Kinomuzun gələcəyi nələri vəd edir?

MÜSAHİBƏ
28 Oktyabr
22:40

Milli kino sənətimizin inkişafına  dövlət qayğısı ildən-ilə artmaqdadır. Kino istehsalı və təbliği ilə bağlı qəbul edilən rəsmi sənədlər, gənc kadrların yetişdirilməsi, kino müəssisələrinin tədricən  dirçəldilməsi onu deməyə əsas verir ki,  bu sahədə illərdən bəri davam edən durğunluq artıq aktiv  fəaliyyətlə əvəz olunmaqdadır. Yubiley ərəfəsində kino istehsalı  sahəsində  tarixi   xidmətləri olan, 100 illik yubileyini  qeyd etməyə hazırlaşdığımız   C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovla  həmsöhbət olduq.


– Nazim müəllim, söhbətimizə rəhbərlik etdiyiniz qurumun keçdiyi tarixi yola   nəzər salmağınızla başlamaq  istərdik. 
– “Azərbaycanfilm” şərəfli tarixi yol keçib. Keçən əsrin 20-ci illərində “Şərq xalqları” küçəsi ilə (indiki Azadlıq prospekti) Birja küçəsinin (indiki Üzeyir Hacıbəyli küçəsi) kəsişdiyi yerdə “Renessans” restoranı, onunla bir cərgədə müxtəlif anbar binaları yerləşirmiş. Həmin restoran və anbar binaları Foto-Kino İdarəsinin ixtiyarına verilib. Binalar kino istehsalına uyğun şəkildə dəyişdirilib. Xaricdən avadanlıq gətirilib. 1923-cü il aprelin 28-də Azərbaycan Foto-Kino İdarəsi nəzdində Birinci Dövlət Kinofabrikinin açılış mərasimi keçirilib. “Azərbaycanfilm” kinostudiyasının tarixi də məhz həmin hadisə ilə başlayır. İlk çəkilən bədii film  “Qız qalası”dır. Qeyd edim ki, bu 100 il ərzində kinostudiyanın adı müxtəlif dövrlərdə dəyişib. İlk fəaliyyətə başlayanda “Birinci Dövlət Kinofabriki” adlanırdısa, sonrakı illərdə “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası” adlanıb. Nəhayət, 1958-ci ildən “Azərbaycanfilm” adı  altında  fəaliyyət göstərir. 1960-cı ildən etibarən isə kinostudiya Cəfər Cabbarlının adını daşıyır.
– Məlumdur ki, kinostudiyada    kifayət qədər keyfiyyətli filmlər istehsal edilib.  Sizcə, şöhrəti özünə qaytarmaq, gənc nəslin milli filmlərə marağını artırmaq mümkün olacaqmı? 
– Kinostudiyanın elə dövrləri olub ki, burada 1500-ə yaxın işçi çalışıb. Hazırda isə 60 işçimiz  var. Əgər keçmişlə müqayisə ediriksə, birinci fərqimiz bundadır. Həm də  o vaxt  SSRİ dövrü idi. Filmlərin prokatı  üçün geniş məkan mövcud idi. İndi həmin imkanlar, demək olar ki,  yoxdur. Deməli, bunun  üçün yeni məkanlar tapmalıyıq.
– Bu yaxınlarda  Prezident  İlham Əliyevin fərmanı ilə  Azərbaycan  Kino Agentliyi  yaradılıb. Bu  struktur özündə  hansı  yenilikləri ehtiva edir? 
– Fərmana görə, “Azərbaycanfilm” kinostudiyası da daxil olmaqla, Mədəniyyət  Nazirliyi tabeliyindəki kino qurumları həmin agentliyin nəzdində fəaliyyətlərini davam etdirəcəklər. Bu, çoxdan  gözlənilən bir fərman idi.  Belə bir  qurumun yaranması, əslində, kino sahəsində yeni bir mərhələnin başlanması deməkdir. Ölkədəki kino strukturu köklü şəkildə dəyişəcək. Növbəti mərhələdə, kino qanunvericiliyinin yenilənməsi nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, hazırda qüvvədə olan “Kinematoqrafiya haqqında”  Qanun 1998-ci ildə qəbul  edilmişdi. Digər sferalarda olduğu kimi, kino mühitində də inkişaf davam  edir. Mən, Azərbaycan kinosunun yeni mərhələyə qədər qoyacağına inanıram.
