Milli bayrağın şanlı Naxçıvan tarixçəsi

XƏBƏRLƏR
18 Noyabr
00:18

Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyin bərpası uğrunda ümumxalq mübarizəsinin başlanğıcı olmuş, müstəqillik tariximizə Milli Dirçəliş Günü kimi daxil olmuş 1988-ci ilin 17 Noyabrının ikinci ildönümündə Meydan hərəkatı zamanı xalqın başı üzərinə qaldırılmış milli bayrağımız Naxçıvanda dövlət bayrağı statusu almışdır. 


Bu qədim diyarın tarixinin ən şanlı hadisələrindən biri sayılan həmin aksiyanın baş verdiyi gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il noyabrın 17-də imzaladığı sərəncama əsasən, hər il müxtar respublikada “Azərbaycan Dövlət Bayrağının Naxçıvanda Qaldırıldığı Gün” kimi qeyd edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərindən olan üçrəngli, ay-ulduzlu bayrağımızın müstəqil Azərbaycanın da dövlət rəmzinə çevrilməsinin başlanğıcı ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı həm də milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı böyük  addımlarla Azərbaycanın dünyəvi dövlət kimi gələcək fəaliyyətinin ideoloji əsaslarını müəyyən etmişdir. 
1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublika parlamentinin Sədri Heydər Əliyevin təşəbbüsü ilə taleyüklü məsələlər müzakirə olunmuş – “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. Xüsusilə, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 
Həmin qərarın 3-cü bəndində  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilmişdir. Məhz həmin gün üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə rəsmi olaraq Naxçıvanda dalğalandırılmış, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edilmişdir. Kommunist partiyasının hökm sürdüyü bir dövrdə belə bir qərarın verilməsi böyük cəsarət və qətiyyət tələb edirdi. 
Azərbaycanın müstəqilliyinə gedən yol da o gündən başlamışdır. Prezident İlham Əliyev sonralar bu barədə belə demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul etmişdir. Dünya şöhrətli siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli bayrağımız dövlət rəmzi kimi təsbit edilmişdir. 
Dövlət bayrağına böyük sevgisini ümummilli lider belə ifadə etmişdir: “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.
Ümummilli liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Dövlət başçısının 2007-ci il 17 noyabr tarixli sərəncamına əsasən, Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır. 2010-cu il mayın 29-da isə “Ginnes” dünya rekordları təşkilatı Azərbaycanın Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Sevindirici haldır ki, paytaxt Bakıdan sonra ölkəmizin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılmışdır. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin müvafiq sərəncamı ilə Naxçıvan şəhərində yaradılmış Dövlət Bayrağı Meydanı və Muzeyinin isə 2014-cü il noyabrın 17-də Naxçıvan şəhərində təntənəli açılış mərasimi keçirilmişdir. Naxçıvan Bayraq Muzeyində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları saxlanılır.
Azərbaycan bayrağı hər birimizin müqəddəs and yeri, qürur mənbəyimizdir. Bu gün üçrəngli bayrağımız nəinki dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər məclislərdə, həm də müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqımızın milli birliyi sayəsində illərdir, həsrətində olduğumuz Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Suqovuşanda, Şuşada, digər kənd və qəsəbələrimizdə dalğalanmaqdadır. Ölkə başçısının dediyi kimi: Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.   

 

Səbuhi HƏSƏNOV

XƏBƏRLƏR bölməsi