İrəvanın Soçi gözləntisi baş tutmadı

MÜSAHİBƏ
2 Noyabr
01:16

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Hər üç ölkənin liderləri görüşün nəticəsi olaraq Bəyanat imzalayıblar. Qlobal media Cənubi Qafqazın taleyinə real təsiri olan Soçi görüşünə böyük maraq göstərir. Bu mövzu ilə bağlı çox sayda müsahibələr, şərhlər və icmallar yayımlanır. 


Biz “Xalq qəzeti” olaraq bu aktual mövzunu diqqətdə saxlayırıq və ilk müsahibimiz tanınmış politoloq, professor Fikrət Sadıqovdur. 
– Fikrət müəllim, Soçi görüşü ilə bağlı ilkin qənaətiniz necədir?
– Soçi görüşündə keçirilən müzakirələr və imzalanan üçtərəfli Bəyanat birmənalı şəkildə Paşinyanın ümidlərini doğrultmadı. Çünki Paşinyan bu görüşdən çox şey gözləyirdi. O, bu barədə çox danışırdı, mətbuatda bəyanatlarla çıxış edirdi. Paşinyan sülhməramlıların orada 5–10, 15, hətta 20 ilə qədər qalması haqqında danışırdı. Ondan əvvəl isə “Vaşinqton planı” gündəmə çıxmışdı. Paşinyan Qərbdə bir cür, Rusiyada başqa cür danışır. Lakin Paşinyanın qərbyönlü mövqeyi, təbii ki, Moskvanı qıcıqlandırırdı. 
Soçi görüşü bir daha göstərdi ki, Paşinyan yenidən Moskvadan imdad diləyir, kömək gözləyir və Kremlə yaltaqlanır. O, başa düşür ki, belə bir vəziyyətdə ona yalnız Moskva kömək edə bilər. Paşinyan hətta Soçi görüşü ərəfəsində bəyanat vermişdi ki, guya Praqa razılaşması Rusiyanın mövqeyinə  zidd deyil. 
Paşinyan, sadəcə olaraq, Qərblə Rusiya arasında çapalayır. Eyni zamanda, dərk edir ki, Rusiya regionda real gücdür. O, başa düşür ki, Rusiyanın faktiki olaraq köməyi olmadan Ermənistan yenidən bataqlığa düşəcək. Onu, ilk növbədə öz hakimiyyəti düşündürür. O, nəyin bahasına olursa-olsun, hakimiyyətini qoruyub saxlamağa cəhd edir. 
Bəllidir ki, İrəvanda Paşinyanın özünə və siyasətinə qarşı kifayət qədər güclü klanlar və revanşist qüvvələr var. Paşinyan anlayır ki, Moskvanın köməyi olmadan o, bu təzyiqlər qarşısında duruş gətirə bilməz və hakimiyyətini də itirə bilər. 
– Sizcə, Azərbaycan Soçi görüşündən nə əldə etdi? 
– Əslində, rəsmi Bakının Soçidən elə bir böyük və əlahiddə gözləntiləri heç əvvəlcədən yox idi. Biz çoxdan özümüzün prinsipial mövqeyimizi gündəmə qoymuşduq və bunu ən yüksək səviyyədə dəfələrlə səsləndirmişik. 
Bəli, biz strateji mövqeyimizdən uzaqlaşmırıq və mövqeyimizi dəyişmirik. Eyni zamanda, Azərbaycan Soçidə öz prinsipial mövqeyini bir daha ortaya qoydu. Belə ki, Bakı Azərbaycan–Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdi. Azərbaycan qalan məsələlərin, o cümlədən, humanitar məsələlər blokunun təxirə salınmadan həllinə də hazırdır. Azərbaycan Soçidə konstruktiv mövqe nümayiş etdirdi. 
