“Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfrans

XƏBƏRLƏR
17 Noyabr
06:54

Noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə Bakıda “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfrans keçirilib.


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tolerantlıq ünvanı, multikultural dəyərlər ölkəsi olan Azərbaycanda 16 Noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirdə hər kəsi salamlayaraq konfransın məram və məqsədinin Allah-Təalanın təlqin etdiyi sülh, qarşılıqlı anlaşma ideallarına xidmətdən irəli gəldiyini bildirib. Qeyd olunub ki, müqəddəs kitabımız “Qurani-Kərim”də buyurulduğu kimi, uca Yaradanımızın lütfü olan müxtəlifliyimiz bizim bir-birimizi daha yaxından tanımağımıza xidmət edir. 
“Tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası Dialoq Forumu dünyada insan həmrəyliyinə xidmət edir. Bu məqamda Azərbaycanın istiqlalı, ümumən Qafqaz bölgəsi üçün böyük xidmətlər göstərmiş dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevi xatırlamalıyıq. Gələn il anadan olmasının yüz illiyi tamam olacaq ulu öndərimizin anım günləri ərəfəsində biz bu böyük insanın dövlətimiz, xalqımız üçün, milli-mənəvi dəyərlərimizin dirçəlişi üçün atdığı tarixi addımları böyük minnətdarlıqla yad edirik. Müstəqil dövlət olaraq Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” təbirinin müəllifi, ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq məfkurəsi sayəsində qoyulub. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev multikulturalizmi Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti kimi dəyərləndirdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində unikal fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir”, – deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb.  
Azərbaycanın Zəfərindən danışan şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin hər zaman olduğu kimi, 44 günlük müharibə dövründə də bir yerdə olduğunu, dünyaya səsimizi birgə ucaltdığımızı qeyd edib. 
Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb: “Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, müxtəlif məzhəb ardıcılları eyni məsciddə bərabər namaz qılırlar. Dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyin nadir nümunəsinə malik olmağımız mühüm dəyərdir. Bu dəyəri ümumbəşəri maraqlar naminə beynəlxalq müstəvidə təşviq etmək məramımız Azərbaycanı mədəniyyətlər, dinlərarası dialoqa dair qlobal beynəlxalq tədbirlərin ənənəvi ünvanı kimi tanıdır”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət səviyyəsində dəstəkləndiyini bildirib. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, tolerantlıq və multikulturalizm sahəsində Azərbaycan dünyaya nümunə olan ölkələrdəndir. Azərbaycanda tolerantlıq gününün yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdıran komitə sədri dünyada baş verən böhranlardan çıxış yollarının, mövcud problemlərin həllinin ancaq tolerantlıq və multikulturalizm sayəsində mümkünlüyünü diqqətə çatdırıb.  
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji xəttin Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin göstəricisidir. 
“Beynəlxalq tolerantlıq günündə bir araya gəlməyimiz əlamətdar hadisədir”, – deyən Stirlinq Fondunun prezidenti Edvard Rou bildirib ki, ABŞ-ın Yuta ştatı Azərbaycanla tolerantlıq və multikulturalizm ənənələrini birgə paylaşır. “Bizim ştatda 100-dən çox millətin nümayəndələri yaşayırlar. Bu konfrans Azərbaycan və Yuta ştatının bir-birinə daha da yaxınlaşmasına, müxtəlifliyimizə baxmayaraq ölkələrimiz arasında əlaqələrimizin daha da güclənməsinə rəvac verəcək”, – deyə Edvard Rou vurğulayıb. 

 

AZƏRTAC

XƏBƏRLƏR bölməsi