bu məscidi İran mədəniyyət abidəsi kimi təqdim etmişdi: “İran İslam Respublikasında bizim monastır və kilsələr qorunur. Biz də Arsax ərazisində, həmçinin Şuşada İran mədəniyyət abidələrinin bərpası ilə məşğul oluruq. Bu, İran-erməni dostluğunun nümunəsidir”.

Keçən iki ilə yaxın müddət ərzində Yuxarı Gövhər Ağa məscidində əsaslı şəkildə möhkəmləndirmə işləri aparılmış, Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr, xüsusən də İranın “Part Saman Jahan” memarlıq şirkətinin apardığı təmirin fəsadları aradan qaldırılmışdır. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılmış, minarələrin boya işlərinə başlanılmışdır. Hazırda Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri davam etdirilir.

Qarabağın siyasi və mədəni mərkəzi olan Şuşa şəhəri XVIII-XIX əsrlərdə əsası qoyulmuş çoxlu sayda mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Qədim Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq inşa edilmişdi. Şəhərin Merdinli məhəlləsində yerləşən Şirin su hamamı 1880-ci ildə istifadəyə verilmişdi. Şəhərin digər hamamlarında ərazidəki şor quyu suyu işlədildiyi halda, bu hamam Xan qızı Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilmişdi. Məhz bu fərqliliyinə görə şuşalılar həmin hamamı “Şirin su hamamı” adlandırmışdılar. Milli memarlıq ənənələrini özündə əks etdirən bu hamam Şuşa ermənilər tərəfindən işğal edilənədək, öz təyinatı üzrə istifadə olunmuş, işğal dövründə isə digər bütün abidələrimiz kimi erməni vandalları tərəfindən dağıdılmışdı.

Tarixi Şirin su hamamında bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa edilir.

Şuşa şəhərinin mərkəzində, Merdinli məhəlləsində bərpa edilən digər memarlıq abidəsi məşhur Azərbaycan tarzəni Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) ikimərtəbəli evidir. Sadıqcanın XIX əsrin sonunda tikdirdiyi dördbucaqlı plan quruluşu olan evi işğal dövründə dağıdılmış, ilkin görkəminin 80 faizə qədərini itirmişdi. Binanın salamat qalan hissələrində isə konstruktiv çatlar yaranmış, ev bütövlükdə qəzalı vəziyyətə düşmüşdü. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu hə­ya­ta keçirməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin 7 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Sadıqcanın evinin layihələndirilməsi və bərpası işini sürətləndirmək məqsədilə 600 min manat vəsait ayrılmışdır. Bu binanın yenidən inşasına, eləcə də  şəhərin hər bir tarixi memarlıq nümunəsinin bərpası prosesinə həssaslıqla yanaşılır, Şuşaya xas memarlıq üslubunu qoruyub saxlanmasına xüsusi diqqət göstərilir.

Qabil Əliyev

Bakı Dövlət Universitetinin

professoru, tarix elmləri doktoru

MƏDƏNİYYƏT bölməsi