“Huma quşu”nun xeyirxahlıq uçuşu

XƏBƏRLƏR
18 Noyabr
00:52

ADA Universitetində “Huma quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirildi. Qeyd edildi ki, “Huma quşu” Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mərhum əməkdaşı, Kolumbiyanın Medeyin şəhərində  faciəli şəkildə dünyasını dəyişmiş yazıçı və xeyriyyəçi Humay Vilayət qızı Quliyevanın xatirəsini əbədiləşdirmək məqsədilə təsis olunub.


Sonra Humay haqqında çəkilmiş sənədli film nümayiş etdirildi. 
BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Draqana Koyiç, Azərbaycan nümayəndəliyinin müdafiə üzrə koordinator müavini Samir Hacımustafiç, Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin maliyyə savadlığı şöbəsinin rəisi Xumar Hüseynova və BDU-nun dosenti Fərhad Hüseynov Humayın keçdiyi həyat yolundan danışdılar. 
Sonda fondun prezidenti, Humayın anası Şəhla Vəzirova, himayəçilik şurasının üzvü Leyla Tağızadə və fondun yardımı ilə IT kurslarında təhsil alan İkinci Qarabağ müharibəsinin qazisi Arif Hacıyev çıxış etdilər. Məlumat verildi ki, fondun maliyyə əsasını Humayın 10 ilə yaxın beynəlxalq təşkilatlarda fəaliyyəti zamanı şəxsi hesabında toplanmış vəsait təşkil edir. Qazi Arif Hacıyev fondun dəstəyinin onun həyatına göstərdiyi xeyirxah təsirdən bəhs etdi.
Xatırladaq ki, fond barədə ətraflı məlumat və proqramlarda iştirak üçün ərizə forması “humagushu.az” saytında və fonun “Facebook” səhifəsində  yerləşdirilib.

 

Elçin ABBASOV,  “Xalq qəzeti”

XƏBƏRLƏR bölməsi