– Kinostudiyada maddi-texniki baza günün tələblərinə cavab verirmi? Son vaxtlar  hansı yeni  filmlər istehsal olunmuşdur?
– Əbəs yerə demədim ki, kinostudiya bütün dövrlərdə, hətta müharibə və pandemiya şəraitində fəaliyyət göstərib. Biz elə pandemiya vaxtı istehsalatda baş vermiş fasilədən istifadə edib, kinostudiyanın maddi-texniki bazasını yeniləmişik. Mədəniyyət Nazirliyinin dəstəyi ilə müasir kino avadanlıqları alındı. Son dəfə kinostudiyada maddi-texniki baza 1980-ci illərdə yenilənmişdi. Müasir dövrdə filmlərin istehsalı zamanı icarə avadanlıqlardan istifadə olunurdu.
Bu  ildən etibarən kinostudiyada bir çox sənədli filmin istehsalı davam etdirilib. Əvvəlcə, “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsindən danışaq. Bu silsilənin ilk 5 seriyası 2021-ci ildə təhvil verilib və İTV-də  nümayiş olunub. Növbəti 5 film isə bu il göstərilib. Hazırda daha 2 film çəkilir.  
Şərti adı “ANAMA” olan digər bir filmimiz isə işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar minaaxtaranların həyatından bəhs edir. 
Digər bir filmimiz  “Mehmandarovlar”dır. Bu məşhur nəsildən bəhs edən bədii-sənədli filmin rejissoru əməkdar incəsənət xadimi Yavər Rzayevdir. “Bəstəkar Fikrət Əmirov” sənədli filminin artıq montaj mərhələsi başlayıb. Film   böyük sənətkarın 100  illik yubileyinə həsr edilir.
Biz bu il Qarabağ mövzusunda tammetrajlı bədii film ssenarisi üzrə  müsabiqə elan etmişdik. Müsabiqənin 3 qalibi var: Mirsadıq Ağazadənin “Supəri”, Türkan Hüseynin “Axırıncı palata” və Nicat Dadaşovun “Zirzəmi” ssenariləri. Əlbəttə, nəzərdə tutmuşuq ki, ən qısa müddətdə hər üç filmi kinostudyanın istehsal planına daxil edək. Amma bilirsiniz, bədii film çəkmək böyük büdcə tələb edir. Bu büdcəni isə hazırkı vəziyyətdə əldə etmək çətindir. Amma planlar var. Güman ki, bu il istehsala başlaya biləcəyik.
– Dediiyimiz kimi, kinostudiyanın 100 yaşı tamam olacaq. Bununla bağlı hansı tədbirlər nəzərdə tutulur?
– Yubiley hazırlıqlarına artıq bu ilin avqust ayından başlamışıq. Əvvəlcə loqomuzu, korporativ stilimizi  yenilədik. Yeni saytımız üzərində iş yekunlaşmaq üzrədir. Sosial şəbəkələrdə aktivləşmişik, müasir dövrün gənclərini yeni nəsli həm klassik filmlərimizdən xəbərdar edirik, həm yenilikləri onlara çatdırırıq. Beynəlxalq festivallarda iştirak etməyi planlaşdırırıq. Bir ay əvvəl biz ölkədə fəaliyyət göstərən kino təşkilatları – ittifaqlar və gildiyalarla görüş təşkil etmişik. Bir sözlə, yubileyimizi kinomuzun adına layiq keçirməyi planlaşdırırıq.

 

Qələmə aldı: 
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

MÜSAHİBƏ bölməsi