Günəş teleskopu

XARİCİ XƏBƏRLƏR
30 Noyabr
23:16

Günəş olmasaydı, planetimizdə həyat olmaz, hər tərəf zülmətə və buzlaqlara qərq olardı. Günəş Yer kürəsinə ən yaxın ulduz olduğundan biz onun istiliyini və işığını yaxşı hiss edirik. Lakin son dövrlərdə Günəşin səthində naməlum səbəblərdən ləkələrin yarandığı və od fontanlarının artdığı müşahidə edilir.


Şübhəsiz, həmin proseslər Yerə də öz təsirini göstərir. Belə ki, maqnit fırtınası yaranır, bu zaman radiodalğalar kəsilir, hava pisləşir, insanların əhvalı pozulur. 
Buna görə də alimlər xüsusi teleskoplar vasitəsilə Günəşdəki dəyişikliklər və maqnit fırtınaları barədə məlumatları tədqiq edirlər. Bu məqsədlə Çində dünyanın ən böyük Günəş teleskopu istifadəyə verilib. “Sinxua”" agentliyinin verdiyi xəbərə görə, Çin alimləri Günəşi müşahidə etmək üçün ən böyük yer­üstü teleskopun sonuncu antenasının quraşdırılmasını başa çatdırıblar.
"Daoçen" Günəş Radio Teleskopunun 2023-cü ilin iyununda tam gücü ilə fəaliyyətə başlaması gözlənilir. Rəsmi məlumatlara görə, teleskop diametri bir kilometrdən çox olan dairə boyunca yerləşən, 313 altı metrlik dalğa ötürən antenadan və onun mərkəzində yüz metrlik ultra dəqiq ölçmə qülləsindən ibarətdir. Teleskop ölkənin cənub-qərbində, dəniz səviyyəsindən təxminən dörd kilometr yüksəklikdə yerləşən Sinxay-Tibet yaylasında yerləşir.

 

XARİCİ XƏBƏRLƏR bölməsi