Fikir verin, üçtərəfli Bəyanatda nə Qarabağ ifadəsi, nə Qarabağda yaşayan etnik ermənilər, nə də ki, orada sülhməramlıların hansı müddətə qalması və yaxud qalmaması məsələsi qeyd olundu. Bu, əslində, bizim maraqlarımıza cavab verən məqamlardır. Bu, ona görə mümkün oldu ki, Azərbaycan və onun lideri öz ədalətli və prinsipial mövqeyində qalır. Bu, Azərbaycanın düşünülmüş, hücum xarakterli  diplomatik addımları sayəsində mümkün oldu. Ermənistan çox istərdi ki, qeyd etdiyim ifadələr rəsmi sənədə daxil edilsin və ermənilər bundan istifadə edərək sərhədlərimizdə yenidən təxribatlarla məşğul olsunlar. Onların niyyətləri gözlərində qaldı. 
– Soçi görüşü ərəfəsində Xankəndidə saxta, izdihamlı mitinq təşkil olundu. Sizcə, ermənilər bununla nəyə nail olmaq istəyirdilər? 
– Bilirsinizmi,  Xankəndidə mitinqlər, başqa tədbirlər, təbii ki, xarici qüvvələr tərəfindən təşkil olunmuşdu. Moskva da bunda maraqlı idi. Bu mitinqləri Moskvanın göstərişilə ordakı “sülhməramlılar” təşkil etmişdilər. Heç kəs üçün sirr deyil ki, Xankəndidəki əsas meydana adamları avtobuslarla gətirmişdilər. Ermənilərin mesajı məlumdur. “Yəni biz Azərbaycanın tərkibində yaşamaq istəmirik və yaşamayacağıq. Bizim statusla bağlı məsələmiz ayrıca müzakirə olunub həll edilməlidir”. 
Bütün bunlar siyasi oyunlardır. Burada incə bir məqam da var. Xankəndidə iştirak edən separatçılar Soçi görüşü ərəfəsində müəyyən dərəcədə Paşinyana kömək etmək istəyirdilər. Güman edirdilər ki, onların Qarabağın statusu ilə bağlı tələbləri, guya pozulan hüquqları və sairə Soçi görüşünün gündəminə düşməli və müvafiq sənədlərdə əks olunmalıdır. 
Amma separatçılar bu dəfə də yanıldılar və heç bir arzularına çatmadılar. Bəyanata separatçıların arzuladığı ifadələrin heç biri daxil edilmədi. Ermənistan və bütün dünya gördü ki, rəsmi Bakı öz haqlı və ədalətli mövqeyini tam müdafiə edərək onu axıradək qorumağa qadirdir. Qoy heç kəs unutmasın, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz, biz ona heç vaxt imkan da vermərik.  
– Fikrət müəllim, bu gün dünyada Qərb–Rusiya qarşıdurması barışmaz xarakter alıb. Bu, Qarabağda sülhün bərqərar olunmasına mane ola bilərmi? 
– Təbii ki, Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsi, bütövlükdə dünyadakı proseslərə, o cümlədən, Cənubi Qafqazdakı vəziyyətə az-çox dərəcədə  təsir göstərir. Reallıq budur ki, bizim regionda əsas aktor Rusiyadır. Qərb sözdə, açıq müzakirələr zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bizim beynəlxalq hüquqa söykənən mövqeyimizi, əsasən, dəstəkləyir. Amma real işdə, əməldə onların xalqımızın maraqlarına cavab verən heç bir konkret addımını görmürəm. 
Rəsmi Bakının mövqeyi birmənalıdır. Biz hesab edirik ki, artıq Qarabağ problemi həll olunub. Bunu Prezident İlham Əliyev həmkarı Vladimir Putinlə görüşündə də açıq şəkildə dedi. Ermənistan Cənubi Qafqazda yaranan reallıqlarla hesablaşmalı və sülh danışıqlarına maneçilik törətməməlidir. Bu, regiondakı bütün xalqların, eləcə də ermənilərin maraqlarına uyğundur. Ermənistan hakimiyyəti və siyasi elitası bu aydın həqiqəti, nəhayət, dərk etməlidir. 

 

Söhbəti qələmə aldılar:
M.HACIXANLI, E.ABBASOV, 
“Xalq qəzeti” 

MÜSAHİBƏ bölməsi