Faşizmin “Hess sifəti”

XƏBƏRLƏR
17 Noyabr
06:42

Faşizm – 100 


Yaşı bir əsri adlamış dünya faşizminin insanlığa yoluxması ilə bağlı müxtəlif fikirlər müzakirə olunmaqdadır. Onların hər birinin üzərində ayrıca dayanmağa, bəlkə də, ehtiyac yoxdur. Həm də ona görə ki, yekunda haqqında söz açılan mövzu bəşəriyyətin tərəqqisi yox, tənəzzülü ilə bağlıdır. 


Amma faşist ideologiyasının alt qatlarına diqqət yetirilməsi zəruridir. Çünki yaşadığımız XXI əsrdə də qəddarlıq elementləri ilə müşayiət edilən hadisə və proseslər yaşanmaqdadır. Uzağa getməyək: biz eməni faşizmindən əziyyət çəkmişik. Özü də çox ciddi şəkildə. Xocalı soyqırımı bu baxımdan xüsusi vurğulanmalıdır. Bəzən düşünürsən ki, bu qətliamı törədənləri dünyaya ana gətirməyib. Axı, insan şüuru vəhşiliyi norma kimi necə qəbul edə bilər? Necə ola bilər ki, bir insan digərinin həyatına qəsd etməkdən zövq alsın? Suallar çoxdur. Cavablar da həmçinin. Həmin cavablardan bəziləri faşizmə həm də insan psixikasındakı çatışmazlığın “məhsulu” kimi yanaşmağa imkan verir. Bu mənada, Böyük Britaniyada Henri Diks adlı hərbi psixiatrın aşkara çıxardığı qeydlər maraq doğurmaqdadır. H.Diks II Dünya Müharibəsi zamanı nasistlərin loru desək, beynində nə baş verdiyini öyrənmək baxımından maraqlı fikirlər irəli sürür. Həkimin necə deyərlər, pasiyenti, daha doğrusu, tədqiqat obyekti Adolf Hitlerin "vuran əllərindən" sayılan Rudolf Hessdir.
Beləliklə, H.Diks yağışlı bir yay günü – 1941-ci ilin iyunun 2-də "Mİ-5" ingilis kəşfiyyatının Böyük Britaniyanın Sarrey qraflığında yerləşən həbsxanasında Rudolf Hessi müayinə etməli imiş. Nasist Almaniyasında Adolf Hitlerdən və German Gerinqdən sonra üçüncü postu tutmuş bu adamla söhbətləşməyə gəlmiş həkimi ikinci mərtəbəyə qaldırıb möhkəm qorunan otağa salıblar. Hessin məntiqini və Hitlerə sədaqətinin mahiyyətini başa düşmək istəyən Diks düşünürdü ki, bu yolla bütövlükdə alman rəhbərliyinin nə istədiyini anlaya biləcək. Çünki alman komandanlığının nasist ideologiyasına sədaqəti kütləvi psixoz (dəlilik) kimi görünürdü.
Mətbuatda Hess inadkar kimi təsvir edilirdi. Dövrün fotolarında da çox vaxt Hitlerin yanında görünürdü. Amma bu illüziyalar tezliklə dağıldı – canlı Hess başqa təəssüratlar oyatdı. Hər halda, ona diqqət yetirmiş həkim belə düşünür. “İlk təəssüratım: O, şübhəsiz, şizofreniyalı psixopat tipidir. Qəzetdəki şəkillərindən fərqli olaraq, sifəti təqib olunmuş vəhşi heyvanın üzünə oxşayır. Elə bil, canavar, ya da meymundur. Halbuki, gəncliyində, ola bilər, yaraşıqlı olub”, – deyə Diks qeydlərində yazır. Həkimi təəccübləndirən daha bir məqam isə Hessin ingilislərdən heyranlıqla danışmasıdır. Baxmayaraq ki, hərbi üstünlük o vaxt Almaniyanın tərəfində idi, Diksin fikrincə, nasistlər ingilislərdən qorxurlarmış: “Onlar bizə həmişə həsəd aparıb, bizi təqlid etməyə çalışıblar – yaşayış tərzində, geyim-kecimdə, dəqiqlikdə və s. Onlar ən azı, qismən də olsa, qeyri-ixtiyari olaraq bizi sevirlər. Bizə çatmaq istəyirlər”.
H.Diksə görə, məhz ingilislərə rəğbət Hessi 1940-cı il mayın 10-da, guya, sülh sazişi bağlamaq üçün Şotlandiyaya, özü də təkcə uçmağa vadar edib (Hess Britaniyaya sülh sazişi bağlamaq üçün gəldiyini deyirmiş). Qeyd edək ki, Hitler vaxtilə Hessin səfərinin məqsədinin ona bəlli olmadığını bildirmişdi. Üstəlik, nasist partiyası tezliklə reyxsfürerin müavinini dəli də adlandırmışdı. Bəzi tarixçilər isə deyirlər ki, Hess Şotlandiyaya getməklə, əslində, SSRİ-yə hücum ərəfəsində iki cəbhədə vuruşmamaq üçün ingilislərlə saziş bağlamaq istəyən fürerin iradəsini yerinə yetirib.
