Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

XƏBƏRLƏR
17 Noyabr
23:13

Dünən  Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirildi. Sədr iclasda iştirak edən hökumət təmsilçilərini, deputatları və media nümayəndələrini salamlayaraq, 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi təbriklərini çatdırıb, hamıya can sağlığı, firavanlıq və fəaliyyətlərində uğurlar arzuladı.


Sonra iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirələri davam etdirildi. 
Müzakirələrdə Milli Məclisin komitə sədrləri və deputatlar çıxış etdilər. 
Deputatlar  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının qəbul olunması, Yeni Azərbaycan Partiyasının yaranmasının qarşıdan gələn 30 illik yubileyi ilə bağlı  fikirlərini bölüşdülər, həmçinin Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə kəskin etirazlarını bildirdilər. Çıxış edənlər ölkə gündəmində olan vacib məsələlərdən danışıblar, təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən məsələləri qaldırdılar.
Deputatlar 2023-cü ilin dövlət büdcəsini müstəqillik tariximizin ən böyük dövlət büdcəsi kimi  xarakterizə etdilər, büdcə layihəsində əvvəlki illərdə olduğu kimi, sosialyönümlü xərclərinin artırılmasını müsbət qiymətləndirdilər.Qeyd edildi ki, tarixdə ilk dəfədir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 30 milyard manatı keçib. 2023-cü ilin dövlət büdcəsi ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarında bərpa-quruculuq işlərinin aparılması, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə mexanizmlərini və imkanlarını özündə əks etdirir.
Gələn ilin dövlət büdcəsini dünyanın müasir çağırışları, qlobal kataklizmlər və ərzaq təhlükəsizliyi kontekstində dəyərləndirərək, onun bu çağırışlara adekvat cavab verildiyi diqqətə çatdırıldı. Həmçinin büdcə siyasətində iqtisadiyyatın, onun qeyri-neft sektoru, kənd təsərrüfatı kimi sahələrinin inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələri və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin əhəmiyyəti qeyd edildi.
Çıxış edənlər  səhiyyəyə, təhsilə, ailə institutunun qorunmasına, qadın və uşaqların müdafiəsinə ayrılan vəsaitlərin artırılmasını təqdir etməklə yanaşı, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, büdcə vəsaitlərinin nəticə yönümlüyünün yüksəldilməsi kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər, rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırdılar.
Bununla da 2023-cü ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin iki gün davam edən edən müzakirələri yekunlaşdı. Beləliklə,  parlament tarixində ilk dəfədir ki, çıxışa yazılmış deputatların hər biri müvafiq təkliflərini səsləndirdilər.
Geniş müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyuldu və qəbul edildi.
Parlamentin Sədrinin təklifi ilə  gündəliyin növbəti iki məsələsinin -  “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə aparılıb, səsvermə isə ayrı-ayrılıqda keçirildi.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müzakirəyə təqdim olunan qanun layihələri barədə fikirlərini açıqladı. Bildirdi ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi və rifah halının yaxşılaşdırılması ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas prioritetlərindəndir. Prezidentin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Növbəti ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisinin 46 faizə çatdırılması, o cümlədən son 5 ildə bu istiqamətdə ayrılan vəsaitin mütləq ifadədə 2 dəfə artırılması bunun əyani sübutudur. 
Nazir diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin gəlirlərindən  658 milyon manat və ya 12 faiz çoxdur. Gəlirlərin 76 faizi və ya 4 milyard 784 milyon manatı məcburi dövlət sosial sığorta daxilolmaları hesabına formalaşacaq. Bu isə cari ildən 422 milyon manat və ya 10 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2023-cü il üçün daxilolmalar 1 milyard 783 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 3 milyard manat proqnozlaşdırlır. Ümumilikdə 2022-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2023-cü il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 5 faiz və ya 88 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13 faiz və ya 334 milyon manat artacaq. 
 
Nazirdiqqətə çatdırdı ki, 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı da ilk dəfə olaraq bərabərləşdirilir və 246 manat məbləğində müəyyən edilir.
Qeyd edildi ki, bununla yanaşı, “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilərək, sığorta stajı  amnistiyasının müddətinin daha 3 il  uzadılması ilə bağlı layihə də büdcə zərfinə daxil edilib. 
Müzakirələrdə çıxış edən deputatlar qanun layihələri ilə bağlı fikirlərini, rəy və təkliflərini bildirdilər. Sonra  “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

XƏBƏRLƏR bölməsi