Milli Məclis Fransa senatını ədalətə çağırdı

XƏBƏRLƏR
18 Noyabr
00:33

“Fransa Senatının 15 noyabrda qəbul etdiyi həqiqətdən uzaq və ədalətdən məhrum qətnaməsi növbəti dəfə ermənilərə eyforiya yaşadır. Dəyərsiz bir kağız parçası ilə toy-bayram etməyə və ardınca labüd surətdə xəyal qırıqlığına uğrayıb dərin depressiyaya yüklənməyə adət etmiş erməni cəmiyyəti əsrlərlə davam edən bu təkrarçılığın ekstaz vəziyyətini yaşamaqdadır”. Milli Məclisin deputatı Cavanşir Feyziyev qəzetimizə açıqlamasının davamında bildirdi:


Nensi Pelosinin Ermənistana səfəri zamanı qondarma soyqırımı abidəsi önündə axıtdığı “timsah göz yaşları”ndan heyrətlənmiş və az sonra bütün bunların bir şou olduğunu anlayıb məyusluğa qərq olmuş ermənilər bu  dəfə də  Fransa Senatının “möhtəşəmliyindən”, “cəsarətindən” və “sədaqətindən” heyranlıqla danışırlar. Dünən və bu gün Ermənistan mətbuatının rəngindən asılı olmayaraq bütün məhsulları fransız dəstəyinin doğurduğu erməni xoşbəxtliyindən bəhs edir. Beləliklə, adəti trayektoriya üzrə az sonra erməni xoşbəxtliyinin hansı mərhələyə qədəm qoyacağını ehtimal etmək o qədər də çətin deyil.  
Azərbaycanda isə Fransa Senatının qəbul etdiyi bədnam qətnaməyə adekvat cavab  özünü çox gözlətmədi. Elə ertəsi gün Milli Məclisin növbəti iclasında məsələni müzakirəyə təqdim edən spiker Sahibə xanım Qafarova Senatın qəbul etdiyi qətnaməni “Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiya” adlandırdı. Milli Məclisin Sədri bildirdi: “Hər sətrindən xalqımıza və dövlətimizə  nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddialarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyəti güdən bir akt kimi qiymətləndirilməlidir. Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmadan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistlərinin qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirməyə, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa zərbə vurmağa da hazırdırlar”.  
Çıxış edən millət vəkilləri Fransanın müstəmləkəçilik tarixini, dünyanın müxtəlif bölgələrində törətdiyi çoxsaylı cinayətləri xatırladaraq, Fransa senatorlarının heç bir dövləti, xüsusilə də öz haqlı mövqeyini dönmədən  müdafiə edən Azərbaycanı mühakimə etməyə mənəvi haqqının olmadığını bildirdilər. Deputatlar öz çıxışlarında Yaxın Şərq bölgəsində və Afrika qitəsində siyasəti uğrsuzluğa düçar olmuş Fransanın Cənubi Qafqaz siyasətinin də iflasa uğrayacağına əmin olduqlarını ifadə etdilər. Beynəlxalq hüquq normalarına məhəl qoymadan işğalçı Ermənistanın ölkəmizə qarşı haqsız mövqeyinin Fransa qanunvericiləri tərəfindən dəstəklənməsi Azərbaycan qanunvericiləri tərəfindən Fransa inqilabının “azadlıq, bərabərlik və qardaşlıq” prinsiplərinə xəyanət kimi dəyərləndirildi. 
Deputatların təklifi ilə Fransa Senatının  qətnaməsinə cavab olaraq Milli Məclisin Bəyanatının qəbul olunması qərara alındı. Elə həmin gün səsverməyə çıxarılaraq qəbul olunmuş Bəyanatda işğal, müstəmləkəçilik, irqçilik, ksenofobiya, millətçi şovinizm, soyqırımı və insanlığa qarşı cinayətlərlə dolu olan Fransa tarixinin ayrı-ayrı epizodları  senatorların diqqətinə çatdırıldı.  Bəyanatda qeyd edildi ki, 2020-ci ildə və bu günlərdə Fransa Parlamentində Azərbaycan əleyhinə  ədalətsiz və qərəzli qətnamələrin qəbul olunması ilə Fransa son 30 il ərzində bağlanmış, ölkələrimiz arasında dostluğu və əməkdaşlığı təşviq edən çoxsaylı  müqavilələrin müvafiq bəndlərini pozub və bu sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirmir. 
Milli Məclisin yekdilliklə qəbul etdiyi Bəyanatda Azərbaycan Respublikası ilə Fransa arasında siyasi-iqtisadi münasibətlərin milli maraqlarımıza uyğun şəkildə tənzimlənməsi üçün  bir sıra qabaqlayıcı addımların atılması barəsində hökumətə çağırış etdilər. Milli Məclis tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı  təşəbbüs və fəaliyyətlərdə Fransanın iştirakına imkan verilməməsi və bu məsələlər barəsində Fransa rəsmiləri ilə heç bir müzakirənin aparılmaması tövsiyə edildi.  Hazırda ölkəmizdə 300-dən çox fransız şirkətinin fəaliyyət göstərdiyini nəzərə alaraq, onların dövlət layihələrində iştirakının bloklanması  və eləcə də enerji sektorunda əməkdaşlığa yenidən baxılması təklifləri də hökumətə edilən çağırışlarda öz əksini tapdı.  
Milli Məclis Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin Qoşulmama Hərəkatı çərçivəsində qaldırılmasını, Fransa tərəfindən aparılan islamofobiya və türkofobiya siyasəti ilə bağlı məsələlərin isə müvafiq olaraq İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılmasını da məqsədəuyğun hesab etdi. Beləliklə, Milli Məclisin Fransa Senatına cavabı onun qəbul etdiyi qətnamədən daha sərt oldu.
Fransızların itaət etdiyi xristianlığın vacib kanonlarından birində deyilir: “Mühakimə etmə(sən) – mühakimə olunma (zsan), necə mühakimə edirsənsə, elə də mühakimə olunacaqsan”.Azərbaycanı saxta iddialar əsasında riyakarcasına mühakimə etməklə Fransa senatorları müqəddəs hesab etdikləri inancın əsas kanonlarından birini pozdular. Azərbaycan deputatları isə onlara müsəlmanların yaşam tərzində meyar olaraq əsaslandığı atalar sözünün hikməti ilə tutarlı cavab verdilər. “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

 

“Xalq qəzeti”

XƏBƏRLƏR bölməsi