Ay yenidən fəth ediləcək

XƏBƏRLƏR
17 Noyabr
22:32

Kosmosa səyahətin ilk dayanacağı olan Aya səfər üçün ciddi rəqabət başlayıb. Artıq bir çox ölkələrin kosmik agentlikləri və özəl şirkətləri ora peyklərini yenidən qaytarmaq və Mars missiyası üçün dayanacaq nöqtəsinə çevirmək istəyirlər.  


Məsələn, kosmik tədqiqatlar məsələsində həmişə bir addım öndə olan ABŞ-ın NASA agentliyi iki uğursuz cəhddən sonra dünən SLS-Orion kosmik gəmisi vasitəsilə “Artemis – 1” meqa raketini Aya göndərməyi bacardı. Beləliklə, dünyanın ən mürəkkəb və ən güclü raket gəmisi olduğu düşünülən “Artemis-1” kosmik raketin astronavtları daşımağa hazır olub-olmadığını yoxlamaq üçün sınaq testlərinə start verildi. 
“Artemis-1”  Ayın ətrafında 25 gün dövr etdikdən sonra  Yerə qayıdacaq. Onun dekabrın 11-də Sakit okeana enməsi gözlənilir.  NASA-dan o da  bildirilib ki, hər şey planlaşdırıldığı kimi getsə, 1972-ci ildəki “Apollon – 17” missiyasından sonra ilk dəfə insanları Aya aparacaq “Artemis-3” missiyası 2025-ci ildə həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, SLS-Orion kosmik gəmisinin layihələndirilməsi, tikintisi, sınaq və yerüstü qurğuları NASA-ya indiyədək 37 milyard dollara başa gəlib.
NASA-nın yeni gəmisi, astronavtları ən tez 2025-ci ildə Aya geri göndərməyi hədəfləyir.

XƏBƏRLƏR bölməsi