Qələmi süngüyə çevirən şair

MÜSAHİBƏ
12 Oktyabr
04:43

Şairlər müharibəni sevməz, təbliğ etməzlər. Amma işğal edilmiş torpaqların geri alınması, Vətənin bütövlüyü uğrunda başlanan savaşda şairlərin də səfərbər olması, müsəlləh əsgərə çevrilməsi normaldır. Necə ki, Prezident təqaüdçüsü olan yazar Emin Piri silaha sarılaraq 44 günlük zəfər yürüşünə qoşulub. “Hərbi xidmətdə fərqlənməyə görə” və “Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Müsahibim deyir ki, burada məsələ təkcə şair yanaşması deyil, həm də bir insan kimi haqq savaşında, haqq mübarizəsində iştirak etməkdir. Qarabağ müharibəsi isə haqq işi idi. İşğala məruz qalmış, evi dağıdılmış, qaçqın düşmüş yüz minlərlə insanın haqlarını bərpa edən savaşın adı Vətən müharibəsi idi.

Birinci Qarabağ müharibəsində Azərbaycan şeirində Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutür­kün, Məməd Arazın, Zəlimxan Yaqu­bun, Sabir Rüstəmxanlının, Ələmdar Quluzadənin və başqalarının poezi­yasında Azərbaycan əsgərinin real portreti canlandırılıb. Eminin Vətən müharibəsindən əvvəl də Qarabağ sa­vaşı haqqında gözəl şeirləri olub. “Sü­kutlu səngər”, “Ayağım özümdən qeyrətli çıxdı”, “Sağ qalan varmı?” şeirlərində döyüşçünün yaşadığı işğal ağrıları və həqiqətləri poetik ifadəsini tapır.

"Tanrının kölgəsi" və "Sağ qalan var­mı?!"... Eminin bu kitablarını vərəqlədim. Adından tutmuş içindəki bütün şeirlərə qədər özündə mübhəm bir sirri, işarəni ehtiva edən bu kitablar Eminin özünü, obrazını, xarakterini dəqiq tamamlayır.

Günlərdir danışmırıq. bilirəm, narahatsan, ana. Bəlkə gecələri ağlayıb, şəklimlə ovunursan, ana. Səni Füzulidən eşidirəm, səni Cəbrayıldan görürəm, sənə Şuşadan əl yelləyirəm, ana.

Emin Pirinin şeirlərindəki dəyər müharibənin az sözlə bütöv obrazını yarada bilməsindədir. O, müharibədə güllələr önündə də arxa cəbhədən niga­ranlığını, körpələrin gözlərindəki qüssəni, kədəri baxışlarından silə bilmədi.

Ərazisində heç bir döyüşün getmədiyi, amma müharibənin, erməni zalımlığının qurbanına çevrilən Gəncə, Bərdə, Tərtərdə ölən uşaqlar onun yu­xusunu ərşə çəkdi.

Emin Piri ilə görüşümüzdə ona bir neçə sual ünvanladım.

– Siz təkcə qələminizlə deyil, həm də döyüş meydanında silaha sarı­laraq haqqın yanında oldunuz. Şair haqq savaşında nə vaxt rahatlıq tapır, yazanda, yoxsa necə?

– Düzdür, şair, ilk növbədə, qələmi ilə haqqın yanında olur. Amma yeri gələndə həm də silahla haqqı bərqərar etmək üçün savaşır. Rahatlıq tapmağa gəldikdə isə hüququ pozulmuş insanların haq­qını yavaş-yavaş geri aldıqca döyüşçü mənəvi dinclik tapır. Mən qələm adamı kimi Vətən savaşında bunları yaşadım. Müharibə zamanı apardığım qeydlərsə yığcam idi. Desəm mən hər dəfə oturub nələrisə uzun-uzadı qeyd dəftərçəmə köçürürdüm, yalan olar. Lakin buna baxmayaraq, hər zaman dəftərçəm və qələmim yanımda idi. Əgər hər hansı bir kitablıq hadisə baş verirdisə, mən onun yaddaşımda qalması üçün, bir cümlə ilə qeyd edirdim ki, sonra daha əhatəli işləyə bilim. Misal üçün, dəftərçəmdə bir qeydim var: "Xocalı kəndlərindəyik". İndi mən o cümləni oxuyanda həmin an nə hisslər keçirdiyimi, nələri düşündüyümü xatırlayıram. Yəni həmin o cümlə mənim üçün növbəti ədəbi mətnin açarıdır. Axı müharibədə rahat oturub hər hansı hadisəni, duyğunu, düşüncəni baş ver­miş hadisəni bir-bir vərəqə köçürüməyə macal olmur.

– Müharibə zamanı silah qələmi yaşadır, sülh zamanı isə əksinə, qələm silahı öldürür. Qələm və silahın tandemində dünəni və bu günü bir tarix müəllimi kimi necə xarakterizə edərdiniz?

–Biz ilk deyilik. Azərbayanda qələm və silahın vəhdətinə dair bir çox nümunələr var. Buna istər Qazi Bürhanəddini, istərsə də Azərbaycan Səfəvilər Dövlətinin banisi, gəlib-keçmiş qüdrətli hökmdarlardan biri olan Şah İsmayıl Xətaini misal çəkə bilərik. Şah İsmayıl həm gözəl şeirlər müəllifi, həm ədəbiyyatın hamisi, eyni zamanda da qüdrətli sərkərdə kimi tanınır.

Dünya ədəbiyyatında belə nümunələr çoxdur. Misal üçün Viktor Hüqo Fransa – Prusiya müharibəsində xalqın yanında olub. Yaxud, Ernest He­minquey İspaniyada sağçılara qarşı döyüşüb. Türkiyənin istiqlal savaşında bir çox böyük şair və yazıçılar ordu­nun yanında olaraq ya döyüşüb, ya da qələmləri ilə dəstək olublar. Şairin işi, yenə qeyd edirəm, vicdanını dinləyərək haqq savaşının yanında olmaqdır.

– Adətən, müharibədən sonra yeni ədəbi nümünələr ərsəyə gəlir. Belə demək mümkündürsə, şai­rin işi müharibədən sonra başlayır. Son işləriniz haqqında, qısa da olsa, məlumat verin.

– Bilirsiniz, müharibənin hər anı bir şeirdir, bir kitabdır. Bir gün ərzində baş vermiş hadisələrdən bir neçə roman yaza bilərsən. Yazılası mövzu çoxdur. Məsələn, mənim üçün bir döyüşcü və şair kimi Füzuli – Xocavənd səddinin yarılması önəmli yaddaş faktıdır. Canlı şahidi və bilavasitə iştirakçısıyam.

Qaldı ki, müharibədən qayıtdıqdan sonraya, bir neçə şeir və esse yazmışam. Belə baxıram ki, bir ömür boyu yazılacaq mövzularım var. Mətbuatda müharibə mövzusunda ədəbi numunələrim dərc olunur. Az qala dövri mətbuatda iki ki­tablıq müharibə gündəliyim çap olunub. Müharibədən sonra da bizim savaşımız davam edir. Bir növ sənət müstəvisində döyüşürük. Həm müharibə salnaməsini qələmə alırıq, həm də davanın bədii, psixoloji tərəfinə işıq salırıq.

Əgər lazım gələrsə, yenə tərəddüd etmədən qələmi silaha dəyişməyə ha­zıram.

Fuad CƏFƏRLİ,

“Xalq qəzeti”

MÜSAHİBƏ bölməsi