Hessi dindirmək, müayinə etmək nasistlərin nəyə istinad etdiyini öyrənməyə, sərsəmliyin kökünü qazmağa imkan verirdi. “Elə bilirəm, məsələn, divanda uzanmış Hitlerin dediklərini başa düşmək bəziləri üçün olduqca vacib idi. Onda təsəvvür etmək olardı ki, o, özünü niyə məhz belə apara bilər”, – deyən Diks vurğulayır ki, Şotlandiyada həbs olunandan sonra Hess özündən çıxıb, məhbus rəftarına məruz qalmasından əsəbləşib, ölkəyə sülh elçisi olaraq gəldiyindən danışıb. Hələ tələb edib ki, onu Britaniya hökumətinin yüksək nümayəndələri ilə görüşdürsünlər. Maraqlıdır ki, ingilislər Hessin istəyini özlərinə məxsus şəkildə yerinə yetiriblər. Hökumət qiymətli bildiyi əsirlə “oynamağı” qərara alıb və 1941-ci il iyunun 10-da lord-kansler Con Simon onunla görüşüb. 
Həmin görüşdən qabaq Diks Hessin yüksək həyəcan içərisində olduğunu sezib. Həkim bu halı ingilislərin əhatəsində şüuraltı olaraq təhqir olunma hissi kimi dəyərləndirib. Lord Simon vitse-fürerin sülh təklifini rədd edəndən sonra, Diks qorxmağa başlayıb ki, “xəstə”nin davranışı nəzarətdən çıxa bilər. Narahatlığı, həqiqətən, təsdiqini tapıb. Belə ki, bir neçə gün sonra Hess Dikslə görüşmək istədiyini bildirib, sonra, guya, özü psixiatrın yanına gedərkən ayağını sındırıb. Əslində isə pilləkənin məhəccərindən atılıb özünə qəsd edib.
Müxtəlif zabitlərə dediyi fikirlərindən bəlli olur ki, Hessin təhtəlşüurunda İngiltərə meyli getdikcə daha qabarıq görünüb. Bu məqama Diks də diqqət yetirib: “Ola bilsin, bu, ingilis xəbərlərini bilmək və dövri mətbuatla tanış olmaq üçün ona imkan verilməsinə yönələn şüurlu qərarı idi. Ola bilər, istəyirdi ki, düşüncələrini mayor Foli və digər zabitlərlə müzakirə etsin. İşin belə gedişatı isə Hessin illüziyalarını axıra qədər öyrənməyə imkan verdi”.
Amma London Universitetinin müəllimi Cessika Reynişə görə, professor Diksin Hessi inandırması və Hitlerə sitayişdən uzaqlaşdırması o dövrün psixiatrı üçün gözlənilməz nikbinlikdir. Çünki həkim həmkarlarının bir çoxu mövcud istiqamətdəki əlverişli nəticəyə ümid bəsləmirdilər. Hətta, o dövrün akademik dairələrində yayılmış fikirlərdə belə, almanların mentalitetdə möhkəmlikləri, avtoritarlıqları və millətçilikləri qabardılırdı.
Diksin əvvəllər heç yerdə çap olunmayan qeydlərini üzə çıxaran Londondakı Berbek Kollecinin professoru Daniel Pik isə bu fikirdədir ki, britaniyalı həkimlər nasistlərin rəhbərlərinə şüursuz, fanatikcəsinə sitayişinə təsir göstərməyin daha geniş yollarına dair bilgi əldə etməyi həmişə düşünüblər. Amma bu barədə təqdiqatları təkcə ingilislər aparmayıblar. Psixiatrların Hessin müayinəsini reallaşdırdıqları dönəmdə ABŞ-ın xüsusi xidmət orqanları başqa psixoanalitikə Hitlerin beyninin tədqiqini tapşırıblarmış.
1942-ci ildə Hess öz əvvəlki məhbus statusu ilə Aberqaven hərbi hospitalına köçürülüb və müharibənin axırına qədər burada qalıb. Nürnberq prosesində Hess ömürlük həbs cəzasına məhkum olunub. Həmin vaxt çoxları belə hesab edirdi ki, psixi xəstə olan keçmiş vitse-fürerin səhhəti onun ittihamına yol vermir. Sonralar hətta baş nazir Uinston Çörçil də deyirdi ki, Hessin işi cinayət məcəlləsindən çox, tibbə aiddir. Diks də bunu təsdiqləyərək bildirir ki, Hessi görənlərin heç biri onun keçmiş qüdrətinə inanmırmış. “Görənlərin ona yazığı gəlirdi. Heç bir təhlükəsi yox idi. Həmişə hiss edirdik ki, həyatda ağır zərbə almış zavallı bir adamdır”.
Hess 1987-ci ildə həbsxanada dünyasını dəyişib. Ölümün səbəbinin özünəqəsd olduğu bildirilsə də, məsələ ətrafında müxtəlif fərziyyələr dolaşmaqdadır. Çox maraqlıdır ki, 97 yaşlı qocanı müttəfiqlərinin öldürdüyü də vurğulanır.


R.AMİN

XƏBƏRLƏR bölməsi